Accessibility links

Etirazçılar səfirliyin qapısına qara əklil qoyub, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Rədd olsun molla rejimi!” şüarları səsləndirib.

İranın Bakıdakı səfirliyinin qarşısında Eurovision müsabiqəsi ilə əlaqədar İranda antiazərbaycan kampaniyasına etiraz olaraq növbəti aksiya keçirilib. Dünya Azərbaycanlıları Konqresinin (DAK), Beynəlxalq Diaspor Mərkəzinin, Veteranlar İctimai Birliyinin 100-ə yaxın fəalı səfirliyin qarşısına toplaşıb. Onlar səfirliyin qapısına qara əklil qoyduqdan sonra “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Rədd olsun fars şovinist rejimi!”, “Rədd olsun molla rejimi!” şüarlarını səsləndirib.

DAK-ın həmsədri, Azərbaycan parlamentinin deputatı Sabir Rüstəmxanlı Azərbaycan əleyhinə təxribatlara son qoyulmasını tələb edib və Tehran rejimini azərbaycanlıların milli və mədəni hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə İranı terrorçu dövlət adlandırıb və azərbaycanlılara qarşı təxribatlara son qoymağa çağırıb.

Aksiya iştirakçıları Təbrizdə antiazərbaycan aksiyalarının keçirilməsini bu ölkədə yaşayan 35 milyon azərbaycanlının təhqir olunması kimi qiymətləndirib.
Qeyd olunub ki, Eurovision müsabiqəsinin keçirilməsi düzgün addımdır və bu, Azərbaycanın Avropanın bir hissəsi olduğunu göstərir.

Aksiya yarım saata yaxın davam edib. Polis müdaxilə etməyib, hətta aksiya iştirakçılarının təhlükəsizliyi məqsədilə nəqliyyatın hərəkətini dayandırıb. Yalnız piketin qətnaməsi oxunduqdan sonra polis piketçiləri səfirliyin binasının qarşısından sıxışdırıb. Səfirliyin əməkdaşlarından heç kim aksiya iştirakçılarının qarşısına çıxmayıb.

Bu, son 5 gündə İranın Bakıdakı səfirliyinin qarşısında keçirilən ikinci etiraz aksiyasıdır.

XS
SM
MD
LG