Accessibility links

Şimali Koreyanın növbəti raket sınağı uğursuzluqla nəticələnib


Cənubi Koreya Şimali Koreyanın keçirdiyi raket sınağının uğursuzluqla nəticələndiyini bildirib.

Cənubi Koreyanın Birgə Hərbi Qərargahlar idarəsinin açıqladığı bəyanatda raketin bazar ertəsi liman şəhəri olan Ounsandan göndərildiyi deyilir.

Rəsmilər raketin növü haqda məlumat verməsə də, bunun Şimali Koreyanın aprel ayında üç dəfə uğursuz şəkildə sınaqdan keçirməyə çalışdığı orta-mənzilli Musudan raketi ola biləcəyini təxmin edir.

Raket 3-4 min kilometr məsafəni qət etmək qabiliyyətinə mailkdir. Bu isə onun Yaponiya, Çin və Quamdakı hədəflərə çata biləcəyi deməkdir.

Musudan raketi sovet dönəminə aid sualtı gəmidən atılan ballistik raket modeli əsasında hazırlanıb. Şimali Koreya isə hazırda raketin quruda mobil platformadan atıla bilməsinə nail olub.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə və ballistik raket texnologiylarını inkişaf etdirməsinə qadağa qoyub. Mart ayında BMT Pxenyanın bu məhdudiyyətlərə əməl etməsinə təzyiq göstərmək üçün ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib. Buna cavab olaraq Şimali Koreya mütəmadi şəkildə hər həftə qısa və orta-mənzilli raketləri sınaqdan keçirməyə başlayıb.

Şimali Koreyanın əsas müttəfiqi olan Çin prezident Kim Conq Unu beynəlxalq danışıqlara qayıtmağa və iqtisadi yardım, eləcə də təhlükəsizlik qarantiyaları müqabilində nüvə proqramını ləğv etməyə çağırıb.

XS
SM
MD
LG