Accessibility links

Human Rights Watch: Rauf Mirqədirova qarşı ittihamlar siyasi motivlidir


Human Rights Watch
Human Rights Watch

Beynəlxalq hüquq müdafiə təşkilatı jurnalistin həbsi ilə bağlı bəyanatla çıxış edib. Qurum Türkiyə və Azərbaycanı beynəlxalq öhdəlikləri pozmaqda günahlandırır

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı aprelin 24-də jurnalist Rauf Mirqədirivun həbsi ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, tanınmış müstəqil jurnalist Rauf Mirqədirovun Türkiyədən zorla və tələsik çıxarılmasından sonra Azərbaycanda tutulması, bu həbsin iki ölkə arasında koordinasiyalı bir əməliyyat şəklində həyata keçirildiyinin əlamətlərini göstərir və bu beynəlxalq hüquq normalarının pozulmasıdır.

Mirqədirovun vəkillə təmin olunmasına və zəruri hüquqi müdafiəsinə şərait yaratmadan zorla Azərbaycana göndərilməsinə görə Türkiyə tərəfi üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəlikləri pozub.

Azərbaycan tərəfi Mirqədirovu Bakıda beynəlxalq hava limanında 19 aprel 2014-cü ildə həbs edib. Nəsimi Rayon Məhkəməsinin 21 aprel tarixli qərarı ilə Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Məşhur tənqidçi jurnalist və siyasi şərhçi Mirqədirov casusluq ittihamı üzrə günahkar bilinir və günahı sübuta yetirildiyi təqdirdə onu 10 ildən ömürlük həbs olunmaya qədər cəza gözləyir.

“Heç bir zəruri hüquqi müdafiə təmin olunmadan jurnalistin Azərbaycana zorla göndərilməsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq ehtimalı dərhal və hərtərəfli araşdırılmalıdır. Mirqədirova qarşı irəli sürülən ittihamların müstəqil şəkildə araşdırılma bitənə qədər o, həbsdən azad olunmalıdır”, deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müavini Reycel Denber bildirib.

Azərbaycanda nəşr olunan müstəqil “Ayna-Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi olaraq 2010-cu ilin avqustundan Mirqədirov ailəsi ilə birgə Ankarada yaşayıb. Azərbaycanda tənqidçi jurnalist fəaliyyətinə görə təzyiq və hədə-qorxudan ehtiyatlanaraq 2010-cu ildə o, ailəsi ilə Türkiyəyə köçmüşdü. Jurnalist heç bir zaman Türkiyədə sığınacaq üçün müraciət etməmişdir.

Mirqədirov Azərbaycanda və Türkiyədə baş verən siyasi hadisələri təhlil edib və insan hüquqları ilə bağlı müxtəlif məqalələrlə mətbuatda çıxış edib. Hər iki ölkədəki pisləşən siyasi durumu və insan hüquqları pozuntularını öz məqalələrində və şərhlərində tez-tez tənqid edib. Son dövrlərdəki yazılarında o, Azərbaycanda 8 gənc fəalın həbsini və onların işi üzrə davam edən məhkəməni ciddi tənqid edib.

Digər bir yazısında o, Türkiyə hökumətinin YouTube şəbəkəsini qapatması qərarını sərt şəkildə tənqid edib. Jurnalist fəaliyyəti ilə yanaşı, Mirqədirov həm də Dağlıq Qarabağ - Azərbaycanın tərkib hissəsi olan və əhalisinin çoxu etnik ermənilərdən olan muxtar bölgə - münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası (second track diplomacy) istiqamətində müxtəlif təşəbbüslərdə iştirak edir. Münaqişə tərəfləri arasında etimad və dialoqun qurulması məqsədi ilə qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən bir sıra tədbirlərin içtirakçısıdır.

