Accessibility links

Müxalifət fəalının həbsdə olan oğlunun səhhətində problem yaranıb


Rafiq Daşdəmirov

Rafiq Daşdəmirov

Müxalifətdə olan Xalq Cəbhəsi Partiyası (AXCP) təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli Kürdəxanı təcridxanasında saxlanılan oğlu Sənan Daşdəmirlinin sağlamlıq durumunun ağır olduğunu bildirib.

O Amerikanın Səsinə bildirib ki, insan haqları müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarına, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudova, ombudsman Elmira Suleymanovaya müraciət edir və oğlu Sənanın vəziyyəti ilə maraqlanmalarını xahiş edir.

R.Daşdəmirlinin sözlərinə görə, oğlu təcili müalicə olunmasa, vəziyyəti daha da ağırlaşacaq.

“Sənanın sağlıq durumu cox ağırdır. Qan təzyiqi yüksəkdir. Təzyiq gözlərində ağır problem yaradıb. Bir gözünün tutulmaq təhlükəsi yaranıb, o biri gözünün də vəziyyəti ağırlaşıb. Ürək ağrıları artıb. Ayaqlarında revmatizm yaranıb, ağrıdan yeriməyə çətinlik çəkir. Təcili müalicə olunmasa xəstəliklər onu üzəcək. Vəziyyəti çox kritikdir. Onu bu qədər incitmək nəyə lazımdır? İnsan haqları ilə məşğul olan QHT-lərə, ombudsman aparatına, Elçin Behbudova müraciət edirəm ki, oğlum Sənanla maraqlansınlar, ona yardımçı olsunlar”.

Öz növbəsində vəkil Azər Nağıyev Amerikanın Səsinə bildirib ki, Sənan Daşdəmirlinin təzyiqi yüksəkdir və bədənində səpkilər yaranıb.

Vəkil Sənan Daşdəmirli ilə bağlı narkoloji ekspertizanın rəyinin açıqlandığını da bildirib.

”Narkoloji eksperiza müəyyən edib ki, Sənan Daşdəmirli narkotik istifadəçisi deyil və narkomaniya xəstəliyindən əziyyət çəkmir”, o qeyd edib.

Penitensiar Xidmət hələ Sənan Daşdəmirlinin səhhəti ilə bağlı sorğumuza cavab verməyib.

Sənan Daşdəmirli noyabrın 17-də yaşadığı evin qarşısında həbs olunub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan Sənanın narkotik satdığı üçün saxlandığı bildirlir.

Rafiq Daşdəmirli oğlununn həbsini sifariş hesab edir. “Oğlum siyasətlə məşğul olmur. Onun həbsi mənim siyasi fəaliyyətimlə bağlıdır”, o qeyd edib.

XS
SM
MD
LG