Accessibility links

Britaniya taxtında brilyant yubileyini qeyd edən kraliça Yelizaveta yüksək zövqü və şahənə üslubu ilə tanınır

Britaniya kraliçası İkinci Yelizaveta brilyant yubileyini qeyd etdiyi zaman moda ekspertləri diqqəti onun 60 il taxtda yüksək stilinə çəkir. 27 yaşında Britaniya taxtına sahib olmuş İkinci Yelizaveta dünyanın ən yüksək zövqə malik eleqant liderləri kimi bir imic yaratmışdır. Britaniya şahzadəsi Dayana kimi moda dünyasında dəbli monarxinya kimi tanınmasa da, kraliça Yelizaveta özünəməxsus bir stil yarada bilmişdir.

1953-cü ildə iyunun 2-də taxta çıxdığı gün İkinci Yelizavetanın geydiyi donun hazırlanması 16 ay sürmüşdür. Geyimin hər bir detalının hazırlanması üçün dizaynerlər və ekspertlər Britaniya kraliçalarının tac qoyma mərasimi tarixini diqqətlə öyrənmişlər. İkinci Yelizavetanın geydiyi ağ atlas don ziynət əşyalarının göz qamaşdırıcı parıltısı qarşısında sönük görünməməli və gənc kraliçanı şahənə göstərməli idi.

Tac qoyma mərasimi üçün kraliçanın ayaqqabılarını isə fransız dizayner Roje Viviyer dizayn etmişdi. Daş-qaşla bəzədilmiş ayaqqabının üzərindəki süsən çiçəyi gənc şahzadənin taxta çıxmağa hazır kraliça səviyyəsinə çatdığını nümayiş etdirmək üçün dizayn edilmişdi.

Taxta çıxdığı 60 il ərzində əlahəzrət karaliça bir neçə Britaniya dizaynerinin istedadını sınaqdan keçirmişdir. Onun geyimlərini hazırlayan dizaynerlər kraliçanın hər detala diqqətlə yanaşmasını qeyd edərək, “biz onu geyindirmirik, o özü-özünü geyindirir, biz sadəcə onu geyimlə təmin edirik” deyirdilər.

Kraçila İkinci Yelizaveta geyimlərinin eleqant və rahat olmasına diqqət verməklə yanaşı, onların rənglərini də diqqətlə seçirdi. Bu baxımdan moda ekspertləri onun əsas qarderobun başlıca rəngləri sayılan qara və bej deyil, açıq sarı və yaşıl, çəhrayı rənglərin müxtəlif çalarlarından məharətlə istifadə etdiyini xüsusi qeyd edirlər.

Ümumi görünüşün əsas cəhəti isə ekspertlərin göstərdiyi kimi palto və şlyapanın bir-birinə uyğun olmasıdır. Şlyapa və baş örtüyü İkinci Yelizavetanın ansamblının olduqca mühüm bir hissəsini təşkil edir. Kraliçanın hansı şlyapanı nə zaman və hansı havada geyəcəyini əvvəlcədən müəyyən etmək bir qədər çətindir. Digər tərəfdən isə dizaynerlər mətbuatın və moda tənqidçilərinin nə söyləyəcəyinə görə özlərini müəyyən qədər təzyiq altında olduğu kimi hiss edir.

Kraliça İkinci Yelizaveta saray geyimi ilə yanaşı, ingilis “çöl geyimləri”ni də sevir. Moda ekspertləri onun rəngli baş örtüklərini, tvid pencəkləri və uzunboğaz çəkmələrini burada xüsusi qeyd edir.

Müasir dövrün ən dəbli xanımlarından biri adını qazanmış şahzadə Dayana və hazırda şahzadə Vilyamın xanımı Kempbric qrafinyası Keyt Middltondan fərqli olaraq kraliça Yelizaveta Britaniya monarx ailəsinin geyim ənənələrinə hər zaman sadiq qalıb.

Britaniya taxtının vəliəhdi şahzadə Çarlzla ailə quran Dayananın geyim tərzi tədricən dəyişərək, onun statusuna uyğun olan monarx ailəsinə məxsus mühafizəkar stildən müasir eleqant bir səviyyəyə çatmışdı. Dünyanın tanınmış dizaynerləri Dayana üçün geyimlər hazırlayaraq, onun əynində görmək istəyiblər.

Dayananın qlamur görünüşü fonunda bəzən İkinci Yelizavetanın geyim tərzinin darıxdıcığı olduğu haqda fikirlər səslənmişdi. Lakin kraliça Yelizaveta şahənə üslubu ilə moda dünyasının aparıcı dizaynerlərini ruhlandıraraq, modaya öz təsirini göstərə bilmişdir. 2008-ci ildə Dolce and Gabbana moda evinin kolleksiyası məhz İkinci Yelizavetanın mühafizəkar, lakin nüfuzlu üslubundan təsirlənmişdir.

60 il Britaniya taxtına sahib olan kraliça Yelizaveta aparılmış son sorğulara görə britaniyalılar arasında hələ də çox sevilir. Kraliçanın ölkənin bütün siyasətçilərindən daha populyar olmasının sirrini Britaniya monarx ailəsinin bioqrafları onun hər zaman nə deyəcəyini əvvəlcədən dəfələrlə düşündüyü və olduqca diqqətli olması ilə izah edə bilərlər. Lakin 86 yaşlı kraliça İkinci Yelizavetanın moda ikonası adını qazanması şübhəsiz onun şahənə eleqant stili ilə bağlıdır. Bir sözlə, kraliça həmişə dəbdədir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG