Accessibility links

İran repçini qətlə yetirənə 100 min dollar mükafat vəd edib


Şahin Nəcəfinin İmam Nağı ilə bağlı mahnı oxuyub yayması əhli-beyt aşiqlərini həddən artıq qəzəbləndirib.

İranın “Shia-online.ir” saytı gənc iranlı repçi Şahin Nəcəfini qətlə yetirəcək şəxsə 100 min dollar məbləğində mükafat təyin edib.

“Shia-online.ir” gənclərin saytıdır. Media quruluşunun sahibləri saytda özləri haqda yerləşdirdikləri məlumatda bildiriblər ki, Həzrət Əlinin tərəfdarı olan müstəqil şiə gənclərdirlər, öz yollarını haqq yolu sayaraq müstəqil siyasət yürüdürlər və hədəfləri dünya əhalisini şiəliyə cəlb etməkdir.

“Media forum” saytı bildirir ki, repçi Şahin Nəcəfini qətlə yetirəcək şəxsə 100 min dollar məbləğində mükafat təyin edilməsi barədə məlumatda deyilir: “Almaniyada yaşayan iranlı müğənni Şahin Nəcəfinin son vaxtlar İmam Nağı ilə bağlı son dərəcə təhqiramiz bir mahnını oxuyub yayması əhli-beyt aşiqlərini həddən artıq qəzəbləndirib və onların ürəyini ağrıdıb. Həmin mahnı yayılandan sonra ayətullah Lütfullah Safi Qolpayeqani fitva verərək İmam Hadinin (Nağı) adını təhqir edənlərə hökmünü elan edib.

Bütün bunları nəzərə alaraq “Shia-online.ir” xəbər portalı Şahin Nəcəfini qətlə yetirmək üçün 100 min dollar məbləğində mükafat təyin edir. İran körfəzindəki ərəb ölkələrinin birində yaşayan xeyirxah bir şəxs saytımızın irəli sürdüyü bu faydalı təşəbbüsə qoşularaq mükafat məbləğini həmin müğənninin qatilinə təqdim edəcəyi haqda vəd verib”.

Ayətullah Lüfullah Safi Qolpayeqani Almaniyada mühacirətdə yaşayan repçi Şahin Nəcəfininin mürtədliyi haqda bir neçə gün əvvəl fitva verib. Şahin Nəcəfinin mürtəd (islam dininə qarşı çıxan-T.F) sayılması onun İmam Nağı haqda yenicə oxuyub yaydığı “Nağı” adlı mahnı ilə bağlıdır.

İrandakı islam cəza qanunlarına görə, mürtədlikdə günahlandırılan şəxsin qətlə yetirilməsi vacibdir və bu kimi şəxslərə ölüm hökmü çıxarılır.

Media Forumun məlumatına görə, Safi Qolpayeqaninin fitvasından sonra hakimiyyət tərəfdarı olan ayrı-ayrı qüvvələr internet saytlarında yazılar dərc edərək Şahin Nəcəfini qətlə yetirməyə hazır olduqlarını bildirib.

XS
SM
MD
LG