Accessibility links

İqtisadçı alim Nazirlər Kabinetinin iclasında səslənən fikirlərə münasibət bildirib


Qubad İbadoğlu

Qubad İbadoğlu

Prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin iclası çoxsaylı suallara cavab vermək əvəzinə yeni suallar yaratdı. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevın çıxışına münasibət bildirərkən yazıb.

Onun fikrincə, çıxışlar ölkədəki makroiqtisadi vəziyyətə həsr olunmalı idi.

“Bunun əvəzinə sənaye və kənd təsərrüfatındakı müsbət artımı ifadə edən göstəricilər səsləndi. Cari ilin 9 ayının yekununu xarakterizə edən ümumi daxili məhsula (ÜDM) belə istinad olunmadı, onun tənəzzülündən danışılmadı, dollarla ifadə olunan nominal ÜDM-in nədən 2014-cü ildə qeydə alınan 75 milyarddan bu ilin sonuna 35 milyard dollara enməsinin hesabı belə sorulmadı. Qeyri-neft ÜDM-nin sürətlə enişinin fəsadları da dəyərləndirilmədi”, İbadoğlu yazıb.

İqtisadçı diqqəti o fakta yönəldir ki, müşavirədə nə baş nazir, nə iqtisadiyyat, maliyyə nazirləri çıxış etməyib, hətta son zamanlar imzalanan fərman və sərəncamları da təqdir etməyiblər.

“Görünür, onlar da bilirlər ki, sistemsiz və əlaqəsiz atılan addımlar səmərə vermir. Hətta, Mərkəzi Bankın sədri manatdan da danişmadı ki, investorlar və istehlakçıların gözləntiləri doğrulsun, onlar suallarına cavab tapsınlar. Elə bil ki, elə manat belə də olmalıymış və bu anormal iqtisadi proses heç kimi narahat etmir”, iqtisad elmləri doktoru qeyd edir.

O yazır ki, iclasda ancaq kənd təsərrüfatında ənənəvi təsərrüfatçılıq formalarının bərpasından, heyvandarlığın inkişafından və turistlərin ölkəyə cəlb edilməsindən danışılıb.

“Bir sözlə, əsas məsələ ölkəyə valyuta gətirmək və ölkədən valyuta getməsinə yol verməməkdir. Ancaq heç kəs demədi ki, bu, çıxış yolu deyil və tezliklə bu məqsədlərə nail olmaq mümkün deyil. Ölkənin gələcəyi bilik iqtisadiyyatına keçiddən, innovasiyayönlü məhsul istehsalının təşkilindən, yəni təhsilin, elmin inkişafından və texnologiyaların səmərəli tətbiqindən asılıdır. Ənənəvi təsərrüfatçılığın bərpası ilə biz irəli gedə bilmərik, ən yaxşı halda geriyə - ötən əsrin 60-80-ci illərinə qayıdarıq”, İbadoğlu bildirib.

XS
SM
MD
LG