Accessibility links

ABŞ hökuməti Quran nüsxələrini yandırmağı planlaşdıran pastoru fikrindən daşındırmağa çalışır


Prezident Obama pastorun planının Əfqanıstan kimi yerlərdə Amerika əsgərlərini təhlükəyə məruz qoyacağını bildirib

ABŞ Prezidenti Barak Obama bildirib ki, amerikalı pastorun Quran nüsxələrini sentyabrın 11-də kilsənin həyətində yandırmaq planı əl-Qaidənin öz sıralarına yeni adamlar cəlb etmək üçün yeni vasitə ola bilər. Ağ Ev rəsmiləri isə bildiriblər ki, onlar pastoru planını dəyişməsi üçün onunla birbaşa əlaqə yarada bilərlər.

Bu gün ABŞ-ın ABC televiziya şəbəkəsində yayımlanan müsahibədə prezident Obama pastorun planının Əfqanıstan kimi yerlərdə Amerika əsgərlərini təhlükəyə məruz qoyacağını bildirib. Prezident planı dağıdıcı akt adlandırıb. O eyni zamanda qeyd edib ki, ABŞ-da bu kimi qeyri-populyar aktları müdafiə edən qanunlar da mövcuddur.

Əfqanıstanda yüksək rütbəli hərbi komandan və NATO-nun başçısı daxil olmaqla, hərbi liderlər məsələyə dair xəbərdarlıq ediblər.

Pastor Teri Cons USA Today qəzetinə bildirib ki, o, Ağ Evdən, Dövlət Departamentindən və ya Pentaqondan telefon zəngi qəbul edərsə, planı barədə bir daha düşünəcək. Lakin o, hələ ki, belə zənglərin olmadığını bildirib. Kilsənin 50 üzvünə rəhbərlik edən amerikalı pastor Terri Cons bildirib ki, onun İslamın müqəddəs simvolunu yandırmaq niyyəti radikal İslama yönəlib.

XS
SM
MD
LG