Accessibility links

Qubad İbadoğlu: Dollar ucuzlaşırsa qiymətlər niyə bahalaşır?


Supermarketlər

Supermarketlər

İqtisad elmləri doktoru, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu ölkənin aparıcı ticarət mərkəzlərinin hökumətə vergi güzəştləri ilə bağlı müraciətini tənqid edib.

Yerli media son günlər çoxsaylı şəbəkələri ilə tanınan bir sıra ticarət mərkəzlərində yoxlamaların başlandığı barədə məlumatlar yayıb. Yoxlamalar supermarketlərin vergi güzəştləri barədə müraciətləri ilə eyni vaxta təsadüf edir.

Ekspertin Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Supermarket sahiblərinin Azərbaycan İqtisadiyyat Nazirliyinə müraciəti, dövlət orqanlarının ona reaksiyası və bu ətrafda gedən proseslər göstərdi ki, sahibkarlar qarşılaşdığı çətinlikləri ya bilərəkdən və ya bilməyərəkdən düzgün təqdim etmirlər. Eyni zamanda onların müraciətində əgər vergi güzəştləri verilməzsə qiymətləri qaldırmaq və işçiləri ixtisar etmək məcburiyyətində qalacaqları fikri də obyektiv deyildir. Çünki, qiymətlər kifayət qədər bahalaşıb, işçilər də mümkün qədər ixtisar olunub. Ola bilər ki, qiymətləri pərakəndə satışla məşğul olan mağazalar deyil, topdansatış şirkətləri bahalaşdırıb. Bu ayrıca araşdırma tələb edən vacib məsələdir.

Amma məsələ burasındadır ki, adı müraciətdə yer alan supermaketlərin bəziləri həm də bir sıra məhsulların idxalı ilə də məşğul olur. Bu halda hesab etmirəm ki, vergi güzəştləri alan supermarket sahibləri qiymətləri ucuzlaşdırıb, işçiləri artıracaqlar. Çünki böyük ticarət şəbəkələrinin ziyanla işləməsi yalnlz vergilərin yüksək olması ilə əlaqədar deyildir. Çox uzaq olmayan zamanlarda gömrükdə inhisarçılığın yığışdırılması və qeyri- rəsmi ödənişlərin azalması heç də qiymətlərin ucuzlaşmasını şərtləndirmədi, əksinə idxal qiymətləri daha da bahalaşdı. Eyni zamanda manatln ucuzlaşmasını əsas götürüb qiyməti bahalaşdıranlar, nədən manat bahalaşanda qiymətləri endimirlər.

Deməli bu müraciətin arxasında başqa məqsədlər dayanır. Əvvala hesab edirəm ki, böyük ticarət şəbəkələrinin birlikdə müraciəti həm də güc nümayişidir. Necə ola bilər ki, bir-birlərinə rəqib olanlar qısa zamanda birləşmək və mövqe ifadə etmək fikrinə düşdülər. Fikrimcə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə birgə müraciətində əsas məqsəd həm dövlət orqanlarına və həm də istehlakçılara "biz qiymətləri bir daha bahalaşdırmaq məcburiyyətindəyik" mesajını çatdırmaqdır.

Amma hesab edirəm ki, hətta onlar hər iki istəklərinə (həm vergi güzəştinə və həm də qiymət bahalaşmasına) nail olduğu halda da mövcud böhranlı vəziyyətdən çıxa bilməyəcəkdir. Çünki indiki halda həm Mərkəzi Bankın buxovlayıcı monetar və həm də Maliyyə Nazirliyinin məhdudlaşdırıcı fiskal siyasəti nəticəsində alıcılıq qabliyyəti kəskin aşağı düşüb. Ölçüsündən asılı olmadan bütün ticarət şəbəkələrinin əsas problemi budur. Bu problem də yalnış iqtisadi və sosial siyasətin nəticəsində yaranıb və bu siyasət davamlı olarsa, o halda özünün dağıdıcı effekti ilə milli iqtisadiyyatı və xüsusilə də yerli biznesi daha açınacaqlı vəziyyətə sala bilər.

Belə olan halda istehlakçılar nəinki qiymət bahalaşması, eyni zamanda istehlak mallarının keyfiyyətinin pisləşməsi və qıtlığının yaranması ilə də qarşılaşa bilərik. Ona görə də hesab edirəm ki, hökümət bu maraciəti diqqətə götürüb, vəziyyəti dərindən öyrənməli və bir-biri ilə əlaqələndirilmiş ciddi qərarlar qəbul etməlidir. Həmin qərarların konseptual əsaslarını Azərbaycan Demokratiya və Rifah Hərəkatının "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"ndə təqdim etsək də reallaşması ləngiyir. Belə şəraitdə islahatların effekti həm də vaxt amilindən asıldır. Nə qədər yubansaq, bir o qədər də xərclərimiz artacaq və çox itirəcəyik.

XS
SM
MD
LG