Accessibility links

Ramiz Mehdiyev: Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

AZƏRTAC dövlət agentliyi və rəsmi “Azərbaycan” qəzeti Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı əsərini dərc edib.

Rəsmi media bundan öncə də R.Mehdiyevin Qərbin tənqidinə yönəlmiş məqalələrini çap edib. Həmin məqalələr birbaşa ABŞ-ın, dolayısı ilə Avropa İttifaqı ölkələrinin tənqidinə yönəlmişdisə, yeni yazıda birbaşa Avropa İttifaqı ölkələri, onun qurumları tənqid edilir.

Əsərin dərci Avropa Parlamentinin Azərbaycan hökumətinin insan haqları və demokratik azadlıqlarla bağlı mövqeyini kəskin tənqid edən qətnaməsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ölkədə keçirilən parlament seçkilərinə müşahidə missiyası göndəməkdən imtinasından sonraya təsadüf edir.

Amma, cənab Mehdiyev istər Azərbaycanla münasibətlərdə, istəsə də Ermənistan-Azərbaycan münaqişəsi məsələsində daim qərb və ABŞ-ı tənqid edir. Mehdiyev nədənsə indiyədək bu məsələlərdə Rusiyanın tənqidi yer almış bircə məqalə belə dərc etdirməyib.

Əsərdə deyilir ki, təkcə Avropa İttifaqının deyil, həm də ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi kontinental təsisatların anti-Azərbaycan siyasətinin təhlili Azərbaycanın milli maraqları üçün praktiki əhəmiyyət kəsb edir.

Bu strukturların suveren Azərbaycana münasibətdə qərəzli siyasətinin həm qlobal, həm də regional determinantlarının öyrənilməsi rəsmi Bakı üçün vacibdir. Bu gün həmin Avropa təsisatlarının, ümumiyyətlə, müstəqil ölkələrə münasibətdə və xüsusən Azərbaycanla bağlı fəaliyyəti insan hüquqları məsələsindən suveren dövlətə siyasi təzyiq metodu kimi istifadə edilməsi ilə xarakterizə olunur. Süni şəkildə şişirdilən problemlərin və ənənəvi alətlərin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə edilir, mühüm qərarların qəbulu praktikasında ikili standartlar tətbiq olunur”, o qeyd edib.

Müəllif hesab edir ki, iqtisadi inkişaf və dövlət quruculuğu sahəsində qazanılmış uğurlar Avropa strukturlarının Azərbaycana qərəzli münasibətinin səbəbləri ola bilər.

“Çoxdan məlumdur ki, Azərbaycanın prezident İlham Əliyev tərəfindən həyata keçirilən suveren və müstəqil siyasəti, ölkəmizin iqtisadi baxımdan özünəyetərli olması öz geosiyasi istəklərini reallaşdırmaq xatirinə ölkəmizi qeyri-sabit, pərakəndə və alovlanan bir məkan kimi görməyi arzu edən bəzi Qərb dairələrini qıcıqlandırır.”

Burada Mehdiyev Əliyevin 2015-ci il oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında dediyi, “Azərbaycan müstəqil siyasət aparması bəzi problemlər yaradır” fikrinə istinad edib.

“Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır,” prezident qeyd edib.

Ramiz Mehdiyev bildirir ki, Azərbaycanın mövqeyi belədir və əgər onun tərəfdaşları bərabərhüquqlu əməkdaşlıq etmək istəyirlərsə, bu mövqe ilə hesablaşmalıdırlar.

Mehdiyev dünyadakı münaqişə ocaqları ilə bağlı geniş təhlildən sonra qərb dövlətlərini və ABŞ-ı soyuq mühairibənin başa çatmasından sonra regionda yaranmış münaqişələrin həllinə maraq göstrəməməkdə günahlandırır.

Amma 20 ildən artıq müddətdə Ermənistan tərəfindən bizim torpaqların işğal edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması nədənsə ABŞ prezidentini özündən çıxarmır.

“ABŞ prezidenti Barak Obama BMT-nin yaradılmasının 70 illiyinə həsr edilmiş iclasda bugünkü Ukrayna problemi barədə deyib ki, ölkənin suverenliyinin və ərazi bütövlüyünün hiddətləndirici şəkildə pozulduğu bir vaxtda biz kənarda qala bilmərik. Bu hadisələr cənab Barak Obamanı hiddətləndirir. Amma 20 ildən artıq müddətdə Ermənistan tərəfindən bizim torpaqların işğal edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması nədənsə ABŞ prezidentini özündən çıxarmır. Bu cür münasibət nə dərəcədə ədalətlidir?” Mehdiyev sual edir.

Mehdiyev Avropa ölkələrini ksenofobiyada, ikili standartlarda, qaçqınlara qarşı münasibətdə, ayrı-seçkilikdə günahlandırdıqdan sonra bildirir:

“Azərbaycan Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü, o cümlədən söz azadlığı ilə bağlı öhdəliklərə riayət edilməsinin tərəfdarıdır, lakin uşağın ölümü ilə bağlı həqarət heç bir meyar üzrə qəbul edilə bilməz. Bizim anlamımızda bu, söz azadlığı deyil, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, bəlkə də sadəcə həyasızcasına təhrikçilikdir. Aİ-də mənəviyyatın, ümumbəşəri dəyərlərin və sağlam ideyaların deqradasiyası göz qabağındadır”, o qeyd edir.

Mehdiyevin fikrincə, Avropa Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı.

Mehdiyev Avropa İttifaqının regional münaqişələrlə bağlı siyasətində ikili standartları təhlil edərkən, ittifaqın Riqa Sammitində Dağlıq Qarabağ və Ukrayna böhranı ilə bağlı münasibətini önə çəkir.

Aİ-nin “Şərq tərəfdaşlığı” layihəsinin kədərli aqibəti, Avropa Parlamentinin anti-Azərbaycan siyasəti, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları məsələsində ikili standartlar buna sübutdur.

“Şərq tərəfdaşlığı” – Avropa İttifaqının fərqli sivilizasiyalar sərhədində qonşuluq siyasətinin tərkib hissəsi və davamıdır.

Nəticədə 2013-cü ilin sonunda “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti ərəfəsində iki inteqrasiya qütbünün – Qərbin və Şərqin sərt rəqabəti, opponentin mövqeyinin nəzərə alınmaması Ukrayna böhranına gətirib çıxardı.

Bu təşəbbüslə yanaşı Rusiya Federasiyası postsovet məkanında özünün inteqrasiya layihələrini fəallaşdırıb və Gömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqı kimi platformalar yaranıb. Nəticədə 2013-cü ilin sonunda “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti ərəfəsində iki inteqrasiya qütbünün – Qərbin və Şərqin sərt rəqabəti, opponentin mövqeyinin nəzərə alınmaması Ukrayna böhranına gətirib çıxardı. Aİ “Şərq tərəfdaşlığı”nın üzvü olan dövlətləri hər vasitə ilə prinsipial seçimə sövq etməyə çalışır, lakin bu seçimi etmiş ölkələrə münasibətdə əməli dəstək addımları atmayıb,” Mehdiyev qeyd edir.

Əsərdə “Şərq tərəfdaşlığı”nın 2015-ci ildə keçirilmiş Riqa sammitinin yekin sənədinə istindən qeyd olunur ki, bəyannamədə Krımın işğal edilməsi kəskin pislənilir, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin birmənalı şəkildə dəstəklənməsi bildirilir.

“Bu fonda həmin sənədi tərtib edənlər ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəlmiş fəaliyyətinin Avropa İttifaqı tərəfindən dəstəklənməsini yalnız bəyan edirlər. Burada belə bir məntiqi sual yaranır: Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı barədə nə üçün susurlar? Hansı əsasa görə Krım problemi həmin sənəddə “qanunsuz ilhaq” şəklində əks olunur, amma Dağlıq Qarabağ məsələsində təcavüzkara prinsipial qiymət verilmədən, onu ünvanlı şəkildə pisləmədən formal və qarşıya heç bir vəzifə qoymayan diplomatik kazuistikadan istifadə edilir. Bu, kəskin etnik-ərazi problemi qarşısında məsuliyyətdən yaxasını kənara çəkmək üçün ikili standartları alətə çevirmiş Avropa İttifaqının riyakar siyasətini çılpaqlığı ilə göstərən birinci əyani məqamdır,” o qeyd edir.

Müəllif hesab edir ki, Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə nümayişkaranə şəkildə qoşulmur, Avropa strukturlarının bəzi addımları isə danışıqlar prosesinə hətta ziyan vurur.

