Accessibility links

İran Azərbaycanın yük avtomobillərini ərazisinə buraxmır


Sərhəddə çoxsaylı yük avtomobilləri dayanıb

Mayın 22-dən başlayaraq İran tərəfi Bakıdan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedən və Naxçıvandan Bakıya gələn yük avtomobillərini ərazisinə buraxmır. Bu barədə Amerikanın Səsi radiosuna hazırda İran sərhədində gözləyən yük avtomobillərindən birinin sürücüsü bildirib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin növbətçi hissəsindən faktı təsdiq ediblər. Növbətçi hissədən Amerikanın Səsi radiosuna bildiriblər ki, İran tərəfi sərnişin avtobuslarını ərazisinə buraxır. “Yalnız yük daşıyan avtomobillər İran tərəfindən buraxılmır və səbəbi də izah edilmir”.

Yerli mənbələrin məlumatına görə, İran gömrükçüləri ölkə ərazisinə daxil olan yük avtomobillərinin və onların daşıdığı yükün qiyməti qədər girov qoyulmasını tələb edir. Bu qədər girovun qoyulması isə mümkün deyil.
Hazırda sərhəddə onlarla avtomobil qalıb.
Xatırladaq ki, mayın 21-də İran Azərbaycandakı səfirini Tehrana çağırıb. Son günlər hər iki tərəf qarşılıqlı kəskin bəyanatlarla çıxış edir.

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən avtomobil və dəmir yolları keçmiş SSRİ dağıldıqdan sonra 1991-ci ildən Ermənistan tərəfindən dayandırılıb. Azərbaycan Naxçıvandakı vətəndaşları ilə hava yolu və İran ərazisindən keçən quru yolları ilə əlaqə saxlayır.

XS
SM
MD
LG