Accessibility links

Rafiq Əliyev: Mənim sarayların hörmətinə yox, xalqın hörmətinə ehtiyacım var


Rafiq Əliyev: Mənim sarayların hörmətinə yox, xalqın hörmətinə ehtiyacım var

Rafiq Əliyev: Mənim sarayların hörmətinə yox, xalqın hörmətinə ehtiyacım var

O, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Təbriz Universitetinin, Corciya Dövlət Universitetinin , Siegen Universitetinin, Yaxın Doğu Universitetinin professorudur.

Ziyalılar Forumunun təsisçilərindən olan, professor Rafiq Əliyev Amerikanın Səsi radiosuna müsahibə verib. Müsahibədə cənab Əliyev elmi və ictimai fəaliyyətindən danışıb.

Rafiq Əliyev 1942-ci il fevralın 10-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. O 1975-ci ildən texnika elmləri doktoru, professordur. 1989-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Cənab Əliyev 1983-cü ildə keçmiş SSRİ-nin elm və texnika üzrə dövlət mükafatını alıb. 1992-ci ildən Təbriz Universitetinin, 1999-cu ildən Corciya Dövlət Universitetinin (ABŞ), 2000-ci ildən Siegen Universitetinin (Almaniya), 2003-cü ildən Yaxın Doğu Universitetinin (Şimali Kipr) professorudur.

Rafiq Əliyev çoxsaylı elmi nailiyyətləri var: çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması, intellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969), stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976), çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980), ALİ1, ALİ2 və ALİ3 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986), qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984), qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986), ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987), qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993), agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997), qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997), genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998), qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001, qeyri-səlis zaman sıraları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması (2002), ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması, dinamik sistemlərin dayanıqlığının Zadə - Əliyev tərifi və meyarının təklif olunması (2003-2007).

Cənab Əliyev ümumilikdə informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompütingə həsr olunmuş 70-ə yaxın kitabın , 350-dən çox elmi məqalənin müəllifidir.

Sual: Fevralın 10-da Rafiq Əliyevin 70 yaşı tamam olur. Ad gününüzü təbrik edirəm. 70 ili necə yaşayıbsınız?

Cavab: Deyə bilmərəm ki, mənim həyat trayektoriyam optimal olub. Ancaq, qazanclarım da çox olub, bəzi itkilərim də olub. Düşünürəm ki, balansda yaşamışam, Yəni, nə qədər qazanmışam, o qədər də itirmişəm. Ən böyük itkim Qarabağ itkisi olub.

Çalışmışam ki, ən birincisi təmiz adım və təmiz ailəm olsun. Bu çox vacibdir. İkincisi çalışmışam ki, cəmiyyətin saflığı üçün əlimdən gələn nə isə edə bilim. Bir də elmdə azdan-çoxdan nə isə etmək istəmişəm. Buna isə tarix qiymət verə bilər, mən bir şey deyə bilmərəm.

Sual: Sovetlər dövründə çoxsaylı mükafatlara layiq görülmüş elmi nəzəriyyəniz olub. Sizin elmi nəzəriyyənizin hazırda dünya elmində, dünya iqtisadiyyatında tətbiqi varmı? Azərbaycanda necə, nəzəriyyələrinizdən istifadə edilirmi?

Cavab: Dünyanın müxtəlif yerlərində bu nəzəriyyənin tətbiqi var. Bizim qeyri-səlis məntiq əsasında yeni məntiqlər təklif etmişəm. Bu məntiqlər mənim soy adımın birinci üç hərfi ilə “ALİ1”, “ALİ2”, “ALİ3” adlanır. Bu nəzəriyyə Rusiyada kosmik obyektlərdə tətbiq olunur. Bizim qeyri səlis məntiq əsasında yaratdığımız ekspert sistemlər dünyanın müxtəlif yerlərində, Kanadada, Amerikada, Rusiyada, Almaniyada geniş tətbiq olunub.

O ki, qaldı Azərbaycana, burada Sovetlər dövründə bu nəzəriyyələrin bəziləri neftayırma və metallurgiya sənayesində tətbiq olunmuşdu. İndi isə tətbiq sahəsi olmadığından tətbiq edilmir.

Sual: Rafiq müəllim ziyalı kimi 70 ili necə yaşayıb? Bu gün sizin səviyyədə olan alimlərin 70 illik yubileyləri saraylarda keçirilir. Sizin yubileyiniz dövlət səviyyəsində qeyd edilirmi?

Cavab: Mən sizi inandırım. Bax, sizinlə bu kiçik auditoriyada oturmuşuq, - burada mənim səmimiyyətimə inanın, yüzdə-yüz inanın, - bu mənim üçün ən böyük saraydır. Mən öz xalqımın azad adamları ilə birgəyəm. Bu gün “Azadlıq” qəzeti də bildirib ki, fevralın 10-da müxbiri bütün gün mənimlə birgə olub reportaj hazırlayacaq, bundan böyük saray ola bilməz. Bu mənim üçün kifayətdir. Mənim sarayların hörmətinə yox, xalqın hörmətinə ehtiyacım var.

Sual: 70 yaşlı Rafiq müəllim Ziyalılar Forumunda ölkədə qorxu sindromunun aradan qaldırılması, insanların inamının artırılması uğrunda mübarizə aparır. Bu mübarizənin siyasi gələcəyini necə qiymətləndirirsiniz?

Cavab: Bəzi savadı olmayan, təsadüfi adamlar var, deyir ki, Ziyalılar Forumu qeyri qanuni qurumdur. Burada heç bir qurum yoxdur. Bu ancaq forumdur. Yəni, hər kəs gəlib iştirak edib sözünü deyə bilər. Təxminən Rim klubuna bənzəyir. Bunun heç bir siyasi iddiası yoxdur. Yalnız bir məqsədi var, ictimai fikrə düzgün istiqamətdə təsir etmək və ictimai fikrin vektorunu düz istiqamətdə, yəni demokratiya və ədalət istiqamətində yönəldə bilsin. Məqsəd budur. Ziyalılar Forumunun sıraları gün-gündən genişlənir, xalqın içərisində bir rəğbət var. Ziyalılar Forumu artıq ictimai fikrə müəyyən təsir edir və gələcəkdə daha çox təsir edəcək. Düşünürəm ki, gələcəkdə kataklizmlər olmaması üçün Ziyalılar Forumunun fikrinə daha çox ehtiyac olacaq.

Sual: 70 yaşın zirvəsindən Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqına sözünüz?

Cavab: Ədalət uğrunda, demokratik cəmiyyət uğrunda çalışmaq lazımdır. Ən böyük arzum budur ki, mənim xalqım azad, firəvan və gözəl bir cəmiyyətdə yaşasın.

XS
SM
MD
LG