Accessibility links

Human Rights Watch: Azərbaycan hökuməti öhdəliklərini yerinə yetirmir

  • Əsgər Möhsümoğlu

Human Rights Watch: Azərbaycan hökuməti öhdəliklərini yerinə yetirmir

Human Rights Watch: Azərbaycan hökuməti öhdəliklərini yerinə yetirmir

Human Rights Watch Təşkilatının Orta Asiya və Avropa bölməsinin əvəzləyici direktoru Rachel Denber Amerikanın Səsinə müsahibədə jurnalist Eynulla Fətullayevin həbsi və ümumən son günlərdə Azərbaycanda müxalifət tərəfdarlarının təqib olunmasını şərh edib

Sual: Aprelin 20-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında beş insan haqları təşkilatı məhbus jurnalist Eynulla Fətullayevin müdafiəsi üçün aksiya keçirəcək. Sizin təşkilatınızın cənab Fətullayevin davamlı həbsi barədə mövqeyi nədir?

Cavab: Human Rights Watch hesab edir ki, Eynulla Fətullayev dərhal azad olunmalıdır. Biz əminik ki, o, siyasi səbəblər üzündən həbsdə saxlanılır. Biz Azərbaycan hökumətinin Avropa İnsan haqları Məhkəməsinin cənab Fətullayevi azad etmək barədə göstərişinə məhəl qoymamasından şok olmuşuq. Biz əminik ki, o, hakimiyyəti tənqid edən yazılarına görə həbsdə saxlanılır. Biz inanırıq ki, ona qarşı terrora təhrik etmək ittihamları tamamilə cəfəng idi. Daha sonra həbsdə olarkən üzərində narkotika gəzdirmək barədə ona qarşı irəli sürülən ittiham da açıq-aşkar saxtadır.

Sual: Ötən həftəsonu Azərbaycan polisi müxalifətin Bakıda nümayiş keçirmək cəhdinin qarşısını aldı. Onlarla adam saxlanıldı, onların arasında həbsə məhkum edilənlər də var. Sizin təşkilatınız ölkədəki situasiyanı izləyirmi?

Cavab: Əlbəttə, biz izləyirik. Biz bütün Yaxın Şərqi bürümüş etiraz dalğasından ilhamlanan nümayişləri martın əvvəlindən izləyirik. Biz həm martda, həm də son həftələrdə nümayişlərdə iştirak edənlərin arbitrar şəkildə həbs olunmalarını və vəkilə çıxış hüququndan məhrum edilmələrini sənədləşdirmişik. Belə görünür ki, hökumət sərbəst toplaşma hüququna hörmət edilməsi barədə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə qətidir.

Sual: Saxlanılanlar sırasında iki isveçli jurnalist də olub ki, sonradan onlar ölkədən deportasiya ediliblər. Çox nadir hallarda Azərbaycan xarici jurnalistləri ölkədən qovur. Sizcə, bu, Azərbaycanın siyasi trayektoriyası haqda nə deyir?

Cavab: Fikrimcə, bu, hökumət üçün çox pisdir. Öz vətəndaşlarına sərbəst toplaşmağa imkan verməməyin, onları toplaşma məkanına çatmazdan əvvəl saxlamağın özü kifayət qədər pisdir. Üstəlik Azərbaycana gəlmək üçün etibarlı vizaları olan isveçli jurnalistləri ölkədən qovmaqla hökumət dünyanın yerdə qalan hissəsinə meydan oxuyur.

Sual: Sizin təşkilatınız Azərbaycanda nələrin baş verməsini arzulayardı?

Cavab: Biz sadəcə istərdik ki, Azərbaycan hökuməti öz öhdəliklərini yerinə yetirsin – həmin öhdəlikləri ki, bu hökumət könüllü şəkildə öz üzərinə götürüb. Sərbəst toplaşma hüquqlarından istifadə etmiş şəxsləri dərhal azad etsin. Eynulla Fətullayevi azad etsin. Jurnalistlərin işlərinə müdaxilə etmədən onlara işləməyə imkan versin. Bunlar hökumətin asanlıqla edə biləcəyi işlərdir.

XS
SM
MD
LG