Jurnalistin vəkili Fuad Ağayev Human Rights Watch-a bildirib ki, 9 apreldə Mirqədirov və onun jurnalist olan həyat yoldaşı Ankaradakı Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinə dəvət olunub. Orada onlara heç bir əlavə izahat verilmədən bildirilib ki, onların hər ikisinin jurnalist akkreditasiyası artıq ləğv olunub. Lakin jurnalistin vəkilinin və həmkarlarının bildirdiyinə görə akreditasiyanın müddəti 2014-cü ilin sonuna qədər etibarlı idi. Mirqədirova və onun həyat yoldaşına Türkiyəni tərk etmək üçün 2 həftə möhlət verilib.

Jurnalistin akreditasiyasının ləğvi baş nazir Rəcəp Tayyib Erdoğan və prezident İlham Əliyev arasında Bakıda keçirilən görüşdən az sonraya təsadüf edir. Onun akreditasiyasının ləğvi və az sonra deportasiya olunması bütün bunların həmin rəsmi görüşdəki anlaşma ilə bağlı olması və həyata keçirilən əməliyyatın iki ölkə arasında razılaşdırılmış və koordinasiyalı şəkildə olması haqda narahatlıqlar yaradır.

19 apreldə Mirqədirov öz ailəsi ilə Gürcüstana getmək məqsədi ilə avtobusa mindikdən qısa müddət sonra Türkiyə yetkililəri avtobusu durduraraq jurnalisti saxlayıb. Bu, hələ jurnalistin əvvəldən nəzarətdə olduğunu göstərir. Jurnalisti orada ailəsindən ayıraraq bir neçə saatdan sonra təyyarə ilə Bakıya göndəriblər.

Mirqədirov Türkiyədə saxlanıldığı zaman vəkil ilə görüşmək üçün təkid etsə də, ona nə özünün seçdiyi vəkili ilə görüşməsinə imkan verilib, nə də başqa vəkillə görüşmə imkanı yaradılıb. Türkiyə rəsmiləri deportasiya qərarının səbəblərini jurnalistə izah etməyib və bu qərardan etiraz etməsi üçün ona heç bir şərait yaratmayıb.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları jurnalisti Bakı hava limanında çatanda həbs edib. Jurnalist hazırda bu nazirliyin istintaq təcridxanasında saxlanılır.

“Türk rəsmiləri heç nədən çəkinmədən açıq-açığına Mirqədirovu səbəbsiz yerə tutaraq qanunsuz olaraq Azərbaycana göndərib. Törədilən bu utanmaz hərəkət və pozuntu araşdırılmalı və məsuliyyət daşıyan şəxslərdən bunun hesabı soruşulmalıdır”, deyə Denber bildirib.

Azərbaycan və Türkiyənin də imzaladığı Avropa İnsan Hüquqları Konvensiyasında qeyd olunur ki, qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, “qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla”, oradan çıxarıla bilməz və onun ölkədən çıxarılmaya qarşı minimal qorunma prosedur imkanları icra edilməlidir (maddə 1, 7 Saylı protokol). Bu imkanlara şəxsin özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək, öz işinə baxılmasını tələb etmək və bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və belə orqanların təyin etdiyi şəxs, yaxud şəxslər qarşısında təmsil olunmaq hüququ daxildir.

Bu qoruma prosedurlarının başlıca funksiyası şəxsin ölkədən çıxarılacağı təqdirdə insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınmasını təmin etməkdir. Bu, məsələn işgəncə və pis rəftarın, qanunsuz tutulmanın, məhkəmə hüququnun təmin edilməməsinin qadağan edilməsi kimi prosedurlara riayət olunmasını nəzərdə tutur. Eyni ilə, səmərəli hüquqi vasitələrin təmin olunması (maddə 13) onu nəzərdə tutur ki, zorla ölkədən çıxarılmaya məruz qalan hər bir şəxs, çıxarılma baş verməzdən əvvəl bu çıxarılma qərarını mübahisələndirsin ki, çıxarıldığı təqdirdə Avropa Konvensiyasının tələblərinə zidd olaraq real işgəncə və pis rəftara məruz qalma riski vardır.

Mirqədirovla bağlı məsələdə zəruri hüquqi proseslərin heç biri təmin olunmayıb və beləliklə son nəticədə jurnalistin deportasiya edilməsi Türkiyənin öz öhdəliklərini pozması ilə həyata keçirilib. Deportasiya edilməklə jurnalistin bir sıra hüquqları təhlükə altına qoyulub.

