Accessibility links

Rasim Musabəyov: Prezidentlərin görüşü Amerika siyasətində Azərbaycana marağın göstəricisidir


Rasim Musabəyov: Prezidentlərin görüşü Amerika siyasətində Azərbaycana marağın göstəricisidir

Rasim Musabəyov: Prezidentlərin görüşü Amerika siyasətində Azərbaycana marağın göstəricisidir

Prezidentlərin görüşündən öncə ABŞ müdafiə naziri və dövlət katibi Azərbaycana səfər edib

Sentyabrın 24-ü Nyu-Yorkda Amerika prezidenti Barak Obama ilə Azərbaycan prezidenti İlham Əliyevin ikitərəfli görüşü olacaq.

Politoloq Rasim Musabəyov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Amerika prezidentinin Azərbaycan prezidenti ilə görüşü Amerika siyasətində Azərbaycana diqqət və qarşılıqlı marağın göstəricisidir. “Prezidentlərin görüşündən öncə Azərbaycana ABŞ müdafiə naziri və dövlət katibi səfər edib”.

Politoloqun fikrincə, prezidentlərin Nyu-York görüşü Azərbaycan-Amerika münasibətlərinin yeni mərhələsi üçün vacib bir nöqtə ola bilər. “Azərbaycanın kifayət qədər narahat bölgədə yerləşdiyi və problemlərinin olması Amerika tərəfindən nəzərə alınmalıdır. Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli məsələsində böyük problemləri var. Enerji layihələrinin davamı ilə bağlı məsələlərin də yüksək səviyyədə razılaşdırılmasına ehtiyac duyulur”.

O danışıqlarda Amerikanın maraqlarından danışarkən bildirib ki, münasibətlərdə olan bəzi taktiki məsələlər qısa zamanda həllini tələb edir. “Bu ilk öncə, Əfqanıstana tranzitlə bağlı məsələdir. Amerika Əfqanıstanda səylərini artırmaq istəyindədir. Bunun üçün Azərbaycan qaçılmaz koridordur. Həm də hiss olunur ki, ABŞ Azərbaycanda loqistik mərkəz kimi öz nöqtələrini qurmaq istəyir. Bunlar çox qısa müddətdə “hə” və ya “yox” tələb edən məsələlərdir”.

Cənab Musabəyov eyni zamanda ABŞ-ın Raket Əleyhinə Müdafiə Sistemləri ilə bağlı qlobal təşəbbüslə çıxışını yada salıb. “Bu təşəbbüs çərçivəsində Azərbaycan ərazisindəki Qəbələ RLS-dən Rusiya ilə birgə istifadə məsələsi gündəlikdədir. Qəbələ RLS-lə bağlı məsələ də prezidentlərin müzakirə mövzusu ola bilər”.

Politoloq İranla bağlı məsələnin dövlət başçılarının diqqət mərkəzində olacağını güman edir. “İranla bağlı durum kifayət qədər gərgindir və gərginlik artmaqda davam edir”.

Cənab Musabəyov Azərbaycanın energetika layihələrinin dünyanın və Amerikanın marağında olduğunu xüsusi vurğulayıb. “Bu kontekstdə Azərbaycanın təhlükəsizliyi də Amerikanın marağındadır”.

Onun dediyinə görə, prezidentlər Amerikanın Azərbaycanla bağlı gündəliyində duran ənənəvi məsələlərə də toxunacaq. “Azərbaycanda insan hüquqlarının qorunması və demokratiyanın inkişafı ilə bağlı məsələlər Amerikanın mütəmadi diqqət mərkəzindədir”.

Politoloq hesab edir ki, Azərbaycan danışıqlarda ilk öncə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsini qaldıracaq. “Çünki Amerikanın da həmsədr olduğu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan uzunmüddətli danışılar dalana dirənib. Bu ilin dekabrında ATƏT-in zirvə toplantısında münaqişənin həlli ilə bağlı qəti qərar verilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan yenilənmiş Madrid sənədinin son variantını qəbul edib, Ermənistan isə bu sənədə “yox” deyib. Azərbaycan maraqlıdır ki, sənədin qəbulu ilə bağlı Amerika ədalətli mövqe nümayiş etdirsin. Hesab edirəm ki, bu məsələ görüşün əsas mahiyyəti olacaq. İkincisi isə Azərbaycan öz təhlükəsizliyini möhkəmləndirmək məcburiyyətindədir və bilmək istəyir ki, hansı dövlətlə münasibətdə təhlükəsizliyinə təminat alacaq. Azərbaycan Amerikanın enerji layihələrində də siyasi və iqtisadi dəstəyinə əmin olmaq istəyir”.

O tərəflərin müzakirə ediləcək məsələlərdə razılıq əldə edəcəyini ehtimal edir. “Qarabağ münaqişəsinin həlli məsələsində Amerikanın mövqeyində Azərbaycanı razı salacaq məqam olmazsa, danışıqlarda hansısa razılıq əldə ediləcəyinə inanmıram. Hər iki tərəf sözdə deyil, real hərəkətlərdə irəliləyiş gözləyir”, - deyə politoloq vurğulayıb.

XS
SM
MD
LG