Accessibility links

Rasim Əliquliyev: 2012-ci ildə Azərbaycan yerətrafı orbitə peykini buraxacaq


Rasim Əliquliyev: 2012-ci ildə Azərbaycan yerətrafı orbitə peykini buraxacaq

Rasim Əliquliyev: 2012-ci ildə Azərbaycan yerətrafı orbitə peykini buraxacaq

Azərbaycanın yerətrafı orbitə çıxaracağı peyk telekommunikasiya peykidir və geostasionar orbitdə fəaliyyət göstərəcək. Yerdən 31 min kilometr məsafədə olacaq. Əhatə dairəsi isə Afrikanın şimal hissəsi, Avropanın çox böyük bir hissəsini və Asiyanın bir hissəsini əhatə edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları institutunun direktoru Rasim Əliquliyev Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə informasiya kommunikasiya texnologiyalarından istifadə sahəsində vəziyyət, elektron dövlət, elektron biznes və Azərbaycanın yerin orbitinə qaldırılacağı süni peykindən danışıb.

Sual: Azərbaycan bu gün, 17 may - Ümumdünya İnformasiya və Kommunikasiya Cəmiyyəti gününü qeyd edir. Ölkədə bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda informasiya cəmiyyətinin qurulmasını yüksək qiymətləndirirəm. Çünki, ölkədə informasiya cəmiyyətinin xarakterik indikatorları yüksək səviyyədədir. Belə ki, dünya reytinq cədvəlində müsbətə doğru inkişaf edir. İnformasiya cəmiyyətinin indikatoru dedikdə, telekommunikasiya, insanların mobil telefonlarla təmin olunması, internet istifadəçilərinin sayı və digər parametrlər nəzərdə tutulur. Azərbaycanda bu parametrlər üzrə inkişaf tempi digər region ölkələrinə nisbətən çox yaxşıdır.

Sual: Azərbaycanda elektron hökumət quruculuğu necədir?

Cavab: Bu, hər bir ölkədə hökumətin üzərinə düşən vəzifələrin İKT-nin köməyi ilə həyata keçirilməsi deməkdir. Azərbaycanda da formalaşan informasiya cəmiyyətinin əsas hədəflərindən biri cəmiyyətin idarə olunmasında İKT-nin tətbiqidir. Artıq, ayrı-ayrı hakimiyyət orqanları idarəetmədə bundan istifadə edir.

Sual: Elektron hökumətlə vətəndaşların işləmə səviyyəsi necədir?

Cavab: Biz, buna elektron dövlət də deyirik. Çünki, elektron dövlət daha geniş anlayışdır. Hakimiyyətin bütün qanadları üzrə, həm hökumət, həm parlament, həm də məhkəmə orqanlarında İKT-nin tətbiqi müəyyən fəaliyyət planı üzrə həyata keçirilir. Vətəndaşların İKT bilikləri artırılır. Hakimiyyət orqanlarında məmurların fəaliyyəti İKT ilə uyğunlaşdırılır. Digər tərəfdən isə dövlət orqanlarının İKT vasitəsi ilə vətəndaşlara göstərilən xidmətlərin sayı durmadan artır. Azərbaycanda formalaşan elektron hökumət BMT-nin elektron hökumətə hazırlıq indeksində yüksək yer alıb.

Sual: Ölkədə elektron kommersiyanın vəziyyəti necədir?

Cavab: Azərbaycanda İKT iqtisadi sferada da geniş tətbiq olunur. Bütün biznes şirkətləri veb saytları vasitəsi ilə insanlara çoxsaylı xidmətlər göstərir. Elektron ödəmə sahəsində də irəliləyişlər qeydə alınmaqdadır. Ölkədə elektron imzanın tətbiqinə başlayır.

Sual: Fövqəladə vəziyyətlərdə elektron rabitənin işləmə vəziyyəti necədir?

Cavab: Fövqəladə vəziyyətlərdə əhalinin məlumatlandırılması və hökumətin səmərəli fəaliyyəti üçün İKT fəaliyyəti əvəzsizdir. Həm yerüstü telekommunikasiya qurğusu, həm də başqa alternativ rabitə üsullarından istifadə etməklə işlər həyata keçirilir. Bunun daha yüksək səviyyədə həyata keçirilməsi isə yaxın illərdə tam təmin ediləcək. Belə ki, 2012-ci ildə Azərbaycan yer ətrafı orbitə peykini buraxacaq. Peyk mülki fəaliyyətlə yanaşı, fövqəladə hallarda yerüstü fəaliyyət göstərən hakimiyyət orqanları arasında kommunikasiya fəaliyyətinin qurulmasında mühüm rol oynayacaq.

Sual: Azərbaycan peykinin əhatə dairəsi nə qədər olacaq? Hansı bucaq altında işləyəcək?

Cavab: Azərbaycanın yerətrafı orbitə çıxaracağı peyk telekommunikasiya peykidir və geostasionar orbitdə fəaliyyət göstərəcək. Yerdən 31 min kilometr məsafədə olacaq. Əhatə dairəsi isə Afrikanın şimal hissəsi, Avropanın çox böyük bir hissəsini və Asiyanın bir hissəsini əhatə edəcək. Peyk region ölkələrinə də telekommunikasiya xidmətləri göstərmək iqtidarında olacaq. Yəqin ki, Azərbaycan peykin bir hissəsini kommersiya məqsədi ilə başqa ölkələrə təklif edəcək.

Sual: Azərbaycanda informasiya bazarını necə qiymətləndirirsiniz? Ölkə bu sahədən gəlir götürürmü?

Cavab: İnformasiya iqtisadiyyatı get-gedə formalaşmaqdadır. Elm məhsulları bazarı, təhsil, media iqtisadiyyatı, şou-biznes iqtisadiyyatı, müxtəlif konsaltinq xidmətləri artıq ənənəvi xidmətlədən on-layn mühitinə keçməkdədir. Azərbaycan vətəndaşları xarici veb-saytlardan istifadə etməklə həm informasiyanı istehlak edir, həm də Azərbaycandan olan informasiyalar on-layn mühitində olduğundan dünyanın müxtəlif istifadəçiləri ixrac edir. Balans Azərbaycanın xeyrinədir.

XS
SM
MD
LG