“Brüssel Türkiyənin və Ermənistanın qeyri-hökumət təşkilatlarının çoxsaylı layihələrini əl altından stimullaşdırmaqla və Türkiyənin Aİ-yə daxil olması üçün Ermənistanla sərhədlərin açılması şərtini irəli sürməklə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini açıq-aşkar dəstəkləyir. Bu, sağlam düşüncəyə ziddir.”

Mehdiyev hesab edir ki, “Şərq tərəfdaşlığı” çərçivəsində Aİ-nin praktikasında qeyri-sağlam fərqli yanaşmalar siyasəti bununla məhdudlaşmır.

“Abxaziyanın və Cənubi Osetiyanın separatçı rejimlərinin rəhbərlərinin Avropaya daxil olması qadağan edilib. Amma qondarma “Dağlıq Qarabağ respublikası”nın başçısı Şengen vizası ilə Aİ ölkələrinə rahatca səyahət edir, müxtəlif deputatlar, nazirlər və başqaları ilə görüşür, sonra isə həmin ölkələrin rəsmi nümayəndələri bəyan edirlər ki, bu səfərlər guya “şəxsi xarakter daşıyır.”

Mehdiyev əsərində “Şərq tərəfdaşlığı”nın gələcəyi necə olacaq?- sualına da cavab tapıb.

“Bu gün Aİ-nin səlahiyyətli nümayəndələri gizlətmirlər ki, layihə müddəalarına yenidən baxılması məsələsi gündəlikdədir. Bu layihədə üzv ölkələrə fərdi yanaşma prinsipinə üstünlük veriləcək.

Biz artıq bildirmişik ki, Azərbaycan bütün tərəfdaşları, o cümlədən Avropa İttifaqı ilə yalnız bərabərhüquqlu dialoqu qəbul edir.”

Mehdiyev Avropa Parlamentini Aİ-nin anti-Azərbaycan siyasətinin əsas ruporu sayır.

Aİ-nin əsas orqanlarından biri olan Avropa Parlamenti bu gün əslində ittifaq məkanında heç bir real hakimiyyətə malik deyil. Bu orqanın məcburi xarakterli qətnamələr qəbul etmək səlahiyyəti yoxdur.

“Avropa Parlamentinin heç kəsə lazım olmayan və saysız-hesabsız qərəzli qətnamələrinin təkrarlanması Azərbaycan kimi müstəqil fəaliyyət kursu yürüdən dövlətlərin siyasətinə təsir göstərməyə yönəlib. Lakin Avropa Parlamentinin deputatları anlamırlar ki, onların ram etmək, qorxutmaq cəhdləri lap əvvəldən uğursuzluğa məhkumdur və Avropa İttifaqının vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir. Azərbaycan barəsində silsilə dinləmələr, müzakirələr aparılmasını və qətnamələr qəbul edilməsini başqa heç nə ilə izah etmək olmaz, çünki bu suveren ölkə Aİ-nin üzvü deyil və Brüsselin qarşısında heç bir beynəlxalq hüquqi öhdəliyi yoxdur.”

Əsərdə deyilir ki, 2004-cü ildən bu günə qədər Avropa Parlamenti Azərbaycan barəsində 11 qətnamə qəbul edib, 200-dən çox debat, dinləmə, müzakirə, parlament sorğuları keçirib, bəyannamələr və bəyanatlar imzalayıb. Bu sənədlərin əksəriyyəti qərəzli və qeyri-obyektiv xarakter daşıyır.

“Müqayisə üçün: bu dövr ərzində Gürcüstan barəsində bir qətnamə qəbul edilib, 10-dan az müzakirə aparılıb, bəyannamə, parlament sorğusu və bəyanat qəbul olunub. Ermənistan barəsində də bir qətnamə və 20-dən az bəyanat qəbul edilib, debatlar, parlament sorğuları keçirilib və s. Bu cür kəskin fərqi nə ilə izah etmək olar?”

Bundan əlavə, Avropa Parlamentində rəhbər şəxslərin Cənubi Qafqaz ölkələrinə səfərlərinin balansı prinsipinə riayət edilmir. Avropa Parlamentinin vitse-prezidenti 4 ay ərzində üç dəfə Ermənistana səfər edib və bircə dəfə də Azərbaycanda olmayıb.

