Accessibility links

Media Hüququ İnstitutu: Yazıçı Rafiq Tağının amansız qətli ifadə azadlığını sarsıdan ən ağır yaradır


Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)

Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)

Yazıçının qətlindən bir il keçməsinə baxmayaraq qatillər hələ də tapılmayıb.

Media Hüququ İnstitutu hökumətə jurnalistlərin, yazarların bütün qətl hallarını, eləcə də zorakılıq aktlarını və onların ünvanına yönələn fiziki hədələrin təhqiqatını aparmaq öhdəliyini xatırladır, Rafiq Tağının qatillərinin ən qısa zamanda tapılmasını təmin edən addımlar atmağa çağırır. MHİ eyni zamanda qətli araşdıran hüquq mühafizə qurumlarını istintaqın məxfiliyinə xələl gətirməyən bilgiləri ictimaiyyətlə bölüşməyə, hesabat verməyə dəvət edir. Bu barədə Media Hüququ İnstitutunun bəyanatında deyilir.

Noyabrın 23-də yazıçı Rafiq Tağının qətlinin bir ili tamam olur. İndiyədək istintaq orqanları qətlin icraçıları və sifarişçilərini tapmayıb.

“Yazıçı Rafiq Tağının 1 il öncə amansız qətli Azərbaycanda ifadə azadlığını sarsıdan ən ağır yaralardan biri oldu. Media Hüququ İnstitutu (MHİ) qatillərin hələ də tapılıb ədalət mühakiməsinə verilməməsindən, bu cinayət olayının araşdırması ilə bağlı hər şeyin toplumdan qapalı tutulmasından dərin təəssüfünü bildirir”, sənəddə qeyd edilir.

MHİ həmçinin bildirir ki, 2005-ci ildə öldürülmüş jurnalist Elmar Hüseynovun qatillərinin hələ də azadlıqda qalmasının, jurnalistlərə qarşı çoxsaylı ağır cinayətlərin səmərəli araşdırılmamasının ardınca azad sözə, diskussiyalar və tənqid azadlığına növbəti qorxulu çağırış olan bu ağır cinayət olayının da araşdırılmasında irəliləyişlərin olmaması cinayəti araşdıran qurumların fəaliyyətinin effektivliyinə ciddi narahatlıqlar yaradır.

“Ictimai məzmunlu kəskin yazıları ilə tanınan, bu yazılarına görə bir vaxtlar hökumətin mübahisəli ittihamları ilə ağır cinayət cəzası alan Rafiq Tağı 19 noyabr 2011-ci il tarixdə kimliyi bilinməyən şəxslər tərəfindən bıcaqlanmış, 4 gün sonra müalicə aldığı xəstəxanada gözlənilmədən vəfat etmişdi. Mərhum yazarın qətlə yetirilməsinin araşdırılması ilə bağlı ciddi ictimai narahatlıq var. Onun yaxınları, vəkilləri istintaqın obyektivliyini, hərtərəfli araşdırmaların aparılmasını şübhə altına alan bəyanatlar veriblər. Yazıçının öldürülməsiylə bağlı çoxsaylı suallara indi bu ölümün araşdırılmasıyla bağlı çoxlu suallar əlavə olunmuşdur. Qətlin istintaqını hüquq mühafizə qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə xüsusi qrup apardığı bəyan olunub”.

Mərhum yazarın qətlini paralel olaraq ictimai təhqiqat qrupu da araşdırıb. Qrupun araşdırmalarına görə, hadisə baş verən ərazidə 20-dən çox müşahidə, təhlükəsizlik kameraları quraşdırılıb. Rəsmi istintaq qrupla əməkdaşlıqdan imtina etdiyi üçün həmin kameralardakı görüntülərlə tanışlıq mümkün olmayıb. Bəzi kameralardakı görüntülər ümumiyyətlə unudulub, rəsmi istintaq ictimai təhqiqat qrupunun açıqlamalarından sonra həmin görüntülərlə tanış olub.
XS
SM
MD
LG