Accessibility links

“Azad olmayan mətbuatın özünütənzimləmə nəyinə lazımdır?”


“Media azadlığı və hesabatlılıq: medianın özünütənzimləmə mexanizmləri” mövzusunda konfrans

“Media azadlığı və hesabatlılıq: medianın özünütənzimləmə mexanizmləri” mövzusunda konfrans

Bu sözlər RATİ, Avropa Şurası, Avropa İttifaqının Media azadlığı və hesabatlılıq mövzusunda Bakıdakı konfransında deyilib

Mətbuat azad deyilsə, onun inzibati müdaxilədən müdafiə üçün özünü tənzimləməsinin heç bir mənası yoxdur.
Bu fikir oktyabrın 24-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Avropa Şurası, Avropa İttifaqının Cənubi Qafqazda və Moldovada media plüralizminə dəstək üzrə birgə proqramı çərçivəsində Bakıda keçirdiyi “Media azadlığı və hesabatlılıq: medianın özünütənzimləmə mexanizmləri” mövzusunda konfransın bir çox iştirakçılarının çıxışında səslənib.

Avropa Şurasının kommunikasiyalar departamentinin müşaviri Leyla Dervişagiç qeyd edib ki, medianın özünütənzimləmə mexanizmləri ifadə azadlığının müdafiəsində mühüm rol oynayır. Bu məqsədlə AŞ iştirakçı ölkələrdə mətbuatın özünütənzimləmə institutlarını və onlar arasında əməkdaşlığı dəstəkləyir.

Konfransın moderatoru, Danimarkanın Beynəlxalq Mətbuat Təşkilatının (İnternational media support) regional proqramlar meneceri Gülnarə Axundova Azərbaycanda vəziyyətin spesifikliyinə diqqət çəkib, burada media azadlığı olmadığı halda mətbuatın özünü tənzimləməsi məsələsini müzakirə etmək lazım gəlir.

Mətbuat Şurasının idarə heyətinin üzvü Müşfiq Ələsgərlinin fikrincə isə, Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizmi təsdiq olunub və cəmiyyətin etibarını qazanıb. Xüsusən, o, 2003-cü ildən etibarən jurnalistlərin özləri tərəfindən formalaşdırılmış Mətbuat Şurasının uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Ələsgərli Mətbuat Şurasına ictimai etimadın göstəricisi kimi ötən il bu orqana 651 müraciət göndərildiyini bildirib. Onlardan 499-u KİV-dən şikayətlər olub. Ələsgərli hesab edir ki, Mətbuat Şurası sayəsində bu KİV-lər məhkəmə iddialarından yayınıblar.

Mətbuat Şurası peşə etikasına riayət olunmasına nəzarət edir, xəbərdarlıqlar edir və “qara siyahıya” daxil edir. Bu günə qədər “qara siyahıya” ümumilikdə 150-yə yaxın reket nəşr daxil edilib, deyə o bildirib.

Jurnalistlər İttifaqının sədri və “Ayna-Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı qeyd edib ki, Mətbuat Şurasının yarandığı andan etibarən ölkədə mətbuat sahəsində vəziyyət xeyli pisləşib. Buna görə indi söhbət mətbuatın özünütənzimləməsindən deyil, həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən özünü müdafiəsindən və qoruyub saxlamasından gedir.

“Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevin fikrincə, mətbuatın özünütənzimləməsi azad mətbuata xasdır. Jurnalist etikası normalarına riayət edilməsindən söhbət getmir, belə ki, KİV-lər azad deyil və onları maliyyələşdirənlərdən asılıdırlar.

Turan agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin Azərbaycan mediasının diffamasiya haqqında qanunun qəbuluna hazır olmaması barədə fikri ilə razı olmadığını bildirib. Məhz hakimiyyət bunda maraqlı deyil, çünki onlara idarə olunan media lazımdır.

2009-cu ildə Mətbuat Şurasının layihəsi çərçivəsində aparılan monitorinq göstərib ki, diffamasiya ilə bağlı pozuntuların əksəriyyəti məhz hökumətyönümlü KİV-lər – “Səs” və “Müasir Müsavat” qəzeti tərəfindən törədilib.
Bu zaman Mətbuat Şurası konformist mövqe tutur və hökumətyönümlü qəzetləri, məsələn, “Səs” qəzetini “qara siyahıya” daxil etmir.

Media Hüquqları İnstitutunun nümayəndəsi Xalid Ağaliyev ümumiyyətlə Mətbuat Şurasının kimi isə “qara siyahıya” daxil etməsinin hüquqi əsaslarının olmadığını bildirib.

Cənab Ağaliyev qeyd edib ki, mətbuatın özünütənzimləməsi üçün onun azadlığına verilən zəmanət şərtdir. Bu mənada dövlətin üzərinə bunun qanunverici əsaslarını – informasiya əldə edilməsi azadlığı, jurnalistlərin təhlükəsizliyinə zəmanət və s. yaratmaq vəzifəsi qoyulur.
2000-ci illərin ortalarından etibarən KİV-in fəaliyyəti ilə bağlı qanunvericilik daha da pisləşir, o cümlədən, informasiya əldə etmək hüququ məhdudlaşdırılır.

Jurnalistlərin təhlükəsizliyinin girovlarından biri Cinayət Məcəlləsində jurnalistin qanuni peşə fəaliyyətinə maneə yaradılmasına görə məsuliyyət normasının olmasıdır. Amma hələ heç kim bu maddə ilə məsuliyyətə cəlb edilməyib, baxmayaraq ki, son 7 ildə jurnalistlərə qarşı 400-dən çox fiziki təzyiq faktı olub.
Digər tərəfdən, Cinayət Məcəlləsində diffamasiyaya görə cəza olması artıq jurnalistlər arasında özünüsenzuraya səbəb olan amildir.

“Respublikaçı Alternativ” vətəndaş hərəkatının üzvü Natiq Cəfərli qeyd edib ki, ölkədə mətbuatın azad fəaliyyəti üçün şərait – azad rəqabət, azad reklam bazarı, müstəqil məhkəmələr olmadığı halda mətbuatın həqiqətən özünütənzimləməsi haqqında söhbət belə gedə bilməz.
Azad rəqabət və reklam bazarı olmadığı üçün mətbuat oliqarx məmurların nəzarəti altına düşür.
Macarıstanın - əhalisinin sayı Azərbaycanla eyni olan ölkənin KİV reklam bazarı 600 mln. avro təşkil edir və bu zaman 160 mln. avro çap KİV-lərinə aiddir.
Azərbaycanın çap nəşrlərinin reklam bazarı cəmi 2 mln. avro təşkil edir.

Arif Əliyevin sözlərinə görə isə, son 12 ildə Azərbaycan KİV-də reklam 9 dəfə azalıb, qəzet satışı isə 45 faiz düşüb.

25 ildir Böyük Britaniyanın Mətbuat Şurasının üzvü olan beynəlxalq ekspert Aydan Uayt qeyd edib ki, medianın özünütənzimləməsinin şərtlərindən biri KİV sahiblərinin şəffaflığı və peşə etikası normalarına riayət etməklə bağlı könüllü öhdəlikləridir.

Digər tərəfdən, özünütənzimləmə həm redaksiyaların nizamnamələri, həm də KİV-lər arasında peşə etikası normalarına riayət edilməsi haqqında sazişlərlə həyata keçirilir.

Bununla belə, onun sözlərinə görə, İnternet geniş imkanlarla yanaşı, hədələrdən, təhqirlərdən, böhtandan müdafiə üçün yeni çağırışlar doğurub və bu sahədə on-line jurnalistikanın özünütənzimləmə və məsuliyyət mexanizmlərini işləyib hazırlamaq lazımdır.

Bloger Əli Novruzov hesab edir ki, Azərbaycanda hələlik İnternet sahəsində tənzimləmə və özünütənzimləməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, hələlik İnternet inkişaf mərhələsindədir və bu prosesin gedişində vəziyyət sabitləşəcək. Digər tərəfdən, onun fikrincə, özünə hörmət edən blogerlər auditoriyanı qoruyub saxlamaq üçün özləri etik normalara riayət edilməsində maraqlıdırlar.

Eyni zamanda, o, hökumətin İnternetə, qeyri-rəsmi nəzarət cəhdləri, xüsusən Qərb şirkətlərindən birinə sosial şəbəkələrə nəzarət proqramı sifariş vermək cəhdi faktının ifşası məsələsinə diqqət çəkib.

RATİ direktoru Emin Hüseynovun fikrincə, on-line ifadə azadlığı daha üstündür və ayrı-ayrı maraqların qurbanına çevrilməməlidir.
Bu zaman Hüseynov sosial şəbəkə istifadəçilərinin və on-line jurnalistlərin İnternetdə ifadələrinə görə başqa maddələrlə ittiham sürülərək təqib edilməsinin yanlış olduğunu qeyd edib.

“Bəlkə kimlərsə fikirləşir ki, bu, “özünütənzimləməyə”, daha doğrusu özünüsenzuraya təsir göstərəcək. Amma bu, yanlış fikirdir. Təcrübə göstərir ki, belə “profilaktik tədbirlər” yalnız qısamüddətli nəticəyə malik olur və bir müddət sonra İnternetdə “özünüsenzura” aradan qalxır”, Hüseynov belə hesab edir.

Görüşdə müzakirələrin bir sıra iştirakçıları, xüsusən deputat Fəzail Ağamalı, ekspert Azər Həsrət və başqaları Azərbaycanda azad mətbuatın olmaması haqqında fikirlə razı olmadıqlarını bildirib.
XS
SM
MD
LG