Onun fikrincə, Avropa Parlamentinin prezidenti Martin Şults dəfələrlə Azərbaycana münasibətdə qərəzlilik nümayiş etdirib.

“Keçən il o, Azərbaycanda əsir düşmüş erməni təxribatçısı Karen Petrosyanın ürək tutması nəticəsində ölümünü pislədi. Lakin Martin Şults erməni işğalçı qüvvələri tərəfindən azərbaycanlıların saxlanılması, onların hələ də girovluqda qalması və beynəlxalq təşkilatların bütün səylərinə baxmayaraq vətənə qayıda bilməməsi barədə indiyə qədər bircə kəlmə də danışmayıb”.

Mehdiyev yazır ki, M.Şults 2014-cü ildə Saxarov mükafatının təqdim edilməsi mərasimindəki çıxışı ilə də yadda qalıb.

“O vaxt bu yüksək mükafatı konqolu bir həkim aldı. Aydın olmayan səbəbdən Avropa Parlamentinin prezidenti oradakı insanların gözlədiklərinə rəğmən əsas mövzudan yayınaraq tədbirdə iştirak edənlərin diqqətini bu mərasimə heç bir aidiyyəti olmayan hüquq müdafiəçisi Leyla Yunusun işi deyilən məsələyə yönəltdi. Bu kazus cənab M.Şultsun Azərbaycana xüsusi münasibəti, bəlkə də patoloji “sevgisi və diqqəti” olmasına şübhə yeri qoymur. Lakin 2015-ci il 10 sentyabr tarixli qətnaməni Avropa Parlamentinin qərəzli mövqeyinin apogeyi hesab etmək olar. Bu qətnamə, hər şeydən əlavə, Azərbaycanın bəzi məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır.”

Mehdiyev Avropa Parlamentinin bu qətnaməsini xüsusi şərh edib.

İkincisi, Avropa Parlamentinin deputatları Leyla Yunusun “səhhətinin pisləşməsi” ilə əlaqədar öz “narahatlıqlarını” bildiriblər. Amma yaxşı olardı ki, onlar yeni sifarişli anti-Azərbaycan qətnamələri hazırlamağa başlamazdan əvvəl tam informasiya əldə etsinlər.

“Birincisi, Avropa Parlamenti bütün sərhədləri aşaraq jurnalist Rasim Əliyevə qarşı törədilmiş məişət cinayətini siyasi cinayət kimi qiymətləndirir… İkincisi, Avropa Parlamentinin deputatları Leyla Yunusun “səhhətinin pisləşməsi” ilə əlaqədar öz “narahatlıqlarını” bildiriblər. Amma yaxşı olardı ki, onlar yeni sifarişli anti-Azərbaycan qətnamələri hazırlamağa başlamazdan əvvəl tam informasiya əldə etsinlər. Biz avropalı həkimlərin L.Yunusun səhhətinin sabit və qənaətbəxş olması barədə bəyanatlarını nəzərdə tuturuq. İstisna edilmir ki, avropalı deputatların erməni lobbisinin və digər anti-Azərbaycan dairələrin maraqlarını irəli çəkməyə həddən artıq aludə olması onları qayğısına qaldıqları insanın fiziki vəziyyəti ilə maraqlanmaq imkanından məhrum edib.”

O hesab edir ki, Aİ-nin növbəti “narahatlığı” onunla bağlı idi ki, guya hakimiyyət orqanları yerli QHT-ləri Azərbaycanın milli qanunlarına müvafiq qaydada “işləməyə məcbur edirlər”.

“Bu halda həmin QHT-lərin fəaliyyət növü barədə yerli ictimaiyyətə məlumat verməsi, maliyyə hesabatını vaxtında təqdim etməsi, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan prosedurlara və normativ qaydalara riayət edilməsi, sən demə, özünüifadə azadlığının pozulması hesab edilə bilərmiş. Belə çıxır ki, Avropa Parlamentinin deputatları qəti əmindirlər ki, dünyada qüvvədə olan bircə qanunvericilik var – Avropa qanunvericiliyi.

