Accessibility links

Rasim Musabəyov: Rusiyanın sülhməramlılarını münaqişə zonasına yaxın buraxmaq olmaz


Rasim Musabəyov: Rusiyanın sülhməramlılarını münaqişə zonasına yaxın buraxmaq olmaz

Rasim Musabəyov: Rusiyanın sülhməramlılarını münaqişə zonasına yaxın buraxmaq olmaz

Cənab Musabəyovun fikrincə, Rusiya ilə Ermənistan müttəfiqidir və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində bitərəf mövqe tuta bilməz. Münaqişənin həlli istiqamətində irəliləyiş üçün Amerika və Fransa da fəal olmalıdır.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin bu gün Soçidə keçirilən görüşünün nəticələrindən danışıb. Onun fikrincə, Rusiya ilə Ermənistan müttəfiqidir və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində bitərəf mövqe tuta bilməz. Münaqişənin həlli istiqamətində irəliləyiş üçün Amerika və Fransa da fəal olmalıdır.

Sual: Bu gün Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə Ermənistan-Azərbaycan münaqişəsi və Xəzərin hüquqi statusu məsələləri müzakirə edilib. Görüşdən hansı nəticələri gözləyirsiniz?

Cavab: Bu görüş nəticə üçün keçirilməyib. Soçi görüşü mövqeləri dəqiqləşdirmək, yaxınlaşdırmaq xarakteri daşıyırdı. Nəticədən o zaman danışmaq olar ki, bundan sonra Dmitri Medvedev Ermənistan prezidenti ilə də görüşsün. Yalnız, bundan sonra üç ölkə prezidentinin növbəti görüşünün keçirilib - keçirilməməsi ilə bağlı qərarlar verilə bilər. O halda, bu görüşün nəticəsindən danışmaq olar.

Sual: Görüşdən öncə Rusiya prezidenti Rusiya - Gürcüstan müharibəsinin Azərbaycan və Ermənistana təsirləri ilə bağlı suala cavab verib. Dmitri Medvedevin Gürcüstan hadisələrini Azərbaycan və Ermənistan üçün “yaxşı dərs” adlandırmasını necə qiymətləndirirsiniz?

Cavab: Mənə elə gəlir ki, Dmitri Medvedev bir az lovğalıq edirdi. Bu bəyanatdan bütün dövlətlər dərs götürməlidir. Belə ki, heç bir münaqişə zonasına Rusiyanın sülhməramlılarını yaxın buraxmaq olmaz. 2008-ci ilin avqust müharibəsinin əsas nəticəsi budur. İkinci dərs odur ki, Rusiya imperiya ambisiyasından geri çəkilmək niyyətində deyil. Məhz bu, Rusiya ilə həmsərhəd olan bütün ölkələr üçün çox böyük dərsdir. Azərbaycan və Ermənistan üçün isə dərs odur ki, Rusiya münaqişənin nizamlanmasında iki dövlət arasında vasitəçilik edir, eyni zamanda Ermənistanın hərbi müttəfiqidir. Məhz bu səbəbdən də, Azərbaycan 2008-ci il müharibəsindən də öncə öz mövqeyini tam dəqiqləşdirib.

Sual: Rusiyanın vasitəçiliyi ilə münaqişənin həlli mümkündürmü? Beynəlxalq ekspertlər hesab edir ki, Rusiya həm Ermənistanın hərbi müttəfiqidir, həm də hər iki münaqişə tərəfini silah və sursatla təmin edir.

Cavab: Əslində, belə nümunələr var. ABŞ Yunanıstana və Türkiyəyə silah satır. Eyni zamanda, bu dövlətlər arasında münasibətlərin hərbi qarşıdurmaya çevrilməməsi üçün vasitəçilik missiyası həyata keçirirdi. Amerika həm İsrailə, həm də Misirə milyard dollarlarla ölçülən silahlar bağışlayır. Amma, eyni zamanda Fələstin münaqişəsinin nizamlanmasında əsas moderatordur.

Fikrimcə, Rusiyanın indiki Cənubi Qafqazda durumu heç də müsbət deyil. Yəni, status-kvonun saxlanması heç də Rusiyanın bölgədə imkanlarının artmasına xidmət etmir. Gürcüstandakı müharibədən sonra Rusiyanın Ermənistandakı hərbi bazası demək olar ki, kommunikasiyasız qalıb. Rusiya anlayır ki, münaqişənin həlli prosesi uzandıqca Azərbaycan Gürcüstan və Türkiyə ilə müttəfiqliyini daha möhkəmləndirəcək və Rusiyanın bölgədə nüfuzu daha da aşağı düşəcək. Nəhayət, Rusiyanın Azərbaycandan konkret istəkləri var və münaqişə həll edilməsə həmin istəklərin reallaşması da qeyri-mümkündür.

Sual: Rusiya prezidentinin Ermənistan prezidenti ilə də görüşüb münaqişə ilə bağlı danışıq aparacağı gözlənilir. Fikrinizcə, Amerikanın iştirakı olmadan Rusiya münaqişənin həllinə nail ola bilərmi? Çünki, Azərbaycan da bir qayda olaraq Amerika tərəfini münaqişənin həlli istiqamətində səylərini artırmağa çağırır.

Cavab: Bununla razıyam. Təbii, Amerika proseslərdən tam kənarda deyil. Təkcə Minsk qrupunun həmsədrləri deyil, həm də dövlət katibi Hillari Klinton münaqişənin nizamlanmasında yaxından iştirak edir. Yada salmaq istəyirəm ki, Kazan görüşündən öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqtonda danışıqlar aparmışdı. Fransa da səylərini artırıb. Ancaq, bunlara baxmayaraq hazırda Rusiya prezidentinin əsas moderator kimi çıxış etdiyi müşahidə olunur. Hesab edirəm ki, Amerika və Fransanın bu istiqamətdə fəallığını artırması Azərbaycan üçün müsbət hal olardı. Ancaq, təəssüf ki, bu Azərbaycandan asılı məsələ deyil.

Sual: Nabucco kəmərinin 2013-cü ildə çəkilişinin başlanacağı bəyan edilib. Bu bəyanatdan, bir neçə gün sonra Xəzərin hüquqi statusunun müzakirəsinin Azərbaycan və Rusiya prezidentlərinin danışıqlarının gündəliyinə gətirilməsi nədən xəbər verir?

Cavab: Əslində, Xəzər məsələsinin Azərbaycan Rusiya münasibətlərində öz yeri var. Bu problemin həllinin əhəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllindən az deyil və Azərbaycan üçün olduqca vacib bir məsələdir. Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeləri xeyli yaxındır. İndi, Xəzər dənizi ölkələrinin dövlət başçılarının sammiti Rusiyada keçirilməlidir. Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı irəliləyişə nail olmaq da mümkündür. İstisna etmirəm ki, bu həm də Rusiya üçün bir alver predmetidir. Onları narahat edən transxəzər kəmərlərinin çəkilməməsi müqabilində Xəzərin statusu ilə bağlı hansısa nəticənin əldə olunması üçün Rusiya İrana təsir və təzyiqlərini artıra bilər. Digər tərəfdən, Rusiyanın Azərbaycanla bağlı müəyyən istəyi var və o, Qarabağ münaqişəsinin həllində irəliləyiş təmin etmək məsələsinə bağlı idi. Bu mümkün deyilsə, ola bilsin ki, Rusiya Xəzər məsələsində səylərini artırmaqla kompensasiya etmək niyyətindədir.

Ancaq, bütün hallarda Xəzərlə bağlı Azərbaycan Rusiya danışıqları məntiqlidir və zəruridir.

XS
SM
MD
LG