Accessibility links

Mina təmizləyən sıçovullar [Video]


1975-ci ildə sona çatan müharibədən sonra yerə basdırılmış minalar 20 min kambocalının həyatına son qoyub. Hazırda Kambocanın aparıcı təşkilatlarından biri minaların tapılıb zərərləşdirilməsi üçün sıçovullara təlimlər keçir.

Kambocada vətəndaş müharibəsinin sona çatmasından 40 il keçməsinə baxmayaraq, minalar bu ölkədə bəla olaraq qalır. Bəzi hesablamalara görə, torpaqlarda hələ də bir milyondan çox mina var və 2013-cü ildən bəri bu səbəbdən 100 nəfərdən çox insan ölüb.

Lakin yeni müttəfiqlər - sıçovullar minalara qarşı mübarizəyə qoşulub. Kambocanın “Minalara Qarşı Mübarizə Mərkəzi” 15 Qambiya sıçovuluna yerə basdırılmış minaları iyləyərək tapmaları istiqamətində təlimlər keçir. “Mən bizim əvəzimizə bu işi görən sıçovulların minaları bizdən qat-qat tez aşkar etdiyinə, bununla mina təhlükəsini azaltdığına inanıram. Çünki sıçovullar insanlardan tez işləyir, yəni beş-altı dəfə tez hərəkət edir” deyə, mərkəzin işçisi Tip Toun bildirir.

Sıçovullar 100 kv. metr sahəni 20 dəqiqəyə, insanlar isə eyni sahəni 4-5 günə təmizləyir. Təlimçilər təlimlərə sıçovulların 1 ayı tamam olan kimi başlayırlar. Belçikanın qeyri-hökumət təşkilatı APOPO simovulları Kambocaya Tanzaniyadan gətirir.

Sıçovul təlimçisi So Malin: “Mən buraya ilk dəfə gələndə sıçovullara təlim keçilməsi məni təəccübləndirdi. Amma indi mən minanın və ya hansısa əşyanın iyini bilmələri üçün onlarla məşq edirəm.”

Sıçovul minanın basdırıldığı yeri tapanda ayağı ilə həmin yeri eşməyə başlayır və onda mükafat olaraq ona dadlı banan verilir. Gördükləri işdən əlavə, minaların partlaması üçün sıçovulların çəkisi də çox yüngüldür. Ərazilər minalarla dolu olduğu müddətdə bu heyvanlar insanların həyatını xilas etmək yolunda işləyən qrupun ən vacib hissəsi olacaq.

XS
SM
MD
LG