Məsələn, hökumətə qarşı fəaliyyət göstərdiyi səbəbi ilə həbs olunan şəxslərə qarşı işgəncə və pis rəftar, o cümlədən tez-tez istifadə olunan zor altında günahın boynuna alınması kimi hallar Azərbaycanda rast gəlinən hüquq pozuntularındadır.

Human Rights Watch təşkilatı bildirir ki, Mirqədirovun qanunsuz olaraq saxlanılması və Azərbaycana göndərilməsi ilə Türkiyə şəxsin göndərildiyi ölkədə işgəncə və ya pis rəftara məruz qalma ehtimali olduğu təqdirdə həmin ölkəyə göndərilməməsi üzrə olan öhdəliyi pozub. Türkiyənin bu riski öncədən qiymətləndirmək öhdəliyi var idi.

Mirqədirovun vəkilinin Human Rights Watch-a birdirdiyinə görə jurnalistə qarşı irəli sürülən casusluq ittihamı onun 2008-2009-cu illərdə Ermənistana, Gürcüstana və Türkiyəyə etdiyi səfərlər ilə əlaqədardır. Prokurorluq iddia edir ki, bu səfərlər zamanı jurnalist Ermənistanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq edərək onlara Azərbaycanın dövlət sirri hesab olunan hərbi vəziyyət və ictimai-siyasi durumla bağlı məlumat və foto materialları verib.

Vəkil qeyd edib ki, 21 aprel tarixli məhkəmədə prokuror jurnalistə qarşı sürülən ittihamları, həbs qətimkan tədbiri seçilməsi qərarını əsaslandırmaq üçün heç bir sübut və dəlil təqdim etməyib. Hakim vəkilin bu məsələlərlə bağlı verdiyi vəsatətlərin hamısını rədd edib.

Mirqədirov qeyd edir ki, ona qarşı olan bu ittihamların hamısı saxtadır və burada məqsəd digər jurnalist və hüquq müdafiəçilərini qorxu altında saxlamaqdır. Jurnalist bildirib ki, Ermənistan və digər ölkələrdə beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən müxtəlif konfranslarda iştirak edib və bu tədbirlərdə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edərək öz ölkəsinin maraqlarını müdafiə edib. Jurnalist vurğulayıb ki, onun bu tədbirlərdə iştirakı qanunauyğun olub.

Mirqədirovun həbsi Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində rotasiya üzrə sədrlik etməsinə bir neçə həftə qalmış baş verib. Avropanın bu mötəbər insan hüquqları qurumuna 2001-ci ildə qoşulandan sonra Azərbaycan üzərinə götürdüyü çoxlu sayda üzvlük öhdəliklərini yerinə yetirməyib.

Təkcə son ildə Azərbaycan hökuməti bütün mümkün səylərdən istifadə edərək tənqidçiləri susdurmaq məqsədi ilə çoxlu sayda siyasi fəalı, bloqeri və digərlərini saxta və siyasi motivli ittihamlarla həbsə atıb. Hazırda azı doqquz jurnalist və 4 Facebook fəalı müxtəlif saxta ittihamlarda günahlandırılaraq dəmir barmaqlıqlar arxasına salınb.

“Mirqədirovun həbsinin konteksti və təsadüf etdiyi dövr onu göstərir ki, ona qarşı sürülən ittihamlar siyasi motivlidir. Burada məqsəd onu tənqidçi baxışlarına görə cəzalandırmaq və eləcə də digər müxalif fikirli insanlara xəbərdarlıq mesajı göndərməkdir,” deyə Denber bildirib.

“Avropa Şurası və ona üzv dövlətlər Azərbaycan hökumətinə müraciət edərək jurnalistə qarşı sürülən ittihamların müstəqil şəkildə araşdırılması bitənədək onun həbsdən azad olunmasına çağırmalı və həm də Türkiyə və Azərbaycana insan hüquqları üzrə öhdəliklərinə əməl etmələri üçün təzyiq göstərməlidir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG