Accessibility links

Jurnalistin ölümü ictimai diqqətdədir (ictimai-siyasi xadimlərin şərhləri)


Jurnalist Rasim Əliyevin dəfn mərasimi
Jurnalist Rasim Əliyevin dəfn mərasimi

Jurnalist Rasim Əliyevin döyülərək ağır bədən xəsarətləri alması nəticəsində xəstəxanada vəfat etməsi ictimai-siyasi xadimlər tərəfindən kəskin tənqidlərlə qarşılanıb.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Facebook səhifəsində yazır ki, jurnalist Rasim Əliyevin ölüm xəbəri yayıldı. Acı bir xəbərdir, təsəlli verməyə söz tapmıram.

Nadzorun məhkumu, müstəntiqin “müqəssiri”, həkimin xəstəni, hakimin ədaləti, prokurorun qanunu, idmançının jurnalisti öldürdüyü ölkədə vida zənginin kimin üçün çalınması mühüm deyil.

Cəmil Həsənli

“O, öz əcəli ilə ölməyib, cəngəllik qanunlarının hökm sürdüyü ölkəmizdə döyülərək öldürülüb. Elmar Hüseynovdan fərqli olaraq Rasim siyasi mövzularda yazan jurnalist deyildi. O, idman xəbərləri hazırlayırdı. Avqustun 16-da doğum günün qeyd etməyə, sonra da ailə həyatı qurmağa hazırlaşırdı. Amma qismət olmadı, idmançı adı altında bəslənilən qoçu dəstələri Rasimi Bakının ortasında döyərək öldürdülər. Onu insafsızcasına döyüblər, daxili qanaxmadan vəfat etdiyi bildirilir. Böyük faciədir. Göründüyü kimi bu ölkədə heç kəs harınlıqdan sığortalanmayıb. Qoçu gülləsi, üstlərinə sürüləcək maşınlar, idmançı yumruqları hər an bu millətin başının üzərindədir. İdmanın ayrı-ayrı nazirlərə, vəzifəli şəxslərə tapşırılması bu sahənin kriminallaşması üçün geniş imkanlar açır. Bir neçə idman yarışındakı uğurlardan sonra çox asanlıqla çempion olmuş şəxslər müxtəlif nazirliklərdə saxlanılan hücumçu dəstələrin” sıravi “döyüşçülərinə” çevrilirlər. Son illərdə hətta hüquq mühafizə orqanlarında həbs edilmiş şəxsləri döymək, müxtəlif işgəncə əməllərini həyata keçirmək üçün xüsusi idmançı dəstələri saxlayırlar. Onlar müstəntiqlərin vuran əli, təhqiqatçıların döyüş cəngavərləri rolunda çıxış edirlər. Harasa basqın etmək, haranısa dağıtmaq, hansı obyekti sahibinin əlindən almaq lazım gələndə, bu “hücumçu dəstələr” işə düşür. Ötən seçkilər zamanı, 2013-cü ilin 9 oktyabrında bu muzdlu dəstələri şəhərin müxtəlif yerlərindəki şadlıq evlərində “döyüşə” hazır vəziyyətdə saxlayırdılar ki, işdir xalq seçki saxtakarlığına etiraz etsə, Rasim kimi qol-qabırğasını sındırsınlar, içini qan gölünə çevirsinlər. Bu da bir faciədir. Hakimiyyətin, idmanın kriminallaşmasının adi həyat tərzinə çevrildiyi bir ölkənin faciəsi. Bu gün idman xəbərləri yazan Rasim bu faciənin qurbanı oldu. Sabah mədəniyyət verilişləri hazırlayan birisinin idmançı adı altında bəslənilən qoçu gülləsinin nişangahına çevrilməyəcəyinə heç bir təminat yoxdur. Nadzorun məhkumu, müstəntiqin “müqəssiri”, həkimin xəstəni, hakimin ədaləti, prokurorun qanunu, idmançının jurnalisti öldürdüyü ölkədə vida zənginin kimin üçün çalınması mühüm deyil”, Cəmil Həsənli qeyd edir.

AXCP sədri Əli Kərimli jurnalist Rasim Əliyevin döyülərək xəstəxanada vəfat etməsini ölkədə cəzasızlıq mühitinin yaradılması ilə əlaqələndirib. Onun facebook səhifəsində yazdığını təqdim edirik:

Bir millət olaraq səfərbər olub, insanı bir heç sayan rejimi durdura bilmədikcə, bu cəzasızlıq, qudurğanlıq mühiti bərbad səhiyyə ilə birlikdə hələ çox canlar alacaq.

Əli Kərimli

“Jurnalist Rasim Əliyev ölkədəki cəzasızlıq mühütinin, günü-gündən artan qudurğanlığın növbəti qurbanıdır. Əlbəttə ki, formal olaraq onun "Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən ölümcül döyüldüyü məlumdur. Lakin jurnalistin vəhşicəsinə döyülməsi səbəb yox, nəticədir.

