Accessibility links

“Sepah” rəhbərinin müavini: Gələn aylarda çətin günlər olacaq


İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) komandanının müavini Məhəmmədəli Asudi

İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) komandanının müavini Məhəmmədəli Asudi

“Biz qarşıdan gələn prezident seçkisində təkcə fitnəçilərlə yox, həm də azğınlarla üz-üzə qalacağıq”, Məhəmmədəli Asudi qeyd edib

2013-cü ilin iyun ayında İranda prezident seçkisi keçiriləcək. İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) komandanının təbliğat işləri üzrə müavini Məhəmmədəli Asudi bununla bağlı bir sıra fikirlər səsləndirib.

“Media forum” saytının məlumatına görə, “Sepah” üzvləri ilə görüşdə çıxış edən Məhəmmədəli Asudi deyib: “Biz qarşıdan gələn prezident seçkisində təkcə fitnəçilərlə yox, həm də azğınlarla üz-üzə qalacağıq. Həmin fitnəçi, azğın qruplar bəzən bir-birinə qarşı çıxsa da, lazım gələndə əl-ələ verib koalisiya da yaradırlar. Bu həssas dövrdə biz ayıq-sayıq olmalıyıq. Çünki gələn aylarda çətin günlərimiz olacaq. Düşmənlər geniş proqramlar hazırlayıblar və 2009-cu ilin fitnəsində topladıqları təcrübədən yararlanıb daha mütəşəkkil şəkildə prezident seçkisinə hazırlaşırlar”.

Məhəmmədəli Asudi bildirib ki, ABŞ hökuməti İranda hakimiyyəti devirmək üçün 6 mərhələdən ibarət yeni strategiyanı həyata keçirməyə çalışır: “Həmin strategiyaya əsasən, ABŞ-ın birinci məqsədi İran rəsmilərinin nüvə məsələsi və Suriya olayları ilə bağlı mövqeyini dəyişməkdir. İkinci mərhələdə qarşılıqlı problemlərin həlli üçün ABŞ İrana etdiyi təkliflərdə dəyişiklik etmək istəyir. Planın üçüncü mərhələsi nüfuz yolu ilə İranın siyasətində dəyişiklik yaratmaq, dördüncü mərhələsi İranın rəftarını dəyişməyə nail olmaq, beşinci mərhələsi İranın mövcud quruluşunu dəyişmək və sonda rejimi devirməkdir”.

İrandakı hakimiyyət mediasında “fitnə” və “fitnəçilər” dedikdə İran müxalifətinin iki ilə yaxındır ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi və onların tərəfdarları, “azğın”lar dedikdə isə İran prezidenti administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi və ona yaxın qüvvələr nəzərdə tutulur.
XS
SM
MD
LG