Accessibility links

İran-Azərbaycan münasibətləri gərginləşməkdə davam edir. Son günlər tərəflər qarşılıqlı kəskin bəyanatlarla çıxış edir.

Mayın 29-da Tehranda keçirilən brifinqdə İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst İran-Azərbaycan ikitərəfli münasibətlərində yaranmış böhranlı vəziyyətə aydınlıq gətirib.
“Tehran Bakının İranın ali dini liderinin nümayəndəsini ölkəyə buraxmaması və İranın ali dini liderini təhqir edənləri cəzalandırmaqdan imtina etməsi ilə bağlı hərəkətlərini necə qiymətləndirir” sualının cavabında o deyib: “Biz Azərbaycan Respublikasının rəsmilərindən tələb etmişik ki, bu təxribatlarla əlaqədar ağıllı mövqe sərgiləsinlər, iki ölkə arasında mövcud atmosferin və xalqların hiss və duyğularının bizi bu qarşılıqlı xoş atmosferdən, tarixi və mədəni bağlılıqlardan faydalanmaq imkanından məhrum edə biləcək bir istiqamətə yönəlməsinə icazə verməsinlər”.
Onun sözlərinə görə, belə bir şəraitdə sionist rejimin və onların qərbdən olan himayədarlarının yeganə xilas yolu fitnə və təxribatlar törətməklə bu rejimin xilası üçün imkan yaratmaqdan ibarətdir. “Bizim tövsiyəmiz budur ki, fərdlərin hüquqları və mehriban qonşuluq əlaqələri çərçivəsində elə hərəkət edək ki, insanların hisslərinə toxunmayaq. Müqəddəslərə hörmətsizlik etməyə kimsəyə əsla icazə verməyəcəyik. Bakı maksimum səy göstərməli, belə hərəkətlərə kəskin münasibət bəsləməli və onun səbəbkarlarını mühakimə etməlidir”, - deyə Mehmanpərəst bildirib.
Eyni zamanda, mətbuat katibi İranın mədəniyyət nümayəndəliyinin əməkdaşı Fərid Əsranın Azərbaycana buraxılmaması faktına toxunmayıb.
Xatırladaq ki, Bakıda İran səfirliyinin qarşısında keçirilən mitinqlər zamanı iranlı lider Əli Xamneyi ilə bağlı şüarlar və plakatlardan istifadə edilib.

Bir neçə ildir Bakıda çalışan Fərid Əsra mayın 29-da Bakı hava limanından ölkəyə buraxılmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, İranın Mədəniyyət Mərkəzinin nümayəndəsi Fərid Əsranın Bakıya buraxılmaması “Azərbaycan qanunvericiliyinin tələbidir”.

Dünən Azərbaycan tərəfi isə İranda oğurlanan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı bu ölkəyə iki nota tə dim edib. Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, bir aya yaxındır İran tərəfi bu gənclərin taleyi barədə məlumat vermir.

Xatırladaq ki, aprelin sonunda gənc ədiblər yerli ədəbiyyatçı Bəhram Sürgünün kitabının təqdimat mərasiminə dəvət olunublar. Mayın 2-də Təbrizə gələndən sonra 8 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıblar. Azərbaycanın və beynəlxalq təşkilatların etirazlarından sonra onlara icazə verilib ki, Bakıya öz doğmalarına zəng edərək sağ-salamat olduqlarını bildirsinlər. Azərbaycan tərəfi ehtimal edir ki, gənclər İranın xüsusi xidməti tərəfindən oğurlanıb.

XS
SM
MD
LG