Belə çıxır ki, Avropa İttifaqının Azərbaycanın qeyri-hökumət strukturlarına ayırdığı qrantlar, onların mənimsənilməsi prinsipləri və qaydaları, göründüyü kimi, Aİ-nin qüvvədə olan qanunvericiliyinin normalarına və müddəalarına əsasən nəzarət edilə bilər. Lakin əgər Aİ xoşməramlı proqramların, özü də Azərbaycan dövlətinin mənafeyi naminə reallaşdırılması üçün maliyyə resursları göndərirsə ayrılan vəsaitlərin taleyi barədə bu cür canfəşanlıqla narahat olmağa dəyərmi? Ümumiyyətlə, suveren dövlətin fiskal orqanlarının təmizliyinə şübhə etmək nə dərəcədə düzgündür? Bu, heç də adi sual deyil”.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar icmalararası əlaqələr məsələlərinə görə Aİ-nin narahatlıq keçirməsi maraqlıdır.

“Qətnamədə Avropa Məhkəməsinin “Sarkisyan Azərbaycana qarşı” işi üzrə 2015-ci il 16 iyun tarixli qərarına istinadən erməni və Azərbaycan ictimaiyyətinin görüşlərinə maneə törədilməsinə son qoymaq tələb edilir. Lakin Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ictimai diplomatiyanın vacibliyinə həmişə tərəfdar olub. Hərçənd, bizim fikrimizcə, bu mexanizmlər yalnız Azərbaycanın işğal edilmiş əraziləri azad olunandan sonra səmərəli ola bilər.”

Üstəlik, avropalı deputatlar həmin qətnamədə Avropa Məhkəməsinin “Sarkisyan Azərbaycana qarşı” işi üzrə qərarını xatırladıb, lakin nədənsə analoji “Çıraqovun işi”ni unudublar.

Bununla yanaşı əsərdə prezident Əliyevin fikirlərinə istinad edilərək bildirilir ki, Avropa Parlamentinin qətnamələri Azərbaycanın müstəqil siyasi kursuna təsir edə bilməz.

“Bizim prioritetimiz sağlam əməkdaşlıqda həqiqətən marağı olan ayrı-ayrı Aİ ölkələri ilə strateji münasibətlər yaratmaqdır. Azərbaycanla diktat metodu ilə, güc mövqeyindən danışmaq cəhdləri heç vaxt uğur qazanmayacaq. Bu cür siyasət yalnız Aİ ilə Azərbaycanın əməkdaşlıq sahələrinin daralmasına gətirib çıxara bilər.”

Mehdiyev sonra sual edir:

Nəyə görə Avropa Parlamentinin iclaslarına gələn deputatlar əyinlərinə üzərində Xədicə İsmayılovanın (ölkə qanunlarını pozmuş müxalifətçi jurnalistin) və başqalarının fotoları olan maykalar geyir, amma bir dəfə də olsa təmas xətti boyunca yaşayan, ermənilər tərəfindən qətlə yetirilmiş dinc Azərbaycan vətəndaşlarının təsvir edildiyi maykalar geymirlər.

“Nəyə görə Avropa Parlamentinin iclaslarına gələn deputatlar əyinlərinə üzərində Xədicə İsmayılovanın (ölkə qanunlarını pozmuş müxalifətçi jurnalistin) və başqalarının fotoları olan maykalar geyir, amma bir dəfə də olsa təmas xətti boyunca yaşayan, ermənilər tərəfindən qətlə yetirilmiş dinc Azərbaycan vətəndaşlarının təsvir edildiyi maykalar geymirlər”.

Mehdiyev əsərinin böyük bir fəslini Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib. Burada BMT-nin qətnamələrinin yerinə yetirilməməsi, Avropa strukturlarının, o cümlədən NATO-nun mövqeyi tənqid edilir. ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun nəticəyə nail olmaqda maraqlı olmadığına eyham edilir.

Mehdiyev son zamanlar cəbhədə baş verən qarşıdurmalardan bəhs edərkən yazır.

“Onlar (Ermənistan) təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir,” o prezidentin bəyanatından sitat gətirib.

Azərbaycanın ictimai şüurunda Minsk qrupu həmsədrliyi formatı vaxtaşırı olaraq regiona səfər edən, burada dincələn, ictimaiyyətə boş bəyanatlar və vədlər verən, bəzən sosial şəbəkələrdə səciyyəvi “çıxışları” ilə insanları qıcıqlandıran və geri qayıdan “səyyah diplomatlar triosu” kimi kök salıb.

