Accessibility links

Ramil Usubov: "FETÖ"-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq


Avqustun 31-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov Ankarada Türkiyə daxili işlər naziri Əfqan Ala ilə görüşüb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, görüşdə 15 iyul çevriliş cəhdindən sonra Türkiyəyə ilk dəstək verən Azərbaycanla "hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq" məsələləri müzakirə olunub.

Türkiyə mətbuatı hər iki nazirin mətbuat konfransındakı çıxışına toxunub.

Azərbaycan və Türkiyə Daxili İşlər nazirləri

Azərbaycan və Türkiyə Daxili İşlər nazirləri

Türkiyəli nazir Əfqan Ala deyib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas məsələdir və hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq var.

O bildirib ki, "Fətullahçı Terror Təşkilatının (FETÖ)" - (Türkiyə höküməti ABŞ-da yaşayan Fətullah Gülən tərəfdarlarını belə adlandırır - red.) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması, kökünün kəsilməsi istiqamətində təsirli əməkdaşlıq davam etməkdədir:

“Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq”.

Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq.

Azərbaycan daxili işlər naziri Ramil Usubov isə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu nəzərə çatdırıb:

“FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik”, nazir qeyd edib.

Son günlərdə Azərbaycanda bir sıra müxalifət fəalları "gülənçi" ittihamı ilə həbs edilib. Bunların sırasında "Azadlıq" qəzetinin maliyyə məsələləri üzrə direktoru Faiq Əmirli və AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli var. Azərbaycanın hökumət rəsmiləri dünyəvi müxalifət partiyası olan AXCP liderlərinin Fətullah Gülənlə bağlılığı haqda ittihamlar səsələndiriblər.

AXCP və Milli Şura rəhbərliyi bu ittihamları qəti şəkildə rədd edir və Gülən hərəkatı ilə müxalifət partiyalarının heç zaman heç bir əlaqəsinin olmadığını bildirir.

Azərbaycan hakimiyyəti “Gülən təlimi”, “Gülən Şəbəkəsi” ətrafında yaranmış prosesdən öz maraqları üçün çox gülünccəsinə istifadə etməyə çalışır. Çünki Azərbaycanda “Gülən Hərəkatı” həmişə demokratik müxalifətə qarşı olub.

Bu yaxınlarda Amerikanın Səsinə verdiyi müsahibədə Milli Şura sədri Cəmil Həsənli bəyan edib: "Hakimiyyət içində olduğu, dəstəklədiyi, şəbəkələşdirdiyi bir prosesdən indi müxalifətə qarşı istifadə etmək istəyir. Hamıya bəllidir ki, ümumiyyətlə “Gülən Şəbəkəsi”, “Nurçuluq” və digər dini təmayüllər və xüsusilə söhbət “Gülən hadisəsi”ndən” gedirsə, Azərbaycanda bu dövləti hadisədir. Bunu hansısa bir ictimai təşkilatla, hansısa bir siyasi partiya ilə əlaqələndirmək sırf siyasi mülahizələrdən irəli gəlir. Sadəcə olaraq Azərbaycan hakimiyyəti “Gülən təlimi”, “Gülən Şəbəkəsi” ətrafında yaranmış prosesdən öz maraqları üçün çox gülünccəsinə istifadə etməyə çalışır. Çünki Azərbaycanda “Gülən Hərəkatı” həmişə demokratik müxalifətə qarşı olub."

XS
SM
MD
LG