Accessibility links

İran prezidenti nüvə proqramı, Səkinə Aştiani və embarqodan danışıb


İran prezidenti nüvə proqramı, Səkinə Aştiani və embarqodan danışıb
İran prezidenti nüvə proqramı, Səkinə Aştiani və embarqodan danışıb

Mahmud Əhmədinejad İran - Azərbaycan münasibətlərini sarsılmaz adlandırıb

“İran və Azərbaycan arasında münasibətlər sarsılmazdır”. Bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfərinin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarından razı qaldığını deyib.

Prezident Əhmədinejad İranın öz nüvə proqramı ilə bağlı 5+1 qrupu (Rusiya, Böyük Britaniya, ABŞ, Çin, Fransa + Almaniya) ilə dialoqa hazır olduğunu bildirib. “Lakin bu danışıqlar qarşılıqlı ədalət və hörmət əsasında aparılmalıdır. Ancaq qrupun bəzi üzvləri istismarçı mənəviyyatdan irəli gələrək danışıqlarda üstünlüyü ələ almağa cəhd göstərir”.

Dövlət başçısı hesab edir ki, danışıqların qızğın vaxtında İrana qarşı embarqonun tətbiqinə dair qətnamə qəbul edilib. “Bu, İranı qeyri-bərabər şəraitdə qoymaq üçün edildi. Lakin ötən altı ay embarqonun mənasız olduğunu göstərdi. İran hətta iqtisadi artıma nail olub, embarqonun fəaliyyəti isə ağcaqanad sancması kimi bir şeydir”, - deyə o qeyd edib.

Prezident bir daha xatırladıb ki, 5+1 qrupu ilə dialoq bərabər əsaslarla aparıla bilər. “İrana başqasının iradəsini zorla qəbul etdirmək mümkün deyil. İran xalqı öz yolu ilə gedir və pis mənəviyyatın təsirinə düşməyəcək”.

Danışıqların perspektivinə toxunan prezident deyib ki, konkret bir yenilik yoxdur. “Danışıqların keçirilmə yeri ilə bağlı heç bir razılaşma yoxdur. Biz İstanbulu təklif etdik, onlar Cenevrəni təklif edir”, - deyə cənab Əhmədinejad bildirib.

Dövlət başçısı suallara cavabda azərbaycanlı qadın Səkinə Aştianinin daş-qallaq məsələsinə də toxunub. “Səkinə Aştianinın işi üzrə təhqiqat davam edir. İranın məhkəmə qanunlarına əsasən müttəhimlər öz işləri ilə bağlı 5 dəfə müraciət edə bilər”.

Dövlət başçısı bununla yanaşı deyib ki, xanım Aştianinin işində “böyük problem yoxdur”.
Cənab Əhmədinejad Qərb mətbuatını bu mövzunu şişirtməkdə ittiham edib. “ABŞ-da da qadınlar edama məruz qalır. Hazırda Amerikada 53 qadını ölüm hökmü gözləyir”, - deyə o qeyd edib.

Prezident hesab edir ki, Xəzər sülh, dostluq, səmərəli və konstruktiv əməkdaşlıq dənizi olmalıdır. “Xəzərin bütün imkanlarından ədalətli əsaslarla istifadə olunmalıdır”, - deməklə kifayətlənən dövlət başçısı Xəzərlə bağlı problemlərə toxunmayıb.
Prezident bundan öncə keçirilən iki sammitdə məsələdə mühüm addımların atıldığını deyib. “Ümidvaram ki, Bakı Sammitində də Xəzər dənizində əməkdaşlıq yolunda böyük addımlar atılacaq”.

Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən prezident Əhmədinejad qeyd edib ki, region xalqları sülh və təhlükəsizlik şəraitində yaşamalıdır. “Biz qonşuyuq və bir-birimizin yanında olmalıyıq. Problem dinc yolla həll olunmalıdır. Biz beynəlxalq qanunlara hörmət edirik və problemin sülh yolu ilə həllini istəyirik”.
O hesab edir ki, problemin həlli üçün regiondan kənar qüvvələr təzyiqləri azaltmalıdır. “Əgər belə təzyiq olmazsa, problem həllini tapar”.
İran prezidenti ölkəsinin Azərbaycanın ərazilərini işğal edən Ermənistana iqtisadi yardımı ilə bağlı suallardan isə yayınıb.

Dövlət başçısı bildirib ki, qaz sahəsində Azərbaycan və İran geniş və uzunmüddətli əməkdaşlıq barədə razılığa gəlib. “Bu sahədə əməkdaşlıq üçün heç bir məhdudiyyət yoxdur”, - deyə o qeyd edib.

XS
SM
MD
LG