Accessibility links

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb


Rasim Əliyev vəfat edib
Rasim Əliyev vəfat edib

Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq jurnalist Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin məlumatına görə, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

XS
SM
MD
LG