Accessibility links

Ramin Fərhəngniya: Mahnılarımı barış ve xalqların qardaşlığı üçün oxuyuram [Audio & Video]


Ramin Fərhəngniya

Ramin Fərhəngniya

“Mən mahnılarımı barış və xalqların qardaşlığı üçün oxuyuram, onları savaş və köçlərin sovurduğu həyatlara ithaf edirəm,” deyə Türkiyədə yaşayan güneyli müğənni Ramin Fərhəngniya Amerikanın Səsi ilə söhbətində bildirir.

Əslən Ərdəbil şəhərindən olan sənətçi müsahibədə İran və Azərbaycan Respublikasında musiqi üzrə apardığı təhsil illəri və öz sənət fəaliyyəti xüsusilə Türkiyədə buraxdığı iki musiqi albomu haqda danışıb.

Xalqlar arasında qardaşlıq və dostluğu yaymaq üçün musiqi ən yaxşı imkandır. Buna görə də mən həm öz sənət fəaliyyətlərimdə fərqli etnik qruplarla çalışıram həm də bir çox xalqın dilində mahnılar oxumuşam.

Ramin Fərhəngniya əslən İran Azərbaycanının Ərdəbil şəhərindən olsa da, yeniyetmə yaşlarını ailəsi ilə birlikdə köçdüyü və əhalisinin əksəriyyəti farsdilli olan Məşhəd şəhərində yaşayıb.

O, İranda musiqi təhsilinə başladığını və ali təhsilini Azərbaycan Respublikasında vokal və opera bölümlərində davam etdirdiyini qeyd edib.

Fərhəngniya Azərbaycan Respublikası və Türkiyədə konsertlər verib və Türkiyədə “Azərbaycan aşk şarkıları” və “Bahar-i Delkəş” adlı albomlar buraxıb.

Özü də köç və mühacirət həyatının çətinlilərini təcrübə etdiyini söyləyən musiqiçi mahnılarını barış və xalqların qardaşlığı üçün oxuduğu, savaşlar və mühacirətlər üzündən sovrulan həyatlara ithaf etdiyini vurğulayıb.

“Xalqlar arasında qardaşlıq və dostluğu yaymaq üçün musiqi ən yaxşı imkandır. Buna görə də mən həm öz sənət fəaliyyətlərimdə fərqli etnik qruplarla çalışıram həm də bir çox xalqın dilində mahnılar oxumuşam,” deyə Ramin Fərhəngniya söyləyib.

Türkcənin Azərbaycan, Türkiyə və Kərkük ləhcələrindən əlavə, Fərhəngniya bir neçə başqa dil o cümlədən, Yunan, Kürd, Erməni, Laz və Fars dillərində də mahnılar oxuyub. Bu mahnılar onun buraxdığı albomlarda mövcüddür.

“Bu gün dünyanın ən böyük problemlərindən biri qaçqınlıq problemidir. Onlar köçdüyü ölkələrdə bir çox çətinliklərlə qarşı-qarşıya olurlar. İşləmək icazələri olmur, iqamətlə bağlı problem yaşayırlar,” deyə güneyli müğənni bütün millətlər və xalqların barış və əmniyyət içində yaşayacaqları günü görməyi arzu etdiyini ifadə edib.

“Arzu edirəm bütün ölkələrdə barış konsertlərimiz olsun,” deyə Ramin Fərhəngniya əlavə edib.

XS
SM
MD
LG