Accessibility links

ETTELAAT rəhbəri casusların virtual yolla xariclə əlaqə saxladığını deyir.

İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi qarşıdan gələn parlament seçkisində təxribat törətmək istəyən 4 nəfər casusu tutduqlarını bəyan edib.

İranda parlament seçkisi bu ilin martında keçiriləcək.

“Media forum” saytının məlumatına görə, yanvarın 8-də jurnalistlərə açıqlamasında Heydər Moslehi saxlanan şəxslərin adlarını açıqlamasa da bildirib ki, tutulanlar parlament seçkisi əleyhinə “ABŞ-ın bir sıra planlarını” həyata keçirmək istəyirmiş. “Tutulan casuslar virtual yolla xariclə əlaqə saxlayıblar. Biz həmin şəxslərin fəaliyyətini tam nəzarətə götürüb barələrində kifayət qədər məlumat topladıqdan sonra onları tutduq. Onlar əcnəbilərdən aldıqları müasir cihazlarla onlarla gizli əlaqə saxlayır, seçki ərəfəsində şəbəkələr yaradaraq internetdə çağırışlar edir, ölkədə iğtişaş yaratmaq istəyirdilər.

Tutulanlar arasında qonşu ölkələrdən birinin muxtar bir bölgəsində yerləşən fitnəçilərlə və əksinqilabçılarla əlaqə saxlayanlar da var. Onların əsas vəzifəsi əlaqə saxladıqları fitnəçi və əks-inqilabçılardan dəstək alaraq şəbəkə üzvü olan şəxsləri və lazımi avadanlıqları sərhədin hər iki tərəfinə köçürməkdən ibarət olub”.

XS
SM
MD
LG