Accessibility links

Rabitə Nazirliyinin 10-dan artıq vəzifəli şəxsi həbs edilib


Həbs

Həbs

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN)yoxlamalar aparıb.

APA agentliyinin əldə etdiyi məlumata görə, nazirlikdə həyata keçirilən yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generalları” da yaxından iştirak edib, bu qanunsuz əməllər çox vaxt onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsinə külli miqdarda ziyan dəyib.

Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı bütün sənədləşmə işləri dayandırılıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, “Aztelekom” İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var.

Eyni zamanda nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib.

Həbs edilənlər 1 Saylı Bakı İstintaq Təcridxanasında saxlanılırlar.

XS
SM
MD
LG