Accessibility links

İranın iqtisadiyyat nazirinin impiçment məsələsinə baxılır


İranın iqtisadiyyat nazirinin impiçment məsələsinə baxılır

İranın iqtisadiyyat nazirinin impiçment məsələsinə baxılır

Deputatlar iqtisadiyyat nazirini banklar və maliyyə qurumları ilə bağlı qanun pozuntularına yol verməkdə günahlandırır.

İranda ən böyük bank oğurluğu parlamentdə müzakirə olunub. Noyabrın 1-də iqtisadiyyat naziri Seyid Şəmsəddin Hüseyninin impiçmenti məsələsinə baxılıb.

“Media forum” saytının məlumatına görə, Seyid Şəmsəddin Hüseyninin impiçment olunması layihəsini İran parlamentinin 21 deputatı irəli sürüb. Deputatlar iqtisadiyyat nazirini ölkə bankları və maliyyə qurumları ilə bağlı qanun pozuntularına yol verməkdə, vəzifəsinin öhdəsindən layiqincə gəlməməkdə, xəbərdarlıqlara baxmayaraq bankların fəaliyyətinə lazımı qədər nəzarət etməməkdə, səlahiyyəti olmayan bir sıra şəxsləri mühüm vəzifələrə qoymaqda və icra hakimiyyəti rəsmilərinin bankların işinə nüfuz etməsinə müqavimət göstərməməkdə günahlandırır.

İran mediasının məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad və hökumətin digər bir neçə rəsmisi iqtisadiyyat nazirini müdafiə etmək üçün impiçment iclasına qatılıb. İclasın nəticələri haqda hələlik məlumat yoxdur.

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.

Oktyabrın 27-də jurnalistlərə açıqlama verən İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə bağlı 33 nəfərin tutulduğunu bəyan edib.

İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri bu qalmaqala görə ötən ay istefaya gedib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.

Trend Agentliyinin məlumatına görə isə İran parlamenti ölkə prezidenti Mahmud Əhmədinejadı bank kreditləri ilə bağlı dələduzluğa dair iş üzrə dindirmədə iştirak etməyə məcbur edib. Onun on gün ərzində parlamentin bu işin araşdırılması ilə məşğul olan komissiyasının suallarına cavab verəcəyi gözlənilir. Bundan əvvəl dindirilməyə onun nümayəndəsi gələcək.

XS
SM
MD
LG