Accessibility links

İranlı homoseksuallar açıq danışmağa başlayıb (Video)


İran prezidenti Mahmud Əhmədinejad onun ölkəsində homoseksualların olmadığını deyir. İranda bu cinayətdir və ailəni utandıqmaq deməkdir. Lakin iranlı homoseksuallar artıq açıq danışır və İranda bunun nə ilə nəticələnə biləcəyini deyirlər.

Araş və Nima üçün adi günlərdən biridir. Lakin birlikdə küçəyə çıxa bildikləri üçün bu, o deməkdir ki, onlar artıq İranda deyillər. İranlı homoseksual Araş İranda onun kimilərə cəmiyyətin zəif təbəqəsi kimi baxıldığını deyir. Araş 9 ay bundan əvvəl İrandan Türkiyəyə köçüb. İndi o, rejissor işləyir və özünün yeni həyatı haqda film çəkir.

İranın mühafizəkar İslam qanunlarında homoseksuallığa yer demək olar ki yoxdur. Buna görə də iranlılar hələlik filmlər vasitəsilə də olsa, bu qanunlara qarşı çıxa bilirlər.

İranın yüksək təbəqələrində ölkədə belə halların olması rədd edilir. İran prezidenti Mahmud Əhmədinejadın 2007-ci ildə Nyu-Yorkun Kolumbiya universitetində çıxışı zamanı İranda homoseksualların olmadığını deməsi buna misaldır. “İranda sizin ölkənizdə olduğu kimi homoseksuallar yoxdur. İranda belə insanlar yoxdur. Mən bilmirəm, kim sizə deyib ki, İranda belələri var?”

Türkiyədə sürgündə yaşayan Fərid adlı daha bir iranlı homoseksual You-Tube saytında yerləşdirilmiş videoda İranda gündəlik həyatın dözülməz olduğunu deyir. “Sən küçəyə çıxanda hər kəsin gözünün sənin üzərində olduğunu hiss edirsən, İranda biz homoseksuallara üçüncü bir cins kimi baxırlar.”

İranlı homoseksualların məskunlaşa bildiyi ölkə Birləşmiş Ştatlardır ki, burada bəzi ştatlarda hətta homoseksualların evlənməsinə icazə verilir.

Mali Kisəgari 1958-ci ildə İranda anadan olub. 2004-cü ildə isə Kaliforniyada Elizabet Krisren adlı qadınla evlənib. “Birləşmiş Ştatlarda insanların hüquqları qorunur. Mən Amerikaya qədəm qoyanda özümü olduğum kimi hiss edəcəyim yerə gəldiyimi düşündüm.” - deyə, o bildirir.

Bu yanaşma tərzinin İranda qəbul edilməsinə hələ çox var. Amma müğənni Şöhre kimi bəzi İran diaspor üzvləri öz musiqiləri ilə mövzuya diqqət çəkməyə çalışır. “Videoda homoseksualların bayrağını nümayiş etdirməklə onlara dəstəyimi bildirirəm. Ailələr bilməlidir ki, uşaqlar homoseksual olduqlarına görə günahlandırılmamalıdır."

Maraqlıdır, Araş və Nima kimi insanlar öz vətənlərində qalsaydı nə baş verərdi?

“Mən öz sənədli filmimdə onların üzünü göstərməyə çalışmışam ki, homoseksual olmayan insanlar onları daha yaxşı başa düşə bilsinlər və bir gün bu iki qrupa mənsub insanlar birgə yaşaya bilsinlər.” - deyə, Araş bildirir.

İranda yaşayan bir çox homoseksual üçün bu gün hələ çox uzaqdır.

XS
SM
MD
LG