Accessibility links

Oqtay Əsədov: Quranı Azərbaycan dilində də oxumaq lazımdır


Milli Məclisin sədri Oqtay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədov

Milli Məclisin sədri din xadimlərini tədbirlərdə Quranı Azərbaycan dilində oxumağa çağırıb

Azərbaycan Milli Məclisinin (parlament) sədri Oqtay Əsədov Milli Məclisin bu günkü plenar iclasında din xadimlərini tədbirlərdə Quranı Azərbaycan dilində də oxumağa çağırıb.

Əvvəlcə deputat Gövhər Baxşəliyeva dövlət-din münasibətlərini müzakirə etməyi təklif edib. Xüsusən, o, din xadimlərinin hazırlıq səviyyəsini yaxşılaşdırmağa çağırıb.

Daha sonra spiker Oqtay Əsədov bildirib ki, dini tədbirlərdə Quranı azərbaycan dilində də oxumaq lazımdır. Bu məsələ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olacaq.

“Bizim din xadimlərimiz Qurandan duaları ərəbcə təbliğ edirlər ki, bunu da heç kim başa düşmür və formal xarakter daşıyır”, deyə Əsədov bildirib.

“Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Yavaş-yavaş bu fikrə də baxmaq lazımdır ki, əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamı başa düşsün”, deyə spiker bildirib.

Öz növbəsində Bakıdakı “Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Turan agentliyinə spikeri Oqtay Əsədovun “Quran”ın azərbaycan dilində oxunması haqda bəyanatını şərh edərkən bildirib ki, “Quran-i-Kərim”in ərəb dilində oxunması vacibdir, çünki bu kitab ərəb dilində nazil olub.

O, “Quran”ın ərəb dilində oxunmasına əsas kimi onun insan hisslərinə təsir etməsini göstərib. Din xadimi həm də ərəb dilində oxunan ayə və surələrin anlaşılması üçün azərbaycan dilinə tərcümə və təfsirini də vacib sayıb.

“Burada elə bir problem yoxdur ki, bunu etmək olmasın, amma hər şey həm “Quran”a, həm də insanlarımıza ehtiram çərçivəsində olsa daha yaxşı olar”, deyə din xadimi qeyd edib.
XS
SM
MD
LG