Accessibility links

Babək və Nəsimi kimi qəhrəmanları ekranda canlandırqan sonra tanınmış aktyorun Kinematoqrafçılar İttifaqını tərk etməsi bu təşkilata qarşı basqılarla eyni vaxta təsadüf edir

Azərbaycanın tanınmış kino xadimi, “Babək” və “Nəsimi” kimi ölkənin qəhrəmanlıq simvolu olan filmlərdə baş rolların ifaçısı Rasim Balayev yanvarın 18-də Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqını tərk etdiyini bəyan edib.

Xalq artistinin AzərTAc dövlət agentliyinə göndərdiyi bəyanatda deyilir:

“Son zamanlar Rüstəm İbrahimbəyovun təsis etdiyi və mənim katib olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqı barədə mediada müxtəlif söz-söhbətlər dolaşmaqdadır.

Bildirirəm ki, mən Rüstəm İbrahimbəyovu istedadlı dramaturq və rejissor kimi tanımışam, hazırda da bu fikirdəyəm. Biz uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqında birgə çalışmışıq və İttifaqın yaranmasında məqsəd Azərbaycan kino sənətinə dəstək və töhfə vermək olmuşdur. Mən bir Azərbaycan ziyalısı və kino sənətinin inkişafında rolu olan şəxs kimi hesab edirəm ki, həqiqətən hər bir ziyalı lazım gəldikdə millətinin, xalqının sözünü deməyi bacarmalıdır.

Lakin bu gün dünyada Azərbaycan Respublikasının uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu bir dövrdə hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun yanında olmaqdır. Bu vəzifə üçün isə hər kəs öz sahəsində bilik və bacarığını ölkəmizin inkişafına yönəltməlidir.

Şəxsiyyətinə hörmət bəslədiyim Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm.

Bütün mediadan, digər insanlardan bu məsələni siyasiləşdirməməyi və bu bəyanatın sırf yaradıcılıqla məşğul olmaq istəyimdən irəli gəldiyini nəzərə almalarını xahiş edirəm”.

Xatırladaq ki, Ziyalılar Forumunun təsisçilərindən olan Rüstəm İbrahimbəyov ölkədə durumun ağır olduğnu bəyan edir. O, iqtidarın siyasətini sərt tənqid edir. R.İbrahimbəyov yaxın günlərdə ölkədə yeni hərəkat elan ediləcəyini və bu hərəkatın prezident seçkilərində üçüncü qüvvə kimi çıxış edəcəyini deyib. Yeni hərəkatın nəticəsi olaraq Milli Şura təsis ediləcək və prezident seçkilərində vahid namizəd müəyyənləşdiriləcək.

R.İbrahimbəyovun bu bəyanatlarından sonra onun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqı vergidən yayınmaqda günahlandırılıb, cinayət işi başlanıb. Yanvarın 18-də ittifaqın ofisində axtarış aparılıb, sənədlər götürülüb.

Show comments

XS
SM
MD
LG