Accessibility links

Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib [Video]


Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevi öldümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Bu günki məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəyib.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.

C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.

Bu günki prosesdə K.Mədətovun vəkili Rəsul Yusifbəyli müvəkkilinin ittiham olunduğu 126-cı maddənin (qəsdən sağlamlığa ağır zərərvurma, ölümlə nəticələndikdə) dəyişdirilərək 307-ci maddə (cinayəti bilib gizlətmə) ilə tövsif edilməsini istəyib və yekunda bəraət istəyib .

S.Mustafayevin vəkili Bəxtiyar Əliyev müvəkkilinə bəraət istəyib.

Zərərçəkmişlər isə məhkəmədən təqsirləndirilən şəxslərə ağır cəza istəyib. Zərəçəkmişlərin nümayəndəsi Fariz Namazlı həmçinin deyib ki, həkimlərin istintaqa cəlb edilməsi ilə bağlı təqsirləndirilən şəxslərin vəkillərinin mövqeyi Rasim Əliyevin ailəsinin mövqeyi üst-üstə düşür.

Növbəti proses martın 10-a təyin edilib.

XS
SM
MD
LG