Accessibility links

İranda yaşayan azərbaycanlıların mübarizəsi ilə bağlı dinləmə keçirilib


İranda yaşayan azərbaycanlıların mübarizəsi ilə bağlı dinləmə keçirilib
İranda yaşayan azərbaycanlıların mübarizəsi ilə bağlı dinləmə keçirilib

Dinləmələrdə qeyd edilib ki, İranda azərbaycanlıların etirazları beynəlxalq gündəlikdə İran məsələsinin aktuallaşması ilə eyni vaxta təsadüf edir.

Azərbaycan İranda yerli azərbaycanlıların tamamilə quruma təhlükəsi ilə üz-üzə olan Urmiya gölünün müdafiəsi uğrunda başladıqları mübarizəyə laqeyd qalmamalıdır. Bu fikir İranın azərbaycanlı əhalisinin etirazlarına həsr olunmuş dinləmələrdə irəli sürülüb.

Dinləmələr Atlas Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub. Mərkəzin rəhbəri Elxan Şahinoğlu deyib ki, Urmiyə gölü quruyarsa təkcə İrana deyil, regionun digər ölkələrinə, o cümlədən Azərbaycana ziyan dəyəcək. “İran hakimiyyətinin fəaliyyətsizliyinin arxasında azərbaycanlı əhalini assimilyasiya etmək cəhdləri durur. Belə ki, göl quruduğu halda yerli sakinlər İranın başqa bölgələrinə köçmək məcburiyyətində qalacaqlar”.

O, Bakının siyasəti haqqında danışarkən o deyib ki, üç variant mümkündür: İranın “daxili işlərinə” qarışmaqdan imtina etmək; Azərbaycanlıların mübarizəsini fəal şəkildə dəstəkləmək; İranın işlərinə qarışmadan, dünya ictimaiyyətini bu ölkədəki azərbaycanlıların problemləri haqqında məlumatlandırmaq. Hələlik, Bakı birinci mövqeyi tutur”, - deyə cənab Şahinoğlu qeyd edib.

Çikaqodan yayımlanan “Günaz TV”-nin müxbiri Araz Obalı bildirib ki, son 10 ildə İran hakimiyyəti torpaqların suvarılması bəhanəsi ilə gölə axan çaylarda bəndlər tikib ki, bu da Urmiya gölünün qurumasına gətirib çıxarıb. “Gölün qurudulması şoranlıq yaranmasına səbəb olur ki, bu da Türkiyə və Naxçıvanın ekologiyasına ziyan vuracaq. Azərbaycan parlamenti bu məsələni müzakirə etməli və tədbirlər görməlidir”.

Onun sözlərinə görə, gölün müdafiəsi uğrunda mübarizə Cənubi Azərbaycanın bütün şəhərlərini əhatə edir. “Çıxışlar kütləvi xarakter daşıyır və hətta İran polisində dəstək tapır. Polislər nümayişləri dağıtmaqdan imtina edirlər. Bununla “Sepah” - İranın xüsusi xidmət orqanı məşğul olur”.

Azərbaycan Avrointeqrasiya Mərkəzinin rəhbəri Sülhəddin Əkbər hesab edir ki, İranda başlanan etirazlara qlobal kontekstdə, “ərəb yazı” çərçivəsində baxılmalıdır. “İranda azərbaycanlıların etirazları beynəlxalq gündəlikdə İran məsələsinin aktuallaşması ilə eyni vaxta təsadüf edir. İran Suriya rejimini, Livanda “Hizbullah” radikal təşkilatını və İraq şiələrini dəstəkləməklə regionda destruktiv rol oynayır”.

Cənab Əkbər həmçinin, İran hakimiyyətinin Azərbaycana qarşı düşmənçiliyinin artdığını qeyd edib.

Böyük Quruluş Partiyasının sədri , Milli Məclisin deputatı Fazil Qəzənfəroğlunun sözlərinə görə, Urmiya gölü ilə bağlı ekoloji problemlərdə Azərbaycan əleyhinə məqamlar axtarmaq lazım deyil. “İran hakimiyyəti azərbaycanlılara qarşı digər təzyiq formalarından istifadə edir. Bu, Azərbaycan dilində məktəblərin olmamasında, digər mədəni hüquqların pozulmasında özünü büruzə verir”.

O, İran tərəfdən hərbi təhlükə görmür. “Məsələ elə bundadır ki, İran Azərbaycana istənilən xarici müdaxilənin İrana qarşı qətiyyətli addımlar üçün əsas verəcəyini başa düşür”, - deyə cənab Qəzənfəroğlu fikrini əsaslandırıb.

İran azərbaycanlılarının öz hüquqları uğrunda mübarizəsinə toxunan Qəzənfəroğlu qeyd edib ki, hadisələri qabaqlamaq lazım deyil. “İranda kütləvi hərəkatı yalnız gələcək İran modelində Cənubi Azərbaycanın yeri olduğuna beynəlxalq zəmanət olduğu təqdirdə dəstəkləmək olar”.

XS
SM
MD
LG