Belə bir vəziyyətin yaranmasında ATƏT-in Minsk qrupu da əsla sonuncu rol oynamır. Minsk qrupu 20 ildən artıq müddətdə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və münaqişənin həlli üçün ciddi addımlar atmayıb. Azərbaycanın ictimai şüurunda bu format vaxtaşırı olaraq regiona səfər edən, burada dincələn, ictimaiyyətə boş bəyanatlar və vədlər verən, bəzən sosial şəbəkələrdə səciyyəvi “çıxışları” ilə insanları qıcıqlandıran və geri qayıdan “səyyah diplomatlar triosu” kimi kök salıb.

O Minsk qrupunun həmsədr ölkələinə də irad bildirib.

“Nə üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri daim bəyan edirlər ki, münaqişə tərəfləri özləri kompromisə gəlməlidirlər? Məgər, Deytonda ABŞ və ya Yuqoslaviya münaqişəsi dövründə Rambuyedə Aİ ölkələri belə hərəkət etmişdilər? Nə üçün Deyton danışıqlarının nümayəndələrinə təzyiq göstərə bilən ölkələr Cənubi Qafqazda təcavüzkar ölkə olan Ermənistana münasibətdə bunu etmirlər?” o sual edib.

Mehdiyev ATƏT-in 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidədən imtinasını “mandatını yerinə yetirməmək” kimi qiymətləndirir.

“Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) əvvəlcə 400-ə yaxın müşahidəçi göndərməyi planlaşdırırdı. Lakin Azərbaycan müşahidəçilərin bu sayda olmasına razılaşmadı və bu, müşahidəçilər missiyası göndərilməkdən əsassız imtina edilməsinə “səbəb” oldu. Burada müqayisələr aparmaq lazım gəlir. Əhalisinin sayı təxminən Azərbaycandakı qədər (7 milyondan çox) olan Bolqarıstana 2014-cü il parlament seçkilərinə cəmi 26 müşahidəçi, 140 milyon əhalisi olan Rusiyaya 2011-ci ildə 200-dən bir qədər çox, əhalisi 45 milyon nəfər olan Ukraynaya təxminən 700 müşahidəçi göndərilib”.

O sual edir, ağlabatan nisbətlər prinsipinə açıq-aşkar məhəl qoymadan Azərbaycana çoxsaylı desant (müşahidəçi-red) göndərmək kimin ağlına gəlib?

“Biz çox yaxşı başa düşürük ki, bu, əməkdaşlıqdan imtina etmək üçün yalnız bəhanədir, səbəb isə Qərbin müəyyən dairələrin sifariş verdiyi anti-Azərbaycan kampaniyasını proqramlaşdırılmış şəkildə həyata keçirməkdir. Müxtəlif strukturların hərəkətlərinin incə şəkildə sinxronluluğu diqqəti cəlb edir. Görünür, həmin strukturlar bir mərkəzdən tənzimlənir. Bu sinxronluq baş verən hadisələrdə təsadüflük elementi axtarmağa əsas vermir. Belə ki, müşahidəçilər missiyasının geri çağırılması barədə bəyanat Avropa Parlamentində Azərbaycan barəsində qərəzli siyasi qətnamə qəbul ediləndən dərhal sonra səsləndi. Bununla eyni vaxtda daha bir təsisat – ATƏT-in Parlament Assambleyası da öz müşahidəçilərini göndərməkdən imtina etdi. Bu fakt onu göstərir ki, adı çəkilən strukturlar müstəqil deyil və verilən komandaya müvafiq şəkildə işləyirlər”.

Mehdiyev fikrilərini əsaslandırmaq üçün Rusiya xarici işlər nazirinin ATƏT əleyhinə fikrilərinə də istinad edir.

O bildirir ki, 2015-ci il seçkiləri ərəfəsində başlanmış anti-Azərbaycan kampaniyası Qərbdə tüğyan edir.

2015-ci il seçkiləri ərəfəsində başlanmış anti-Azərbaycan kampaniyası Qərbdə tüğyan edir.

“Bu kampaniya həm ATƏT, həm də Avropa Şurası tərəfindən həyata keçirilir. 2014-cü ildə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın xahişi ilə insan haqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edildi. Lakin 2015-ci ilin oktyabr ayında T.Yaqland Azərbaycanla insan haqları üzrə birgə işçi qrupunun fəaliyyətində iştirakını dayandırdığını bəyan etdi və bu, “Qərb demokratiyasını təbliğ edənlər” tərəfindən daha bir düşmənçilik hərəkəti oldu”.

