Accessibility links

“Həbslər REAL-ı respublikaçılıq dəyərləri uğrunda mübarizədən çəkindirməyəcək” [Video]


REAL-da mətbuat konfransı

REAL-da mətbuat konfransı

REAL Hərəkatı Natiq Cəfərlinin həbsi ilə bağlı mətbuat konfransı keçirib

Demokratlar məğlub olmur. Natiq Cəfərlinin həbsi gücü artmaqda olan siyasi təşkilata qarşı siyasi təzyiqdir. Bu bizi qorxutmur. REAL respublika dəyərləri, qanunun aliliyi, demokratiya və dünyəvilik uğrunda mübarizəsindən geri çəkilməyəcək. Bu gün REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsi ilə bağlı bu qurumun qərargahında keçirilən mətbuat konfransındakı çıxışların əsas leytmotivi belə olub.

​Mətbuat konfransında REAL Hərəkatının fəalları, Milli Şuranın sədri Cəmil Həsənli, D18 Hərəkatının rəhbəri Ruslan İzzətli, ictimai xadimlər, QHT rəhbərləri iştirak edib.

REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib ki, həbslər REAL-ı zəiflədə bilməz.

“REAL-ln sədri İlqar Məmmədov artıq 4 ildir həbsdədir. İdarə Heyətinin üzvü Rəsul Cəfərov bu yaxınlarda həbsdən buraxılıb. İndi isə Natiq Cəfərli həbs edilib. REAL bu həbslər dövründə daha da möhkəmlənib, üzvlərinin sayı artıb. REAL referendumda Təşəbbüs Qrupu yaratmaq üçün imza toplayıb qediyyatdan keçib. İndi 45 minlik imza vərəqlərini alıb. Natiq Cəfərlinin həbsi insanların REAL-ın ətrafında daha sıx cəmləşməsinə təkan verəcək”, o qeyd edib.

İlqar Məmmədov və Natiq Cəfərli

İlqar Məmmədov və Natiq Cəfərli

Qədirli deyib ki, o avqustun 12-də axşam saat 22-yədək Natiq Cəfərli ilə birgə olub.

“Onu qanuna zidd olaraq gecə vaxtı saxlayıblar, sonra qanunsuz olaraq gecə prokurorluqda dindiriblər. Evində gecə saatlarında qanunsuz olaraq axtarış aparıblar. Kompüterini və həyat yoldaşının ziynət əşyalarını götürüblər. Nəsimi rayon Məhkəməsi də gecə saatlarında qanunsuz olaraq Cəfərlinin həbsi ilə bağlı qərar çıxarıb”, o qeyd edib.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Cəfərlinin həbsinin sifarişi yüksək dövlət vəzifəli şəxsdən gəlib.

“Belə olmasa idi, istintaq orqanı, məhkəmə qanunvericliyi pozaraq gecə saatlarında işləməzdi”, o qeyd edib.

REAL-ın İdarə Heyətinin üzvü Altay Göyüşov hesab edir ki, REAL-ın uğrunda mübarizə apardığı dəyərlər nəhayətdə qalib gələcək.

İlqar Məmmədov və Natiq Cəfərli

İlqar Məmmədov və Natiq Cəfərli

“Biz bilirik ki, qarşımızdakı rejim zorludur. Hətta bilirik ki, yaxın və orta perspektivdə qələbə də olmaya bilər. Amma, tarixi bir misal da var- Cavad xan Gəncəni rus ordusundan müdafiə edəndə ideyalarının qalib gələcəyinə inanırdı. Biz İbrahimxəlil xan (19-cu əsrin əvvəlində Qarabağ xanı olub-red) olmaq istəmirik, yolumuz Cavad xan yoludur”, tarix elmləri doktoru Göyüşov qeyd edib.

REAL Hərəkatı Natiq Cəfərlinin həbsi ilə bağlı bəyanat da yayıb.

“Natiq Cəfərlinin həbsi bu ölkədə bir neçə ildir davam edən siyasi repressiyaların dayanmadığını əyani şəkildə sübut edir. Bu nöqteyi-nəzərdən onun həbsi demokratiya və insan haqlarını özünün maraq və priroriteti sayan ABŞ və Avropa Birliyi ölkələrinin bu dəyərlərə həqiqətən də sadiqliyi məsələsini imtahan qarşısında qoyur. Yaranmış şəraitdə onlar bəyan etdikləri dəyərlərə həqiqətən də sadiq olduqlarını yalnız insan haqlarını pozanlara, demokratiyanı boğanlara sanksiyalar tətbiq etməklə sübut edə bilər”, sənəddə qeyd edilir.

REAL bəyan edir ki, Cəfərliyə qarşı irəli sürülmüş ittihamlar tamamilə əsassızdır və siyasi motivlidir.

“O dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG