Accessibility links

Rasim Musabəyov: Hamını sülhün qorunması narahat edirsə, onda sülhə təhlükə yaradan işğaldır


Rasim Musabeyov

Rasim Musabeyov

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiya prezidentləri Barak Obama, Fransua Oland və Vladimir Putinin Meksikanın Los-Kabos şəhərində “Böyük iyirmiliyin” sammitində Dağlıq Qarabağla bağlı birgə bəyanatını Amerikanın Səsi radiosuna müsahibəsində şərh edib. O bu, bəyanatın münaqişənin nizamlanmasına təkan verəcəyinə inanmır.

Sual: ATƏT-in Minsk qrupunun həmsədr dövlət başçılarının birgə bəyanatını necə qiymətləndirirsiniz? Bəyanat münaqişənin nizamlanmasına təkan verəcəkmi?

Cavab: Düşünmürəm ki, bu bəyanatın münaqişənin həllini sürətləndirməyə gücü çatsın. Amma, hər bir halda bəyanatın qəbul olunması göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ böyük dövlətlərin gündəliyində mövcuddur. Onların bu barədə heç bir fikir səsləndirməməsi pis olardı.

Sual: Amma, bəyanatda daha Madrid prinsiplərindən danışılmır. Eyni zamanda, status-kvonun dəyişdirilməsi yenə sənəddə yer alıb. Madrid prinsipləri gündəlikdən çıxarılıb?

Cavab: Ola bilər ki, bir ifadə kimi Madrid prosesi nəticəyə gətirib çıxarmadı. Ancaq, Madrid prinsiplərində əhatə olunmuş məsələlər gündəlikdədir. Ona görə də birgə bəyanatda deyilir ki, baza prinsipləri razılaşdırılmalıdır. Madrid prinsipiifadəsindən istifadə olunmasa da baza prinsipləri ifadəsində demək olar ki, 95 faiz Madrid prinsipləri əks olunub.

Sual: Prezidentlərin bəyanatlarında güc tətbiq edilməməsi ilə bağlı bənd var. Amma, qoşunların işğal ərazisindən çıxarılması yer almayıb. Səbəb nədir?

Cavab: Səbəb odur ki, onları birinci növbədə müharibənin alovlanması narahat edir. Onlar işğala görə heç bir əziyyət çəkmir. Ona görə də həmsədr dövlətlər diqqəti özləri üçün əhəmiyyət kəsb edən məsələlərə verir. Mən də amerikalı olsa idim belə düşünərdim. Təbii ki, mən azərbaycanlıyam və mənim üçün bu qəbul olunmazdır.

Sual: Sənəddə həmçinin qeyd edilir ki, münaqişənin həlli tərəflərin qarşılıqlı
anlaşmasından keçir. Tərəflər isə artıq 20 ildən çoxdur ki, anlaşa bilmir. Belə olan halda münaqişənin həlli perspektivləri nə qədər realdır?

Cavab: Əslində suala özünüz cavab verdiniz. Ona görə ki, tərəflər razılaşmaya gələ bilsəydilər, onda vasitəçiyə nə ehtiyac var? İndi görüşürlər və hələlik danışmaq iqtidarındadırlar.

Əslində, bunu belə də başa düşmək lazımdır ki, biz heç kəsə təzyiq etmək niyyətində deyilik. Əgər təzyiq etmək niyyətində deyillərsə məsələ olduğu kimi qalacaq. Azərbaycan da öz təbii hüququndan istifadə edərək güc toplayır. Ordusunu möhkəmləndirir ki, bəli, biz də məsələni hərbi müstəviyə çevirmək istəmirik, amma torpağımızdan da ermənilərə pay ayırmaq fikrimiz yoxdur.

Sual: Həm həmsədr dövlətlər, həm də Azərbaycan bəyan edir ki, status-kvo dəyişdirilməlidir. Belə olan halda status-kvo necə dəyişdirilə bilər? Hansı yolla, necə?

Cavab: Təkrar edirəm. Mən bilmirəm hansı yeni təkliflər müzakirə olunur. Hamını sülhün qorunması narahat edirsə, onda sülhə təhlükə yaradan erməni işğalıdır. Ən azı erməni qoşunları işğal olunmuş rayonların böyük hissəsindən geri çəkilməlidir. Ola bilsin ki, indi ümumi razılaşma tam şəkildə tapılmayınca azad ediləcək ərazilərə azərbaycanlılar hələ qayıtmasın, ayırıcı qüvvələr gətirilsin. Bu da təbii ki, gücdən istifadə olunmamaqla bağlı hansısa razılaşmaya gəlməyə səbəb olacaq. Bu isə öz növbəsində danışıqlar dövründə sülhün etibarlı qorunmasına imkan verəcək. Ancaq, kimsə düşünürsə ki, erməni qoşunları Azərbaycanın torpaqlarında qalacaq və buraya ayırıcı qüvvə də gəlib, işğalı rəsmiləşdirib, əbədiləşdirəcək, onlar yanılır. Bu heç zaman olmayacaq.

Sual: Qərb dövlətlərinin marağının artması münaqişənin həllinə gətirib çıxara bilərmi?

Cavab: Hər halda, Amerika dövlət katibi Hillari Klintonun imkanı da var, buna nüfuzu da çatar. Yadımızdadır ki, vaxtı ilə dövlət katibi Kolin Pauel Ki-Vestdə belə görüş təşkil etmişdi və tərəflər qərar verməyə çox yaxın idilər. İndi, Hillari Klinton Obamadan fərqli olaraq siyasi karyerasını tamamlamaq niyyətindədir. Onun nüfuzu da böyükdür və bu təşəbbüslə çıxış edə bilər. Amma, o halda ki, bu görüş yaxşı hazırlanmalı və yaxşı nəticəyə gətirib çıxarma ehtimalı olmalıdır. Əks halda düşünmürəm ki, Hillari Klinton siyasi nüfuzunu bu məsləyə qurban versin. Bunun ikinci tərəfi odur ki, Vladimir Putin təşəbbüslə çıxış etməyə tələsmir. O istəyir ki, tərəflər onun ayağına gəlib yalvarsın, o da öz şərtlərini diqtə etsin. Bunu isə Azərbaycan ümumiyyətlə yaxına buraxmır, Serj Sarkisyan da Putinin ayağına gedib yalvarmaq fikrində deyil. Belə olan halda həmsədr dövlətlər arasında müəyyən bir rəqabət yaranacaq və bu da prosesə dinamika verə bilər.

Sual: Amerika dövlət katibi iyunun əvvəllərində Bakıya səfəri zamanı bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündə münaqişənin nizamlanmasına yeni yanaşma tərzi müzakirə ediləcək. Yeni yanaşma tərzi nədən ibarətdir?

Cavab: Çətinlik çəkirəm. Hər halda birini dedim ki, erməni qüvvələrinin Azərbaycanın işğal etdiyi rayonlarının əksəriyyətindən geri çəkilməsi və buraya ayırıcı qüvvələrin gəlməsi ilə etibarlı sülh təmin olunar və tərəflər arasında etibarlılıq yaranar. Bu olarsa, müzakirələrin davam etdirilməsi mümkün olar.

XS
SM
MD
LG