Əsərdə işçi qrupun mövcvud olduğu 2003-2008-ci illərdə 150 məhbusun azad edildiyi xatırladılır. Son dövrlərdə isə 16 məhbus azad edilib.

Mehdiyev Avropa Şurasının da ünvanına çoxsaylı tənqidlər yazıb.

“AŞPA məkanı çox vaxt müxtəlif QHT-lər tərəfindən Azərbaycanın ünvanına əsassız tənqid üçün tribuna kimi istifadə edilir. 2014-cü ilin oktyabr ayında Qərbin anti-Azərbaycan oriyentasiyası ilə məşhur olan bir neçə QHT-si, o cümlədən “Human Rights Watch”, “Article 19”, “Mediaya beynəlxalq dəstək” (İMS), İnsan Hüquqları Evləri Fondu (HRHF) və başqaları AŞPA-nın iclas zalında tədbir təşkil etdilər. Bu tədbirin məqsədi Azərbaycana qara yaxmaq, ölkənin inkişafında qazanılmış uğurları kölgədə qoymaq cəhdləri idi”.

O hesab edir ki, “Siyasi məhbuslar” məsələləri və bu ruhda Azərbaycan dövlətinin ünvanına əsassız iddialar da AŞPA-nın bir sıra nümayəndələrinin subyektiv və qərəzli mövqeyinə dəlalət edir.

Sonra Mehdiyev Azərbaycanın Avropanın enerji təhlıükəsizliyində rolunun vacibliyini təhlil edir və uzunmüddətli enerji əməkdaşlığına istinad edir.

Mehdiyev hesab edir ki, qərb Azərbaycanı dünya ictimaiyyətinin nəzərində hörmətdən salmaqda çox maraqlıdır.

“Bəzi hallarda “beşinci kolon”un bu nümayəndələrini hətta müəyyən “hüquq müdafiəsi” mükafatlarına təqdim edirlər, onların “haqq işi uğrunda” mübarizəsi üçün mifik baza yaradırlar, amma Azərbaycanın iyirmi ildən artıq müddətdə haqq işi uğrunda öz gücü ilə mübarizə aparmasını heç kəs görmür. Hüquq və azadlıq carçıları Azərbaycan əsgərlərinin hər gün səngərlərdə dayanmasını, öz həyatları bahasına Azərbaycan torpaqlarını erməni işğalçılardan qorumalarını görməməyi üstün tuturlar. Bəs hanı ədalət?”

Mehdiyevin firkincə, qərbdəki strateqlər tərəfindən himayə edilən QHT-lər insan haqları mövzusunu süni şəkildə şişirdərək öz fəaliyyətlərini yalnız Azərbaycanın imicini hörmətdən salmaq üzərində cəmləşdirirlər.

“Onlar sosial şəbəkələr vasitəsilə müxtəlif həştəqlərdən daim qərəzli, mənfi informasiyanı səhnə arxasındakı ağaları ilə bölüşür, bununla da öz ölkəsinin xalqının uğurlarını heçə endirməyə çalışırlar. Şübhə yoxdur ki, onların satqın fəaliyyəti sifarişli xarakter daşıyır və Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlir. Bu “blogerlərin” və “hüquq müdafiəçilərinin” onları maliyyələşdirən mənbələri nəyə görə bu cür səylə gizlətmələri buradan aydın olur. Biz xarici QHT-lərin və fondların fəaliyyətində qayda-qanun yaratmaq məqsədilə bu sahədə islahatlar apardıq, onların dövlət və cəmiyyət qarşısında hesabat vermələrini təmin etdik. Lakin nədənsə Qərbdə bu islahatları siyasiləşdirməyə çalışdılar və vətəndaş sektoruna təzyiq cəhdləri kimi qələmə verdilər. Məgər maliyyə əməliyyatlarının açıqlığını, onlar barəsində hesabat verilməsini tələb etmək qanunun pozulmasıdırmı?

Biz “ikiqat dib” siyasətini qəbul etmir və pisləyirik. Qanun hamı üçün birdir.

Məgər Qərbdəki təsisatlar Azərbaycana daim bu cür tələblər təqdim etmirlərmi? Elə isə Qərbdəki himayədarlarına sadiq qalacaqlarına and içmiş QHT-lərə münasibətdə nə üçün başqa, daha yumşaq yanaşmalar tətbiq edilməlidir? Burada yenə qərəzlilik və ikili standartlar siyasətinin təzahürü özünü göstərir. Biz “ikiqat dib” siyasətini qəbul etmir və pisləyirik. Qanun hamı üçün birdir.

