Accessibility links

Abdulla Gül: Türkiyə daim Azərbaycanın yanındadır


Abdulla Gül: Türkiyə daim Azərbaycanın yanındadır
Abdulla Gül: Türkiyə daim Azərbaycanın yanındadır

Prezidentlər danışıqların yekunu olaraq “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalayıb

Azərbaycanla Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu bəyanatla Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Abdulla Gül Bakıda keçirdikləri birgə mətbuat konfransında çıxış edib.

Prezidentlər danışıqların yekunu olaraq “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalayıb.

Prezident Əliyev sənədin tarixi əhəmiyyətini qeyd edib. “Bu müqavilə qarşıdakı onilliklər üçün qardaş münasibətlərin gələcəyini müəyyən edir”.
İqtisadi əməkdaşlığa gəlincə Azərbaycan dövlət başçısı bildirib ki, qarşılıqlı yatırımların artması ilə yanaşı artıq 3-cü ölkələrə investisiyaların birgə qoyulması gündəmə gəlib.
Prezident Gül də imzalanmış müqaviləni “iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsinin göstəricisi” adlandırıb. O, iki ölkənin şirkətlərinin qarşılıqlı investisiyalarının daha da artırılmasının təşviq edilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etməyə hazırdırmı? Türkiyəli jurnalistin sualına cavabda prezident Əliyev bildirib ki, məsələ “daxili proseduralardan” keçməlidir. O, deyib ki, müzakirələrdən sonra Azərbaycan müvafiq addımlar atacaq. Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, cənab Əliyev bildirib ki, beynəlxalq vasitəçilərin təklifləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün şərait yaradır. Prezident bir daha bəyan edib ki, Dağlıq Qarabağın yekun statusu yalnız Azərbaycanın sərhədləri daxilində müəyyən edilə bilər.
Cənab Gül də Türkiyənin Azərbaycan prezidentinin bu mövqeyini bölüşdüyünü deyib. “Türkiyə daim Azərbaycanın yanında olacaq”.

Politoloq Rasim Musabəyov Türkiyə prezidentinin Azərbaycana səfərinin yekunları ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq 1991-ci ildə, Azərbaycanın müstəqilliyi bərpa olunduğu gündən mövcuddur

Cənab Musabəyov iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilədən danışarkən deyib ki, sənəddə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq ilə bağlı yeni məqamların olmasını istisna etmir. “Bu sənəd Rusiya ilə Ermənistan arasında imzalanacaq yeni hərbi razılaşmaya cavab reaksiyası ola bilər”.
O eyni zamanda hesab edir ki, Rusiya ilə Ermənistan arasında yeni imzalanacaq sənəd reallıqda Ermənistandakı Rusiya hərbi bazasının statusunu artırmır. “Əvvəlki sənəddə Rusiya bazasının Ermənistanda qalma müddəti 25 il müəyyən olunmuşdu, indi isə 49 il müddətinədək uzadılır. Lakin sazişin uzadılması əvvəllər də nəzərdə tutulmuşdu. İndiyədək qeyd olunurdu ki, baza Rusiyanın maraqlarına xidmət edir, indi isə əlavə olunur ki, Ermənistanın da maraqlarının təminatını nəzərdə tutur. Lakin elə bunsuz da baza Ermənistanın maraqlarını müdafiə edirdi və onun şəxsi heyətinin yarısını yerli ermənilər təşkil edir”.
Politoloq bildirib ki, 5 min nəfər şəxsi heyəti olan Rusiya hərbi bazası ilə Azərbaycanı qorxutmaq olmaz, üstəlik Rusiyanın bu bazanın təchizatı ilə bağlı imkanları olduqca məhduddur. “Əgər Ermənistan və Rusiya öz hərbi razılaşmalarına yenidən baxırlarsa, Azərbaycanla Türkiyə də bunu edə bilər. Məsələn, iki ölkə boru kəmərlərinin təhlükəsizliyinin təminatına dair razılaşmaya malikdir və bu əməkdaşlıq dərinləşdirilə bilər. Bundan əlavə, Ermənistan və İran artıq boru kəmərləri ilə bağlı hədə-qorxu gəlib, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana qarşı müharibəsi isə boru kəmərlərinə real təhlükə yaradıb. Türkiyə boru kəmərlərinin hava hücumundan müdafiəsini təmin edə bilər. Bundan əlavə, o, Gəncədə mobil qüvvələr yerləşdirə bilər”.

Cənab Musabəyov Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasını real hesab edir. “Qoy, Ermənistan düşünməsin ki, onun sərhədləri qorunur və o, rahat şəkildə öz qoşunlarını Azərbaycan ərazisində döyüşmək üçün Qarabağa göndərə bilər. Naxçıvanda Türkiyə bazasının yaradılması erməniləri Naxçıvandakı Azərbaycan korpusundan müdafiə olunmaq barədə düşünməyə vadar edəcək”, - deyə o əlavə edib.
Qarabağ nizamlanmasına dair danışıqlar barədə danışarkən o deyib ki, Sankt-Peterburqda Rusiyanın əvvəlcə razılaşdırılmış “Madrid prinsipləri”ndən kənara çəkilmək cəhdi göstərdi ki, Azərbaycana təzyiq göstərmək mümkün deyil. “Azərbaycanın reaksiyası özünü yubatmadı və bu, Aleksandr Lukaşenkoya kreditin verilməsində, İlham Əliyevin nümayişkaranə şəkildə Gürcüstana səfərində və Rusiyadan yan keçməklə Transxəzər qaz nəqli məsələsinin müzakirəsində özünü göstərdi”.
Cənab Musabəyov hesab edir ki, Rusiyanın Azərbaycanda da maraqları var . “Rusiya prezidenti Dmitri Medvedyev bu ilin sentyabrında Bakıya nəzərdə tutulan səfərinə Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı boş əllə gəlməməlidir. Bundan əlavə, ilin sonunda 1999-cu ildən indiyədək ilk dəfə olaraq ATƏT dövlət başçılarının sammiti keçiriləcək və sammit zamanı Minsk Qrupunun işinə qiymət veriləcək. Əgər irəliləyiş olmasa, bu vasitəçilik arxivə göndərilə bilər və onun yerini başqa təşəbbüslər tutar”.
Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi məsələsindən danışarkən politoloq deyib ki, müəyyən məqamlar var ki, nizamlanması lazımdır. “Türkiyə və İranla viza rejimi üçüncü dövlətdən arzuolunmaz şəxslərin bu ölkələr vasitəsilə Azərbaycana keçməsinin mümkünlüyü ilə əlaqədardır”. O ümid edir ki, belə təhlükələrin qarşısının alınması mexanizmi tapılacaq və Türkiyə ilə viza rejimi ləğv olunacaq.

XS
SM
MD
LG