Accessibility links

Sükut etiraz aksiyası iyunun 14-ü axşam saat 19-dan 21-ə qədər nəzərdə tutulub.

İran müxalifətinin ev dustaqlığında saxlanan liderlərindən Mirhüseyn Musəvinin müşaviri Ərdəşir Əmir Ərcmənd jurnalistlərə açıqlamasında vətəndaşları sükut etiraz aksiyasına çağırdıqlarını bildirib.

“Media forum” saytının məlumatına görə, Ərdəşir Əmir Ərcmənd deyib ki, xalq iri şəhərlərin küçə və meydanlarında, parklarda və digər ictimai məkanlarda toplaşaraq öz etiraz səsini hökumətə çatdırmalıdır: “Sükut etiraz aksiyasının keçirilməsi iyunun 14-ü axşam saat 19-dan 21-ə qədər nəzərdə tutulub. Biz aksiyalarda mövcud şəraitə uyğun taktika seçirik. Növbəti aksiyanın da öz taktikası var. Əsas odur ki, insanlar bir yerə toplaşaraq həmrəyliyini nümayiş etdirsin, həm də öz etiraz səsini İran İslam Respublikası rəsmilərinə və dünya ictimaiyyətinə çatdırsınlar.

Hazırkı ağır şəraitə baxmayaraq biz gələcəyə ümidlə baxırıq. Çox ağır günləri geridə buraxmışıq. Ola bilsin, bizi daha ağır günlər gözləyir, lakin qətiyyətlə deyə bilərəm ki, qarşımızdakı perspektiv çox aydın, ümidverici və şəffafdır. Bu gün hakimiyyətin dinc müxaliflərə qarşı yeritdiyi siyasət iflasa uğrayıb. Biz tutduğumuz bu dinc mübarizə yolunun qələbə ilə nəticələnəcəyinə inanır, buna ümid bəsləyirik”.

XS
SM
MD
LG