Accessibility links

Jurnalistin anası: Rauf tutulub, qolları qandallıdır, qəfəsdədir


Rəfiqə Mirəqdirova (Foto musavat.com saytından götürülüb)

Rəfiqə Mirəqdirova (Foto musavat.com saytından götürülüb)

İyulun 15-i “Zerkalo” qəzetinin həbsdə olan şərhçisi Rauf Mirqədirovun doğum günüdür. Jurnalistin anası Rəfiqə Mirqədirovanın oğlunun ad gününə təbrik əvəzi yazısını contact.az saytı dərc edib.

Yazını təqdim edirik:

“Bu gün oğlumun ad günüdür. Adətən ad günləri ailə üçün bayram sayılır. Bizim isə ürəyimiz sıxılır. Nə yatmaq olur, nə yemək yemək istəyirsən, gözlərin yol çəkir, fikirlərin qarışır. Ailədir, birinin bir yeri ağrıyanda hamının canı yanır. Elə bil hələdə qorxulu bir yuxunun içindəsən. Oyanmaq istəyirsən. Bacarmırsan. Qan-tər içində çabalayırsan. Olub keçənlər kino lenti kimi dəyişir: Rauf tutulub, qolları qandallıdır, qəfəsdədir.

Mənim ziyalı oğlum, əli qələm tutan oğlum, vətənini sevən oğlum. Yenə də bir söz demir. Şikayət etmir. Rauf tutulandan bəri dövlətini hörmətdən sala biləcək bir söz belə dilinə gətirməyib. Orada da vətəninin nüfuzunu qoruyur, müstəqilliyini düşünür. Raufdu bu! O dəyişmir.

Arıqlayıb, gözləri zəifləyib, təzyiqi oynayır, başının ağrısından yata bilmir. Mənim intellekti bir dünyaya sığmayan oğlum, indi bir otağa necə sığar axı.

Allah-taala heç bir Anaya mənim çəkdiklərimi çəkdirməsin. Heç bir ailəni belə bir dərdə salmasın! Heç bir Ataya belə bir müsibəti göstərməsin! Allah-taala övladlarımızı düşmənlərimizin fitnə-fəsadından, şərdən, iftiradan qorusun. Tanrı vətənimizi, dövlətimizi, müstəqilliyimizi qorusun. Rauf kimi peşəkar, istedadlı, əqidəli oğullarda öz intellektlərinin gücü ilə dövlətimizi daha da qüdrətli etsinlər”.

XS
SM
MD
LG