Accessibility links

Qulamhüseyn Əlibəyli: İnsanların incidilməsi pik həddinə çatıb [Audio]


Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli

“Müxalifət vahid namizəd deyil, seçki mühiti uğrunda mübarizə aparmalıdır. Cəmiyyətdəki narazılıqlardan istifadə edib siyasi fəallığı yüksəldilmək lazımdır”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Azərbaycandakı mövcud siyasi mühit azad, demokratik və şəffaf seçki keçirməyə imkan vermir.


“İlk növbədə cəmiyyət daxilində demokratik seçki mühitinin formalaşdırılması istiqamətində işlər aparılmalıdır. Təbii ki, hakimiyyətin bu istiqamətdə müəyyən üstünlükləri var. Hakimiyyət zora arxalandığı üçün cəmiyyətdə siyasi münasibətləri formalaşdırır və öz istədiyi kimi saxlamağa çalışır. Cəmiyyətin müqavimət gücü də xeyli zəifləyib”.

Onun fikrincə, insan hüquqlarının, media azadlığının pozulması, jurnalistlərə qarşı təzyiqlər, onların həbs edilməsi, sərbəst toplaşmaq azadlığına qadağa qoyulması, məmur özbaşınalığı, son dövrlər xüsusilə mülkiyyət hüquqlarının pozulması, bir sözlə insanların nahaq yerdən incidilməsi, bunlar artıq pik həddinə gəlib çatıb. “Korrupsiyalaşmış cəmiyyətdə artıq kütləvi narazılıq elementləri var. Bu narazılıq elementləri yatmış vəziyyətdədir. Müxalifət çalışmalıdır ki, narazılıq elementlərindən maksimum istifadə edib cəmiyyətdə siyasi fəallığı yüksəltsin. Seçki prosesinin başlanmasına bir ildən artıq vaxt qalır. Bu vaxtadək müxalifət çalışmalıdır ki, seçki mühitini maksimum dərəcədə dəyişməyə nail olsun”.

Partiya liderinin fikrincə, seçki mühitinin dəyişməsi üçün ilk öncə cəmiyyətdə seçkilərə inam yaranmalıdır. “Azərbaycan insanında indiyədək səsinin nəticəsini görmədiyi üçün seçkiyə inamsızlıq var. İkincisi,seçki qanunvericiliyində kifayət qədər islahat aparılmalıdır. İslahatlar o dərəcədə olmalıdır ki, seçkilərin nəticələrinin müəyyənləşdirilməsi seçki komissiyalarından asılı olmasın”.

O hazırda müxalifət düşərgəsində “vahid namizəd” uğrunda mübarizənin əleyhinədir. “Müxalifət öncə seçki mühitinin dəyişməsinə nail olmalıdır. Hazırkı seçki mühitində kimin prezidentliyə vahid namizəd olmasının heç bir dəyəri yoxdur. Çünki, demokratik seçki mühiti olmasa, namizədin kimliyinin də əhəmiyyəti yoxdur. Bunun üçün birinci olaraq müxalifət daxili çarpışmalarını kənara qoymalıdır. Təbii ki, müxalifət indi dağınıqdır, parçalanıb. Amma, indiki halda belə, sanki müxalifətin əsas işi mediada bir-birinə qarşı mübarizə aparmaqdır. Müxalifət bundan uzaqlaşmalı və gücünü xalq arasında təbliğata yönəltməlidir”.

Qualmhüseyn Əlibəyli 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd olacağını bildirib.
XS
SM
MD
LG