Accessibility links

Rauf Mirqədirovun həbs müddəti daha 2 ay uzadıldı [Audio-Müsahibə]


Rauf Mirqədirov

Rauf Mirqədirov

Sentyabrın 4-də Nəsimi rayon Məhkəməsi hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə jurnalist Rauf Mirqədirovun həbs müddətinin iki ay - noyabrın 16-dək uzadılması barədə qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Elmar Süleymanov bildirib.

Onun sözlərinə görə, jurnalistin həbs müddətinin uzadılması barədə qərar prokurorluğun təqdimatı əsasında olub.

Bugünki prosesdə vəkillərin işə baxan hakim Şəlalə Həsənovaya qarşı verdikləri etiraz təmin olunub:

“Rauf Mirqədirovla bağlı işə bundan əvvəl də Şəlalə Həsənova baxdığı üçün ötən gün keçirilən iclasda biz hakimə etiraz verdik. Həmin etiraz təmin olundu və işə hakim Azər Paşayevin sədrliyi ilə baxıldı,” vəkil qeyd edib.

Prokurorluq həbs müddətinin uzadılmasını jurnalistin yaşayış yerinin bilinməməsi, qeydiyyatı olduğu yerdə yaşamamasını əsas gətirərək, qaçıb gizlənmə ehtimalının olduğu ilə izah edib.

Bu zaman müdafiə tərəfi vəsatətlə çıxış edib.

Müdafiə tərəfi bunun yanlış olduğunu bildirib, notarial qaydada vaxtilə R.Mirqədirovun yaşayış yeri haqqında sənədlərin ibtidai istintaqa verildiyini deyib.

Buna görə də vəkillər istintaq orqanına müdafiə tərəfinin təqdim etdiyi sənədlərin məhkəmədə nümayiş etdirilməsini istəyib.

Hakim bu vəsatəti təmin etməyib.

Rauf Mirqədirov da uzadılma ilə bağlı qərarla razılaşmadığını, boş yerə uzadılmanın səbəbsiz olduğunu deyib.

Vəkil bu uzadılmanı sonuncu uzatma olduğunu deyərək, bundan sonra qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

* Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib. O, bu ittihamları qətiyyətlə rədd edir. Həbsin əsl səbəbi Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.

Maraqlıdır ki, L.Yunus və həyat yoldaşı Arif Yunus barəsində dövlətə xəyanət ittihamı ayrıca icraata ayrılıb və onlar iqtisadi cinayətlərə görə mühakimə olunublar.

XS
SM
MD
LG