Biz “Sports for Rights”, “Civil Solidarity Platform”, “People in Need”, “Human Rights House”, “Center for Civil Liberties”, FIDH, “Platform London”, “Index of Censorship”, “Amnesty International”, “Human Rights Watch” kimi qurumların arxasında kimlərin dayandığını bilirik. Onların hərəkətləri, planları və beynəlxalq onlayn nəşrlərlə birgə işləri bizə yaxşı məlumdur. Onlar çox vaxt ölkəmizdə real vəziyyəti əks etdirməyən informasiyanı yayırlar. Bu insunasiyaların yalan və təhrikçi xarakterini yəqin etmək çətin deyil. Onların əsasını qərəzlilik, bizim dözümlülüyümüzü, müstəqil fəaliyyətimizi zəiflətmək, bizi özlərinin maraqlarına tabe etmək arzusu təşkil edir”.

Mehdiyev əsər boyu Azərbaycanın iqtisadi inkifından, uğurlu xarici və daxili siyasətindən danışır. Bu zaman o Azərbaycan prezidenti İlham Əliyevin, mərhum prezident Heydər Əliyevin fikirlərində sitatlar gətirir.

Mehdiyev əsərinin yekunuda bu nəticəyə gəlir ki, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Avropa Məhkəməsi və digər strukturlarda anti-Azərbaycan kampaniyası onu göstərir ki, xəcalət doğuran bu proses vahid mərkəzdən əlaqələndirilir və Azərbaycanı onların maraqlarına tabe etmək məqsədi güdür.

“Azərbaycanı hörmətdən salmaq kampaniyasının cavabı yalnız ardıcıl inkişafını davam etdirən güclü və müstəqil Azərbaycan ola bilər. Biz başa düşürük ki, tarazlaşdırılmış, praqmatik və müstəqil xarici siyasətimiz, alyanslarda və ittifaqlarda iştirak etməmək strategiyamız Azərbaycanı beynəlxalq münasibətlər zəncirinin zəif halqası və deməli, xarici qüvvələrdən asılı dövlət kimi görmək istəyən bəzi ölkələri narahat edir. Azərbaycan ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqil inkişaf yoluna qədəm qoymuş suveren dövlətdir. Ümummilli Lider təşəkkül konsepsiyasının mahiyyətini belə bəyan edib: “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır”, o qeyd edir.

O bildirir ki, KİV-lərdə təşkil edilən hər hansı kampaniyalarla, yalançı demokratikləşdirməyə dair boş qətnamələr və layihələrlə Azərbaycan xalqının, onun rəhbərliyinin iradəsinə və dözümünə təsir göstərmək mümkün deyil.

Aİ-də və digər güc mərkəzlərində bunu nə qədər vaxtında anlasalar, bizim tərəfdaşlarla və beynəlxalq təşkilatlarla əməkdaşlığımız bir o qədər səmərəli olacaq.

“Aİ-də və digər güc mərkəzlərində bunu nə qədər vaxtında anlasalar, bizim tərəfdaşlarla və beynəlxalq təşkilatlarla əməkdaşlığımız bir o qədər səmərəli olacaq. Bu qarşılıqlı münasibətlərin əsası ədalət və hüquq bərabərliyi olmalıdır. Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir,” Mehdiyev əsərini bu sözlərlə tamamlayır.

Hazırda Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev siyasi karyerasına Kommunist Partiyasında başlayıb. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında müəllim kimi dərs deyən Mehdiyev 1974-cü ilin mayında Azərbaycanda KP MK apparatında təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. Daha sonra o, Kommunist Partiyasının katibi vəzifəsində çalışıb.

1993-cü ildə sabiq Politbüro üzvü Heydər Əliyevin hakimiyyətə gəlməsindən az sonra Ramiz Mehdiyev yenidən idarəçiliyə cəlb olunub. 1995-ci ildən bəri Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev Azərbaycanda ən uzun müddət vəzifədə qalmış rəsmilərdən biridir.

Sovet dönəmində “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə “İstiqlal” ordeni ilə təltif edilib.

XS
SM
MD
LG