Accessibility links

Jurnalistin şikayəti təmin edilməyib


Rauf Mirqədirov
Rauf Mirqədirov

Noyabrın 28-də Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun həbs müddətinin 5 ay uzadılmasından verdiyi şikayəti təmin etməyib. Bu zaman məhkəmə müdafiə tərəfin bütün vəsatətlərini rədd edib.

Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi noyabrın 20-də jurnalistin həbs müddəti uzadılarkən təyin edilmiş vəkil Sabir Qədirovun məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb. Jurnalistin bu vəkildən imtina etməsinə və hakim Elman İsayevə etiraz etməsinə baxmayaraq, bu, protokolda əksini tapmayıb. Əksinə, heç bir etiraz olmadığı qeyd edilib.

Daha sonra vəkillər Elmar Süleymanov və Fuad Ağayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasından noyabrın 20-də, jurnalistin də orada olduğu bir vaxtda onların istintaq təcridxanasında olduğunu təsdiq edən qeydiyyat kitabının istənilməsi haqqında vəsatət qaldırıblar.

Bu zaman müstəntiq Ləmbəranski jurnalistə yalan söyləyərək, vəkillərə zəng etdiyini, amma onların cavab vermədiyini bildirib.

Məhkəmə həmçinin vəkillərin istintaq təcridxanasında olduğu vaxtı müəyyən etmək üçün video müşahidə kameralarından onların təcridxanaya giriş-çıxışı haqqında kadrların tələb edilməsi haqqında vəsatətini təmin etməyib.

Müdafiə tərəfi hesab edir ki, Mirqədirovun həbs müddətinin uzadılması haqqında təqdimat onların MTN və Baş Prokurorluğa noyabrın 19-da həbs müddətinin bitməsi haqqında teleqram göndərməsindən sonra geri tarixlə tərtib edilib.

Bununla əlaqədar olaraq, müdafiə tərəfi Baş Prokurorluqdan bu idarədən noyabrın 17-19-u tarixlərində gedən məktubların tarixi haqqında məlumatlar istənilməsi barədə vəsatət verib.

Müdafiə tərəfi həmçinin məhkəmədən mobil rabitə operatorlarından Ləmbəranskinin həqiqətən onlara zəng edib-etmədiyi haqqında məlumat istənilməsini xahiş edib.

Vəkillər ümumiyyətlə həbs müddətinin uzadılmasının qanunsuz hesab edilməsini xahiş ediblər. “Olmayan bir şeyi necə uzatmaq olar?”, deyə vəkil Fuad Ağayev bildirib.

Bütün vəsatətləri rədd edən hakim bütünlükdə şikayəti də təmin etməyib və jurnalisti həbsdə saxlayıb.

Xatırladaq ki, Mirqədirov Ermənistanın xeyrinə casusluqda ittiham olunur.

XS
SM
MD
LG