Accessibility links

Rasim Musabəyov: ABŞ-ı az qala Azərbaycanın düşməni elan etməyə dəyərmi?


Rasim Musabəyov

Rasim Musabəyov

Milli Məclisin deputatı, Parlamentin Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Rasim Musabəyov son günlər KİV-də və ölkənin hökumətyönümlü xadimlərinin, rəsmi şəxslərin ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlarla razı deyil.

“Azərbaycanın ictimai rəyə APA-nın məxfi materiallara istinadla hökumətlə bağlı bir sıra Amerika qurumlarının Azərbaycana qarşı yönəlmiş kampaniya planlaşdırdığı barədə yaydığı məlumat həddində artıq təsir edib.

Bakıda keçiriləcək Birinci Avropa Oyunlarından istifadə edərək, demokratiya, insan hüquqlarının pozulması və korrupsiya ilə əlaqədar Azərbaycan hökumətinin nüfuzdan salınması kampaniyası başlatmaq nəzərdə tutulur. Bu kampaniyanın dövlət katibi Con Kerrinin ofisindən əlaqələndirildiyi iddia olunur.

Bu məlumatların nə dərəcədə səhih olduğunu söyləmək çətindir. İstənilən halda, ABŞ-ın Azərbaycandakı səfirliyi onları qəti şəkildə təkzib edib. Bununla belə, yerli KİV, bir sıra siyasətçilər, QHT rəhbərləri, ekspertlər bu əməlləri pisləyən bəyanatlarla çıxış ediblər” - deyə Musabəyev öz Facebook səhifəsində yazır.

Kerrinin ermənipərəstliyi hamıya məlum olsa da və onun 90-cı illərin əvvəllərində Konqresdə 907-ci düzəlişin müəllifi olduğunu, habelə ABŞ-ın Osmanlı İmperiyasında erməni “soyqırımını” tanıması üçün lobbiçilik etdiyini yada salmaq kifayət etsə də, buna görə ABŞ-la düşmən olmağa dəyməz.

“Çox əhəmiyyətli də olsa, ayrı-ayrı idarələrin, şəxslərin mövqeyinə görə ABŞ-ı az qala Azərbaycanın düşməni elan etməyə dəyərmi? Bəli, erməni lobbiçiləri ənənəvi olaraq Dövlət Departamentində və Kapitolidə güclüdürlər. Amma o da faktdır ki, Energetika Nazirliyində, Pentaqonda, terrorizmə qarşı mübarizə məsələsində bizimlə sıx əməkdaşlıq edən kəşfiyyat idarələrində (MKİ, MNKİ, MTA) Türkiyə və Azərbaycanın mövqeləri də kifayət qədər güclüdür.

Sadəcə olaraq, Dövlət Departamentinin və Konqresin mövqeyi açıqdır, Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyət göstərən hökumət idarələri isə adətən məxfi fəaliyyət göstərir, amma kifayət qədər böyük təsirə malikdirlər”, Musabəyov qeyd edir.

Prinsipcə o da əhəmiyyətlidir ki, ABŞ-ın və Azərbaycanın milli maraqları üst-üstə düşmür, amma bir-birinə yaxşı uyğunlaşır, deputat belə hesab edir.

“Münasibətlərimizin süni olaraq gərginləşdirilməsi hər iki tərəfə ziyan vurur. Buna görə ictimai qiymətləndirmələrdə təmkinli olmaq, etibarlı dialoqu davam etdirmək, gətirilən dəlilləri dinləməyə hazırlıq nümayiş etdirmək lazımdır. Amerika rəhbərliyində qərəzli şəxslər gəlir-gedir, ABŞ isə gözlə görünən gələcəkdə yeganə böyük dövlət olaraq qalır, onunla tərəfdaşlıq öz iqtisadiyyatını inkişaf etdirmək və mürəkkəb təhlükəsizlik problemlərini həll etmək istəyən istənilən ölkə üçün vacibdir”, deyə sonda Musabəyov yazır.

XS
SM
MD
LG