Accessibility links

Qubad İbadoğlu: Azərbaycan hökumətinə islahat deyəndə qiymət artımı başa düşür


İqtisad elmləri doktoru Qubad İbadoğlu son qiymət artımının doğuracağı fəsadlarla bağlı məqalə yazıb. Onun Facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik.

"Tarif Şurasının yanaşması differensial deyil"

Dünyada “Black Friday” qiymət endirimlərinin davam etdiyi günlərdə Azərbaycanda elektrik enerjisi, təbii qazın tariflərinin qaldırılması nə qədər təzadlı görsənsə də ölkədə böyük bahalaşmaya start verilib. Odur ki, budəfəki yazımda enerji tariflərinin differensiallaşdırılmasına münasibət bildirmək istərdim.

Əslində Tarif Şurasının differensial yanaşması və optimal qiymət siyasəti həm iqtisadi və həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir.

Əvvəla, Tarif Şurasının yanaşması differensial deyil, ikili tarif yanaşmasıdır. Differensiallıq çox sayda müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə və gündüz, iqtisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökumət (hazırda havanın işıqlanması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir. Digər tərəfdən isə Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat/saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burada təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətinin ağırlaşmasının qarşısını almaqdır. Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta, məcburi köçkünlər üçün adambaşına norma yay aylarında 100 kilovat, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovat müəyyən edilib. (Yeri gəlmişkən onu da qeyd edim ki, 2017-ci ilin büdcəsindən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi üçün ayrılacaq vəsait bu il üçün olandan 47,1 milyon manat və ya 21 faiz az proqnozlaşdırılıb.

"Türkmənistanda hər ay adambaşına 35 kilovat elektrik enerjisi pulsuz verilir"

Bu isə o deməkdir ki, gələn il məcburi köçkünlər üçün kommunal və digər xidmət haqları (elektrik enerjisi, təbii qaz, içməli su) güzəştləri də ləğv edilə və ya azaldıla bilər). Məcburi köçkünlər üçün uzun illərdir ki, tətbiq olunan normanı əsas götürərək Tarif Şurası elektrik enerjisinin tarif fərqləndirilməsi zamanı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi. Azərbaycanda orta statistik ailənin 4,5 nəfər olduğunu nəzərə alanda aylıq norma belə differensiallaşdırılmalı idi: 1 nəfərlik ailə üçün 250 kilovat, 2 nəfərlik ailə üçün 300 kilovat, 3 nəfərlik ailə üçün 450 kilovat, 4 nəfərlik ailə üçün 600 kilovat, nəhayət 5 və ondan çox üzvləri olan ailə üçün 750 kilovat. Müqayisə üçün qeyd edim ki, Qırğızıstanda üzvlərinin sayından asılı olmayaraq 1 ailə üçün minimal tarif ayda 700 kilovatdır, Türkmənistanda hər ay adambaşına 35 kilovat, 1 ailə üçün minimal olaraq 100 kilovat elektrik enerjisi pulsuz verilir. Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir.


"Fikrimcə, Tarif Şurasının son qərarı aşağıdakı fəsadlara səbəb olacaq".

1) Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslinə ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq.

2) Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə borclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasına konfliktlər yaradacaq.

3) Əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qab yuyan, paltar yuyan və qurudan və s. ) və elektron (televizor, radio, kompüter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərrüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək.

4) İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılıqlı təsirlərdən və xərclərin artmasında qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerji və qaz sərfiyyatı yüksək olan çörək bişirmə, qənnadı, emal, polad əritmə və digər müəssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdıracaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutmuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq.

5) Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq.

Asiya İnkişaf Bankının islahat tələbi

Yekun olaraq onu da qeyd etmək istərdim ki, elektrik enerjisinin qiymətinin bahalaşdırılması Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti arasında imzalanan 1 milyard dollar məbləğində investisiya proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri hesab oluna bilər. Çünki, anlaşma memorandumunda müvafiq qurumlar qarşısına enerji bölməsində islahatların aparılması tələbi qoyulub. Azərbaycan hökumətinə isə islahat deyəndə yalnız qiymət artımını başa düşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG