Accessibility links

“Reklam haqqında” yeni qanun layihəsi müzakirə edilib


Reklam bazarı

Reklam bazarı

Noyabrın 14-də Milli Məclisin İqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Müzakirələrdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, deputatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri, reklam yayımını həyata keçirən qurumların və ölkədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və bu sahə üzrə mütəxəssislər iştirak edib.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, komitədə “Reklam fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb.

Milli Məclis ilk dəfə 1997-ci ildə belə bir qanun layihəsini qəbul etmişdir. “Həmin dövrdə, ölkənin sosial-iqtisadi vəziyyəti bugünkü ürəkaçan səviyyədə deyildi. Ötən 15 ildən iqtisadi həyatın bütün sahələrində böyük inkişaf prosesi gedib”.

Komitə sədri hesab edir ki, müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var. “Yəni dünya ölkələri ilə müqayisədə Azərbaycanın reklam bazarındakı göstəricilər iqtisadiyyatın ümumi parametrləri ilə uyğunlaşmır. Reklam sahəsinə ciddi yanaşmaya, bu layihəyə iqtisadçı, siyasətçi və vətəndaş gözü ilə yenidən baxmağa ehtiyac var. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün geniş potensialımız var”, o qeyd edib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, reklam ticarətin, ticarət isə iqtisadiyyatın mühərriki sayılır. “İqtisadiyyatın inkişafında reklam vacib üsullardan biridir”.

O yeni qanun layihəsində sosial reklamlar məsələsinin layihədə ayrıca təsbit olunduğunu deyib.

Deputat Vahid Əhmədov deyib ki, yeni layihə 39 maddədən ibarətdir. “Sənəddə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur. Qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib, sponsor reklamların yerləşdirilməsinə dair yeni qaydalar sənəddə əksini tapıb”.

Sonra iclas iştirakçıları qanun layihəsi ilə bağlı təkliflərini səsləndirib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapıb. “Sənəd üzərində iş davam etdirilməli, mübahisə yaradacaq və fəaliyyət subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır. İşçi qrup həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılarından daxil olmuş təklifləri diqqətlə araşdırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır”.

Həsənov həmçinin deyib ki, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, reklamda sui-istifadə amilləri aradan qaldırılmalıdır.

Qeyri-rəsmi hesablamalara görə Azərbaycanda medianın illik reklam büdcəsi təxminən 68 milyon manat təşkil edir. Onun isə təxminən 60 milyon manatı televiziyaların payına düşür.

Bu isə Ümumi Daxili Məhsulun təxminən 0,001 faizinə bərabərdir. (Azərbaycanda ÜDM 73 miyard manatdır)

İnkişaf etmiş ölkələrdə media reklamları ÜDM-nin 1-2 faizini təşkil edir.

XS
SM
MD
LG