Rejim təkcə Rasim Əliyevi deyil, çoxlu sayda vətəndaşımızı ölümə məhkum edib. Onların öldürülməsi prosesi addım-addım davam edir. Rasim bəyin öldürülməsi prosesi bu gün başa çatdı. Digərləri də tədricən ölümünə yaxınlaşır. İlham Əliyev ekran qarşısında “Mənə deyirlər, nümayişçilərə güc tətbiq etmiş polisləri cəzalandırın, amma mən buna imkan verməyəcəm” deyib, ölkədəki cəzasızlıq dövrünü açıq elan edəndə; cəzaçəkmə müəssisəsində məhbus Elşad Babayev işgəncə ilə öldürülüb, qanı batırılanda; bığıburma ədliyyə mayoru həbsxanada ahıl, xəstə qadını - Leyla Yunusu döyüb, cəzasız qalanda; oliqarxların övladları avtoqəzalarda öldürdükləri insanların qanınını batıranda; məhkəmə sistemimiz onlarla sahibsiz insanın ölüm işlərini ört-basdır edəndə; yarıtmaz, məhv edilmiş səhiyyə sistemimiz minlərlə insanın Əzarayılına çevriləndə Rasim Əliyev kimi yüzlərlə vətəndaşımız da ölümünə yaxınlaşırdı. Bir millət olaraq səfərbər olub, insanı bir heç sayan rejimi durdura bilmədikcə, bu cəzasızlıq, qudurğanlıq mühiti bərbad səhiyyə ilə birlikdə hələ çox canlar alacaq.

Allah Rasim Əliyevə - diktaturanın bu gənc qurbanına rəhmət etsin, bizlərin səbrindən kəsib, onun valideynlərinə, doğmalarına versin ki, onlar bu acıya dözə bilsinlər”, AXCP sədri qeyd edir.

Müsavat Partiyası baqşanı Arif Hacılı yazıb ki, vəhşicəsinə döyülərək öldürülən jurnalist Rasim Əliyevi mövcud olan anormal mühitin, cəzasızlığın, harınlığın qurbanıdır.

Rasim Əliyevin ölümünə ümumi cəasızlıq mühiti, polisin jurnalistin şikayətinə əhəmiyyət verməməsi, futbolçunun hərəkətlərinə görə cəzalanmayacağina əmin olması, səhiyyə sistemiminin acınacaqlı vəziyyəti səbəb oldu.

Arif Hacılı

“Ədalət mühakiməsi sisteminin mövcud olmadığı bir ölkədə heç olmasa ictimai qınaq mühiti olmalıdır, bu da yoxdur. Bir ortabab futbolçu özünü ləyaqətlə apara bilməyərək millətimiz adına utanc gətirən hərəkətə yol verəndə müxtəlif əfsanələr uydurub ondan saxta qəhrəman düzəltdilər. Cəzalandırmaq əvəzinə təriflədilər, təqdir etdilər. O növbəti dəfə bir az da irəli getdi. Bəlkə də düşündü ki, jurnalisti döydürsə bir az da populyarlaşar.

Rasim Əliyevin ölümünə ümumi cəasızlıq mühiti, polisin jurnalistin şikayətinə əhəmiyyət verməməsi, futbolçunun hərəkətlərinə görə cəzalanmayacağina əmin olması, səhiyyə sistemiminin acınacaqlı vəziyyəti səbəb oldu.

Rasim Əliyevin qətlinə görə ilk növbədə bütün bu naqislikləri yaradan Azərbaycan hakimiyyəti cavabdehdir. Bu hakimiyyət, indiki idarəçilik sistemi mövcud olduqca belə hadisələr yenə də baş verəcək”, Arif Hacılı qeyd edir.

Bu ilin mayında çoxsaylı insan ölümü ilə bağlı tənqidi status yazan İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı sabiq nümayəndəsi Arif Məmmədov Facebook səhifəsində yazır ki, jurnalist Rasim Əliyevin qəddar, amansız və alçaqlıq yolu ilə həyata keçirilmiş qətli təkcə Rasimin ailə üzvlərinin deyil, bütün xalqın faciəsidir.

Bu qədər haqsızlığa heç bir xalq dözməz.

Arif Məmmədov

“Bu faciələrə, demək olar hər gün müşahidə etdiyimiz intiharlara, millətimizin qaymağı olan, həbslərdə galan vicdan məhbusları Xədicə xanıma, Arif ve Leyla Yunuslara, İlqar Məmmədova, Anar Məmmədliyə, Tofiq Yaqubluya, Yadiqar Sadıqova və onlarla digər bacı ve gardaşlarımıza garşı məhkəmələrdə baş verən, ağıla sığmayan ədalətsizliklərə biqanə qalmağımız anlanılmazdır.

Mən ilk Facebook statusumda yazmışdım, indidə təkrar edirəm: “Bu qədər haqsızlığa heç bir xalq dözməz”, Məmmədov qeyd edir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov APA agentliyinə bildirib ki, Rasim Əliyevə fiziki təzyiq göstərənlər, onun ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır.

“Mətbuat Şurası jurnalistin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, bu əməli törədənlərin tezliklə qanun qarşısında cavab verəcəyinə ümid etdiyini bildirir”.

Ə. Amaşov bildirib ki, bu hadisənin sosial şəbəkələrdə və bəzi media orqanlarında dərhal siyasiləşdirilməsini doğru hesab etmir.

Hələ ki sosial şəbəkə KİV hesab olunmur. Lakin sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir.

Əflatun Amaşov

“Hadisəni hüquq-mühafizə orqanları araşdıracaqlar. Hələ ki hadisə tam araşdırılmayıb, ona görə məsələni söz və mətbuat azadlığı müstəvisində şərh etmək düzgün olmazdı. Araşdırma zamanı o da nəzərə alınmalıdır ki, son günlərdə bir neçə olayın ardıcıl baş verməsi ayrı-ayrı qüvvələrin Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem olduğu görüntüsü yaratmaq istədiklərini göstərir. Eyni zamanda ölkədə bir milyon yarım sosial şəbəkə istifadəçisi var. Hələ ki sosial şəbəkə KİV hesab olunmur. Lakin sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir. Dəfələrlə bu narahatlıq ifadə edilib, müzakirəyə çıxarılıb”.

Ə. Amaşov Mətbuat Şurasının hadisənin araşdırılmasını diqqətdə saxlayacağını da qeyd edib.

XS
SM
MD
LG