Accessibility links

Qüdrət Həsənquliyev: Repressiv metodlarla inkişafı geriyə atmağın vaxtı keçib [Audio]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

BAXCP partiyaların maliyyələşdirilməsi barədə qanunu və aksiyalara görə cərimələrin artırılması təklifini kəskin tənqid edib. “Bu metodla etirazların qarşısını almaq mümkün deyil”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Milli Məclisin siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı “Siyasi partiyalar haqqında” qanuna etdiyi dəyişiklik əksər siyasi partiyaları qane etmir.

BAXCP sədri Qüdrət Həsənquliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:06:35 0:00
Direct link

“İlk növbədə ayrılan vəsait çox kiçik rəqəmdir və bunu yalnız bələdiyyələrə ayrılan vəsaitlə müqayisə etmək olar. Ayrılan vəsait bir çox hallarda bələdiyyələrin özlərinə də gedib çatmır. Burada söhbət 200-300 manatdan gedir. Bu vəsait vasitəsi ilə də dövlət orqanları bələdiyyələrin işinə müdaxilə edir. Onları aylarla yoxlayırlar. Çox təəssüf ki, əksər siyasi partiyalara da bələdiyyələrə ayrılan vəsaitə oxşar vəsait ayrılıb”, o qeyd edib.

Deputat hesab edir ki, qanun yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyasını maliyyə ilə təmin etməyə yönəlib.

“Mən parlamentdə də təklif etdim ki, bu sənədin adını “Yeni Azərbaycan Partiyasının maliyyələşdirilməsi haqqında” qanun qoyun. Ümumilikdə siyasi partiyaların maliyyələşdirilməsi üçün 2 milyon manat ayrılıb. Vəsaitin 10 faizi, yəni 200 min manatı 3 faiz səs toplayıb parlamentə düşməyən partiyalara çatmalıdır. Belə partiya isə yoxdur. Yerdə qalan 1 milyon 800 min manatın 1 milyona yaxını YAP-a ayrılıb. Qalan vəsait isə 11 partiya arasında bölünür. Vergi və pensiya fonduna ödəmələrdən sonra ən yaxşı halda hər partiyaya 4000-4500 manat düşür. Bu isə Bakı şəhərində normal bir ofisin icarəsinə belə çatmır”, Həsənquliyev etiraz edib.

O hesab edir ki, qanun ən azı blokları əhatə etməli idi.

“Heç olmazsa 3 faiz səs toplayan bloklara vəsait ayrılmalı idi. İndi blokda təmsil olunan bir partiya parlamentdə təmsil olunub, digər partiyalar təmsil olunmayıb. Amma, bu partiyalar seçkilərə birgə gedib” .

Partiya sədri həmçinin icazəsiz aksiyalarda iştirakla bağlı cərimələrin yüz dəfədən çox artırılmasını nəzərdə tutan “Sərbəst toplaşmaq haqqında qanuna dəyişikliklər haqqında” qanun layihəsinin gündəliyə gətirilməsini qəbuledilməz sayır.

“Birincisi Bakı şəhər meriyası insanlara konstitusiyada təsbit olunmuş sərbəst toplaşmaq azadlığını reallaşdırmağa imkan vermir. İnsanlar xəbərdar edir ki, yürüş keçirmək istəyir. Meriya cavab verir ki, yürüş məqsədəuyğun deyil, hansısa yerdə mitinq keçirin. Bu hüququ meriyanın haradan mənimsəməsi məlum deyil”.

Deputat hesab edir ki, meriya vətəndaşların konstitusiya hüququnun hansı əsaslandırma ilə məhdudlaşdırılmasına baxmayaraq hüquqi məsuliyyət daşıyır.

“Məlumatıma görə, bu qanun layihəsinin gündəliyə gəlməsinə sonuncu dəfə Təhsil Nazirliyi qarşısında bir neçə ekstremist dindarın polisə qarşı güc tətbiq etməsi səbəb olub. Amma, mənə elə gəlir ki, bir neçə ekstremistə görə digər insanları ağır maliyyə sanksiyası ilə üz-üzə qoymaq olmaz. Ən azı, qanun layihəsində paralel olaraq meriyaya da vəzifə səlahiyyətlərini aşdığı, qanunvericiliyi və vətəndaşların konstitusiya hüququnu pozduğuna görə ağır sanksiyaların tətbiq olunması əksini tapmalıdır”.

Onun fikrincə, repressiv metodlarla vətəndaşlara qarşı olmaq iqtidarlara xeyir gətirməyib və bu metodla etirazların qarşısını almaq mümkün deyil.

“Bu 21-ci əsrdə ümumiyyətlə mümkün deyil. Məsələn, ilk veb səhifənin yaranmasından 20 il keçir. Sosial şəbəkələr, mobil rabitə və sairə informasiyaları saniyə ərzində dünyanın istənilən nöqtəsinə çatdırır. Cəmiyyət sürətlə dəyişdiyi bir vaxtda idarəetməni 20 il bundan öncəki metodda saxlamaq olmaz. Cəmiyyət dəyişirsə idarəetmə də dəyişməlidir, islahatlar labüddür. Repressiv metodlarla inkişafı geriyə atmağın vaxtı keçib”, partiya sədri bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG