Accessibility links

Ramiz Mehdiyev İlham Əliyevin üçüncü dəfə prezident seçiləcəyinə işarə edib [Video]


Prezident Administrasiyasının rəhbəri administrasiyada səlahiyyətlərin artırılması, Rusiyada yaranan milyonerlər ittifaqından danışıb, İlham Əliyev yenə prezident olacağına işarə edib

“Ortalıqda heç bir başqa fikir yoxdur, sadəcə işin çoxluğu və vəzifələrin artmasından söhbət gedir. Onlar öz vəzifələrində qalırlar, eynilə də Administrasiya rəhbərinin müavinləri kimi fəaliyyət göstərəcəklər”.

Bu sözləri bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son günlər onun müavinlərinin təyin edilməsi barədə jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinə görə, Administrasiyada işin həcmi çox böyük olduğundan Prezident Administrasiyasının şöbə müdirlərinin statusu və səlahiyyətləri artırılıb.
Rusiyada Azərbaycanlıların Təşkilatları İttifaqının yaradılması ilə bağlı sualın cavabında o deyib ki, bu məsələyə çox mənfi yanaşır.

“Ona görə ki, bir tərəfdən bu qurumun regionlarda yaranmış diaspora ilə heç bir əlaqəsi yoxdur, ikinci tərəfdən mən onu görürəm ki, burada ümumi maraqlardan kənar bir məsələ müzakirə olunur. Həmin təşkilatın üzvləri öz şəxsi maraqları və mənafeyini güdmək məqsədi ilə belə bir təşkilat yaradıblar. Bir daha qeyd edirəm mənim onlarla bağlı fikrim çox mənfidir, çünki mən onun təşkilatçılarından biri ilə də hələ o təşkilat yaranmamışdan qabaq çox geniş söhbətim olub, öz mənfi fikrimi bildirmişəm. Bunu Rusiyada formalaşmış diasporun qarşılanması kimi qiymətləndirirəm. Bu təşkilatın heç bir əhəmiyyəti yoxdur, sadəcə bu insanlar öz məqsədlərini güdürlər”, - qeyd edib.

R.Mehdiyev Ziyalılar Forumu ilə bağlı sualın cavabında bildirib ki, bəyanatlar yayan Ziyalılar Forumunun üzvləri Azərbaycandakı ziyalıları təmsil etmir, sadəcə 10-15 nəfər yığışıb belə bir təşkilat yaradıb: “Təşkilatçıların keçmişini, bu gününü təhlil etsəniz görəcəksiniz ki, həmin bu təşkilatın üzvlərinin məqsədləri nədən ibarətdir. Kimsə deputat seçilməyib, kiminsə biznesi baş tutmayıb, kiminsə başqa marağı olub və təmin edə bilməyib, kimsə işdən qovulub. Bax, bu tipli insanlar orada yığışırlar və deyə bilərəm ki əylənirlər. Azərbaycanın gələcəyi üçün bu Forumun heç bir xeyri yoxdur.

Azərbaycanda ziyalıların sayı 100 minlərlədir və bu 10-15 nəfər həmin ziyalıların maraqlarını heç də təmin edə bilməz”.

Administrasiya rəhbərinin fikrincə, Azərbaycan dövləti, Azərbaycan Respublikasının prezidentinin Azərbaycanın gələcəyi ilə bağlı çox geniş planları var.

“Azərbaycan-2020: gələcəyə baxış konsepsiyası bu ilin sonuna qədər artıq hazırlanıb başa çatacaq, müzakirəyə çıxarılacaq və imzalamaq üçün prezidentə təqdim olunacaq. 2020-ci ildə Azərbaycan regionda və dünyada tanınan çox möhtəşəm bir dövlət olacaq”, -R.Mehdiyev qeyd edib.

O 2013-cü ildə prezident seçkilərinə hakimiyyətin irəli sürdüyü namizədlə bağlı suala cavabda deyib ki, namizədliklə bağlı müzakirələr ictimaiyyəti çox maraqlandırır, çünki hər kəs maraqlandırır ki, Azərbaycanın növbəti 5 ildə prezidenti kim olacaq, Azərbaycanın taleyi nədən ibarət olacaq, kimlə bağlı olacaq. “Bu da məlumdur. 2020-ci ilə qədər Azərbaycanın konsepsiyası var, bu gün də biz bunu müzakirə etdik. Hesab edirəm ki, hər bir insan bundan özü üçün nəticə çıxara bilər ki, Azərbaycanın prezidenti kim olacaq”, - o, İlham Əliyevin yenidən namizədliyini irəli sürəcəyinə işarə edib.
XS
SM
MD
LG