Accessibility links

Nardaranda 32 nəfər barədə həbs qətimkan tədbiri seçilib


Nardaranda etiraz

Nardaranda etiraz

Noyabrın 26-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Nardaranda xüsusi əməliyyat keçirib. Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 5 nəfər hadisə zamanı məhv edilib. Baş Prokurorluq tərəfindən intensiv istintaq işləri aparılır. Bu barədə daxili işlər naziri Ramil Usubov Azərbaycan dövlət televiziyasına Bakının Nardaran qəsəbəsində son günlər baş verənlərlə bağlı müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda daxili işlər orqanları vəziyyəti tam nəzarət altına alıb. “Dünən və bu gün heç bir insident baş verməyib".

Nazir bildirib ki, hüquq-mühafizə orqanları dörd gündür Nardaran sakinlərindən silahı yerə qoymaq, əllərdə olan silahları könüllü təhvil verməyi tələb edir.

"Təəssüflər olsun ki, bu günə qədər bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Bir daha tələb edirəm ki, əllərdə olan silahları təcili qaydada orada olan polis postlarına təhvil versinlər. Silahı könüllü təhvil verən şəxslər barəsində cinayət işi başlanılmayacaq".

Ramil Usubov deyib ki, xüsusi əməliyyat nəticəsində indiyədək 6 avtomat silah, çoxlu sayda tapança, partlayıcı maddələr, partlayıcı qurğular götürülüb və bu sahədə işlər davam etdirilir.

Nazir xatırladıb ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də baş verib, 2005-ci ildə iki polis əməkdaşı bu qəsəbədə qətlə yetirilib. Ümumilikdə, indiyədək Nardaranda polislə 23 dəfə qarşıdurma qeydə alınıb.

Daxili işlər naziri onu da deyib ki, Nardaranda getdikcə kriminogen durum pisləşir, kriminal hadisələrin sayı artırdı.

"Hətta, kənarda yaşayan və Nardaranda torpaq sahələri, evləri olan insanlar orada yaşaya bilmirdilər. Onlara müxtəlif ultimatumlar verilirdi", o qeyd edib.

"Bu gün Nardaran istisna olmaqla Azərbaycanın hər yerində əmin-amanlıqdır. Vətəndaşlar adi qaydada yaşayır, istədikləri yerə sərbəst hərəkət edə bilirlər. Ölkəmiz, vətəndaşlarımız üçün heç bir təhlükə gözlənilmir”, deyən Ramil Usubov bildirib ki, Azərbaycana gələn əcnəbilər, iş adamları indiyədək olduğu kimi təhlükəsiz şəraitdə fəaliyyət göstərə bilərlər.

XS
SM
MD
LG