Accessibility links

Nobel sülh mükafatı laureatı Şirin İbadi İran hökumətinin bu qərarına kəskin reaksiya verərək, BMT-yə müraciət ünvanlayıb

İran Elm və Ali Təhsil Nazirliyi qadın şagirdlərin 77 ixtisas üzrə təhsil almasını qadağan edib.
APA agentliyinin məlumatına görə, buna səbəb kimi onların məzun olduqdan sonra iş tapa bilməmələri əsas göstərilib. Yeni qaydalara görə, İranın 36 universitetində ingilis ədəbiyyatı, ingilis dili tərcüməçisi, otel administratorluğu, arxeologiya, informatika, nüvə fizikası, elektrik və sənaye mühəndisliyinin də aralarında olduğu 77 ixtisas yalnız kişi şagirdlərə açıq olacaq. Artıq İranın dörd bir tərəfində filialı olan Neft Sənayesi Universiteti ali təhsil verdiyi heç bir ixtisası üzrə qadın şagird qəbul etməyəcəyini açıqlayıb.
İranın elm və ali təhsil naziri Kamran Daneşçu bu qadağanın yalnız kişilərə açıq olan universitetlərdə tarazlıq yaratmaq üçün vacib olduğunu bildirib.

Nazirlik rəsmisi Səid Əbdülfazil Həssasini isə deyib ki, əkinçilik və ya mədənçilik kimi bəzi sahələr qadın təbiətinə uyğun deyil: “Keçmişdəki təcrübələrimiz qadınların məzun olsalar belə bu sahələrdə aktiv olaraq işlədiklərini göstərir”.
UNESCO-nun məlumatına görə, dünyada qadın məzunların kişilərə nisbətən ən yüksək olduğu ölkə İrandır. Son dövrdə normalda kişilərin əksəriyyət təşkil etdiyi fizika və mühəndislik kimi sahələrdə də qadın şagirdlərin sayı artıb. İranın din xadimləri isə evlilik və doğumun azaldığını deyərək bu vəziyyətdən narahat olduqlarını dilə gətiriblər. Çünki İranda qadınlar yerlərin 65%-ni imtahanda daha müvəffəqiyyətli nəticə əldə edərək götürürdülər.

Böyük Britaniyada mühacirət həyatı yaşayan iranlı hüquq müdafiəçisi, Nobel sülh mükafatı laureatı Şirin İbadi İran hökumətinin bu qərarına kəskin reaksiya verərək, BMT-yə müraciət ünvanlayıb. BMT baş katibi Pan Gi Mun, BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilay və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhidə ünvanlanmış məktubda qadağanın əsl məqsədinin İranda qadın hərəkatını zəiflətmək olduğu bildirilir: “Bu qərar cəmiyyət sahəsindəki varlıqlarına dözüm edə bilmədiyi üçün qadınları evlərə bağlamaq istəyən İran hökumətinin həyata keçirdiyi siyasətin bir parçasıdır. Məqsəd qadınları müxalif çıxmaq və haqlarını tələb etməyin qarşısını almaqdır”.

Bundan əlavə, qərara etiraz edən bir qrup millət vəkili İranın elm və ali təhsil nazirinin müavinini məsələyə aydınlıq gətirmək üçün parlamentə çağırıb.
XS
SM
MD
LG