Accessibility links

İranda bloqçu axund məhkum edilib


İranda bloqçu axund məhkum edilib
İranda bloqçu axund məhkum edilib

Qum məhkəməsi bloqçu axundu BMT-yə şikayət məktubu yazmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda və ruhanilərin heysiyyətini ləkələməkdə təqsirli bilib.

İranda daha bir bloqçu axund azadlıqdan məhrum edilib. “Media forum” saytı xəbər verir ki, axund Əhmədrza Əhmədpur 3 il həbsə, 10 il sürgünə məhkum olunub.

Əhmədrza Əhmədpur vaxtilə Müşarikət Cəbhəsi Partiyasının üzvü olub. İranda bu partiyanın fəaliyyəti qadağan edilib.

ETTELAAT-ın Qum şöbəsinin əməkdaşları Əhmədrza Əhmədpuru 2011-ci ilin iyul ayında tutub aparmışdılar. Ruhanilərin işinə baxan Qum məhkəməsi bloqçu axundu ölkənin vəziyyəti ilə bağlı BMT-yə şikayət məktubu yazmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda, yalan məlumat yayıb ictimai fikri çaşdırmaqda və ruhanilərin heysiyyətini ləkələməkdə təqsirli bilib.

Məhkəmənin qərarına görə, Əhmədrza Əhmədpur 3 illik həbsini Əhvaz şəhərinin zindanında, 10 ilik sürgünü isə İzə şəhərində keçirməlidir.

Əhmədrza Əhmədpur 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilən kütləvi aksiyalardan sonra tutulub 1 il müddətinə həbsdə saxlanmışdı. O vaxt ruhanilərin işinə baxan Qum məhkəməsi Əhmədrza Əhmədpuru ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda və ruhanilərin heysiyyətini ləkələməkdə təqsirli saymışdı.

2011-ci ilin oktyabr ayında İranda bloqçu axund Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi 4 il müddətinə həbsə, 50 şallaq zərbəsinə və 800 dollar məbləğində pul cəriməsinə məhkum edilib.

Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi bir ilə yaxındır həbsdə saxlanır. O, Qum şəhərində dindən dərs deyib, təkcə müəllim kimi yox, həm də müxalif bloqçu, mərhum müxalif ayətullah Hüseynəli Müntəzirinin yaxın adamlarından biri kimi tanınır. ETTELAAT-ın Qum şöbəsi Arəş Hünərvər Şücayini 2010-cu ilin noyabrında Qum dini dairəsindəki iş yerində həbs edib. O, hazırda Tehranın Evin zindanının 350-ci korpusunda saxlanır.

Tehranın ruhanilərlə bağlı işlərə baxan məhkəməsi Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayini ölkənin milli təhlükəsizliyinə, dövlət quruluşuna qarşı çıxmaqda, Avropa ölkələrinin Tehrandakı səfirliklərinə casusluq etməkdə, eləcə də öz bloqunda şəri fitvalar verməkdə təqsirli bilib.

XS
SM
MD
LG